Milli Məclisin iclasında Şuşanın işğalının 20 illiyi ilə bağlı müraciət qəbul olundu
Mayın 1-də Milli Məclisin növbəti iclası keçirildi. İclası Milli Məclisin Sədri Oqtay Əsədov aparırdı.
Cari məsələlərin müzakirəsi zamanı deputatlar son zamanlar Almaniyanın bəzi mətbu orqanlarının Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirməsini və “Eurovizion” mahnı müsabiqəsi ərəfəsində ölkəmizdə qarışıqlıq yaratmaq istəyən qüvvələrin hərəkətlərini pislədilər.
Bildirildi ki, bəzi mətbu orqanlar Azərbaycanla Almaniya dövləti arasında əlaqələrin zəiflədiyi barədə yanlış məlumat yayırlar. Almaniyada “Yaşıllar fraksiyası” Azərbaycan ilə bağlı qeyri-dəqiq mövqe nümayiş etdirir. Belə yazılara və bu cür məsələlərə xüsusi fikir vermək lazımdır.
Müzakirələrin sonunda Milli Məclisin Sədri Oqtay Əsədov diqqətə çatdırdı ki, Azərbaycan ilə Almaniya arasında münasibətlər yüksək səviyyədədir və “Yaşıllar” fraksiyasının 16 deputatı Bundestaq demək deyildir. Spiker Milli Məclisin Almaniya Bundestaqı ilə parlamentlərarası işçi qrupuna sözügedən məsələ ilə bağlı iş aparmaq barədə konkret tapşırıq verdi.
Sonra iclasda Şuşa şəhərinin işğalının 20 illiyi ilə bağlı məsələ geniş müzakirə olundu.
Milli Məclis sədrinin müavini Bahar Muradova bildirdi ki, mən bununla bağlı siyasətçi kimi deyil, hüquqları pozulmuş, öz ev-eşiyini itirmiş məcburi köçkün kimi danışmaq istəyirəm. Çıxışımı diplomatik qaydalara uyğun şəkildə qurmayacağam. Çünki mən hər şeydən əvvəl bir Azərbaycan vətəndaşıyam, məcburi köçkünəm. Bu məsələdə mənim də hüquqlarım pozulub və 20 ildir Şuşasız, Qarabağsız yaşamaq çox çətindir. Bu məsələ ilə bağlı 20 ildir beynəlxalq təşkilatlarla diplomatik qaydada danışıqlar aparılır, amma çox təəssüf ki, heç bir tərəfdən adekvat münasibət görmürük. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə yanaşmada ikili standartlar var.
Şuşanın işğalı faktına dünya birliyinin laqeyd münasibətini pisləyən vitse-spiker ermənilərin qədim Azərbaycan şəhərində bayram təntənələrinin onu ağrıtdığını xüsusi vurğuladı. O, bildirdi ki, bu gün bir millət olaraq erməniləri cinayətkar adlandırmaq istəməzdim. Amma ölkənin rəhbərliyində uşaq və qadın qatilləri durursa, başqa söz də deyə bilmirəm. Biz Şuşanın işğalının 20 illiyini qeyd edərkən, Ermənistan rəhbərliyi Şuşada bayram keçirməyə hazırlaşır. Onlar Şuşanın işğal edilməsinin 20 illiyini qeyd etmək istəyirlər. Onlar bizim soydaşlarımızı oradan didərgin salmalarını bayram edirlər. Beynəlxalq aləm bu rəzalətə münasibət bildirməlidir.
Bahar Muradova diqqətə çatdırdı ki, “Eurovision”la bağlı Azərbaycanın əleyhinə çıxış edən beynəlxalq qüvvələrə və güclərə müraciət etmək istəyirəm. Mən Azərbaycanda bu çağırışlara cavab verənlərə üzümü tutmaq istəyirəm. Onların içərisində qarabağlılar da var. Dövlətimizi, millətimizi müdafiə etmək lazımdır. Gücümüzü erməni lobbisinə qarşı birləşdirmək lazımdır. Beynəlxalq təşkilatlar yeni qərar və qətnamələr qəbul etməlidirlər.
Sonra vitse-spiker Şuşanın işğalının 20 illiyi ilə bağlı beynəlxalq təşkilatlara müraciət ünvanlamağı təklif etdi.
Bu çıxışa münasibət bildirən spiker Oqtay Əsədov diqqətə çatdırdı ki, əksər beynəlxalq təşkilatlar və BMT-nin Təhlükəsizlik Şurası, parlament assambleyaları Azərbaycanın işğal olumuş əraziləri ilə bağlı sənədlər qəbul ediblər. Onlar öz sənədlərinə hörmətlə yanaşmırlarsa, onlara əməl etmirlərsə, yeni qərar və qətnamələrin qəbul olunmasına heç bir ehtiyac yoxdur. Artıq bu, ikili standartları göstərir.
Müzakirələr zamanı deputatlar çıxış edərək bildirdilər ki, Şuşa Azərbaycanın nadir mədəniyyət mərkəzlərindən biridir. Təbii gözəllikləri ilə seçilən bu şəhər milli memarlığımızın və orta əsrlər şəhərsalma sənətinin qiymətli abidəsidir. Milli mənəvi dəyərlərimizi və musiqi ənənələrimizi daim yaşadan Şuşa mühüm iqtisadi, siyasi və mədəni əhəmiyyətə malik şəhər kimi təşəkkül tapanadək zəngin yol keçmiş, Qarabağ xanlığının mərkəzi olmaqla xalqımızın həyatında özünəməxsus rol oynamışdır. Qeyd olundu ki, 1977-ci ildə ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə “Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında” qərar qəbul edilmişdir. 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyinin bərpası haqqında müvafiq sənədlər qəbul edən Azərbaycan Respublikası Dağlıq Qarabağ münaqişəsi nəticəsində Ermənistanın təcavüzkar etnik təmizləmə siyasəti ilə üz-üzə qalmışdır. Ermənistan silahlı qüvvələri 1992-ci il mayın 8-də Şuşa şəhərini işğal etmişlər. Şuşanın müdafiəsi uğrunda gedən döyüşlərdə yüzlərlə soydaşımız şəhid olmuş, yaralanmış, əsir düşmüş və girov götürülmüşdür. Erməni vandalları işğal vaxtı minlərlə eksponatın olduğu muzeyləri talan etmiş, yüzlərlə tarix-mədəniyyət abidəsini dağıtmış, məbədgah və məscidləri təhqirlərə məruz qoymuş, çox sayda nadir əlyazma nümunələrini məhv etmiş, təhsil və səhiyyə ocaqlarını xarabazara döndərmişlər.
İclasda Azərbaycan Respublikasının ərazisində və ölkəmizin hüdudlarından kənarda Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının iyirminci ildönümü ilə əlaqədar anım mərasimlərinin keçirilməsi ilə bağlı Prezident İlham Əliyevin müvafiq Sərəncamının əhəmiyyəti xüsusi vurğulandı. Müzakirələrin sonunda Parlament sədrinin müavini Bahar Muradova Milli Məclisin Avropa Parlamentinə, Avropa Şurası Parlament Assambleyasına və dünya parlamentlərinə müraciətini oxudu və sənəd səsə qoyularaq qəbul edildi.
Sonra iclasda gündəlikdəki qanun layihələri müzakirə olundu.
Əvvəlcə “Əhalinin sağlamlığının qorunması haqqında”, “Mühasibat uçotu haqqında” qanunlara, eləcə də Mülki Prosessual Məcəlləyə və Vergi Məcəlləsinə dəyişikliklər edildi.
Daha sonra “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” qanun layihəsi müzakirə olundu.
Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rəfael Cəbrayılov bildirdi ki, bu qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəninin 13-cü bəndinə uyğun olaraq əqli mülkiyyət hüquqlarının müdafiəsini təmin edəcək, əqli mülkiyyət hüquqları sahiblərinin maraqlarının qorunması və bu sahədə hüquqpozmaların, o cümlədən müvafiq əqli mülkiyyət obyektlərinin nüsxələrinin qeyri-qanuni istehsalının və yayılmasının qarşısını alacaqdır.
Qanun layihəsində əsas anlayışlarla yanaşı, əqli mülkiyyət hüquqlarının mülki hüquqi müdafiəsini təmin edən prosedurlar, sübutlar, informasiya hüququ, bu qanunun tətbiq sahəsi, müəlliflik hüququ, əlaqəli hüquqlar və başqa müddəalar əksini tapmışdır.
Müzakirələrdən sonra 4 fəsil, 17 maddədən ibarət olan qanun layihəsi birinci oxunuşda səsə qoyularaq qəbul edildi.
Bununla da Milli Məclisin iclası başa çatdı.
Milli Məclisin
Mətbuat xidməti