HÜQUQ SİYASƏTİ VƏ DÖVLƏT QURUCULUĞU KOMİTƏSİNDƏ

Komitə iclasları
05 dekabr 2016 | 05:12   
Paylaşın:        

Dekabrın 5-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin növbəti iclası keçirildi. Komitə sədri Əli Hüseynli nəzərə çatdırdı ki, gündəliyə 8 qanun layihəsi daxil edilib. Sənədlər qanunvericilik təşəbbüsü qaydasında ölkə Prezidenti tərəfindən parlamentə təqdim olunub. Layihələrdə nəzərdə tutulan düzəlişlər nəqliyyat infrastrukturunun daha səmərəli fəaliyyət göstərməsinə xidmət edəcək.
Qanun layihələri barədə Milli Məclis Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin əməkdaşı Eldar Əsgərov məlumat verdi. Qeyd edildi ki, təklif olunan düzəlişlər nəqliyyat sistemində idarəçiliyin təkmilləşdirilməsi, o cümlədən yollarda tıxacların aradan qaldırılması ilə əlaqədardır. Diqqətə çatdırıldı ki, “Yol hərəkəti haqqında” qanunun 1-ci maddəsində parklanma yeri ilə bağlı yeni bənd əlavə olunub. Əlavədə deyilir ki, bu, yaşayış məntəqələrinin hüdudlarında avtomobil yolunun hərəkət hissəsində nəqliyyat vasitələrinin durması üçün ayrılmış, işarələnmiş və təchiz edilmiş yerdir.
Parklanmanın təşkili qaydalarının göstərildiyi və yeni redaksiyada verilmiş 53-cü maddədə bildirilir ki, dövlət avtomobil yollarında parklanma yerləri müvafiq icra hakimiyyəti orqanlarının təklifləri əsasında müəyyən edilmiş siyahıya uyğun olaraq təşkil edilir. Parklanma yerləri 24 saat fəaliyyət göstərir. Parklanma yerlərinin 3 faizi əlillər üçün ayrılır. Operativ nəqliyyat vasitələri ödənişli parklanma yerlərindən pulsuz istifadə edirlər. Habelə qeyd edilir ki, bir parklanma müddəti 24 saatdan artıq ola bilməz. Nəqliyyat vasitəsi parklanma yerində 24 saatdan artıq saxlandıqda İnzibati Xətalar Məcəlləsinin 127-2.4-cü maddəsində nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında elektron protokol tərtib olunur, nəqliyyat vasitəsi duracağa aparılır və onun istifadəçisinə məlumat verilir.
Sonra məruzəçi bildirdi ki, İnzibati Xətalar Məcəlləsinə bəzi dəyişikliklər və  bir sıra zəruri əlavələr irəli sürülüb. Belə ki, 124.5-ci maddəyə əlavə olunan qeyd hissəsində deyilir ki, burada “yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallar” dedikdə dayanma qaydalarını pozmuş nəqliyyat vasitəsinin mühafizə olunan duracağa aparılmasının tıxac yaranmasına, digər nəqliyyat vasitələrinin və piyadaların hərəkətini mühüm dərəcədə məhdudlaşdırmasına səbəb olduğu hallar başa düşülür. Eyni zamanda, Məcəlləyə parklanma qaydalarının pozulması və buna görə tətbiq olunan cərimələrlə bağlı 346-1 maddəsi əlavə olunur.
İclasda yuxarıda adı çəkilən sənədlərə edilən digər dəyişikliklər, habelə Mülki Məcəlləyə, “Notariat haqqında” qanuna nəzərdə tutulan düzəlişlər barədə danışıldı.
 Müzakirələr zamanı millət vəkilləri Çingiz Qənizadə, Rafael Cəbrayılov, Məlahət İbrahimqızı, Fəzail Ağamalı, Vüsal Hüseynov, Elşən Musayev nəqliyyat sahəsində mövcud vəziyyət, bəzi çatışmazlıqlar barədə fikirlərini söylədilər. Bildirildi ki, təklif olunan düzəlişlər bu istiqamətdə qanunvericiliyin təkmilləşdirilməsi, boşluqların aradan qaldırılıması baxımından vacibdir.
Tədbirdə iştirak edən Baş Dövlət Yol Polisi İdarəsinin və Bakı Nəqliyyat Agentliyinin nümayəndələri öz çıxışlarında qanunvericiliyə edilən dəyişikliklərin nəqliyyat sisteminin, o cümlədən yol hərəkəti qaydalarının tənzimlənməsində əhəmiyyətli olduğunu  söylədilər.
Sonda gündəliyə daxil edilən qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olundu.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU