BÜDCƏ ZƏRFİNDƏKİ QANUN LAYİHƏLƏRİNİN MÜZAKİRƏSİNƏ BAŞLANDI

Tədbirlər
07 dekabr 2016 | 07:12   
Paylaşın:        

Dekabrın 6-da Milli Məclisin plenar iclasında baş nazir Artur Rasizadənin və hökumət üzvlərinin iştirakı ilə ölkəmizin 2017-ci il dövlət büdcəsinə dair büdcə zərfindəki qanun layihələrinin müzakirəsinə başlandı. İclasa parlamentin Spikeri Oqtay Əsədov sədrlik edirdi.
Gündəlik təsdiqləndikdən sonra Milli Məclisin Sədri Oqtay Əsədov giriş nitqi söylədi. Bildirdi ki, dünyanın əksər ölkələrinin iqtisadiyyatında inkişaf templərinin zəifləməsi, makroiqtisadi göstəricilərin pisləşməsi Azərbaycan iqtisadiyyatına da öz təsirini göstərib. Ötən dövrdə dünya bazarında xam neftin qiymətlərində kəskin dəyişikliklər müşahidə edilməsi, neftin qiymətinin 3 dəfədən çox aşağı düşməsi nəticəsində ölkəmizin valyuta gəlirləri gözlənildiyindən az olub və Mərkəzi Bankın monetar siyasətində müvafiq düzəlişlər edilməsi zərurəti yaranıb.
Spiker vurğuladı ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası bu proseslərin ölkəmizə mənfi təsirini mümkün qədər azaltmağa imkan verib. Mövcud problemlərə baxmayaraq, Azərbaycan iqtisadiyyatı öz dayanıqlığını qoruyub saxlayıb. Parlamentə təqdim edilmiş büdcə zərfinin sənədlərindən də görünür ki, 2017-ci il və növbəti 3 il ərzində  ölkə iqtisadiyyatında real iqtisadi artım proqnozlaşdırılır. Bu artımın əsas amili iqtisadiyyatın neftdən asılılığını tədricən zəiflətmək yolu ilə qeyri-neft sektorunun daha da inkişaf etdirilməsi olacaqdır. 
Müzakirəyə çıxarılan sənədlərə istinadən Oqtay Əsədov diqqətə çatdırdı ki, 2017-ci ilin dövlət büdcəsinin gəlir və xərclərində cari illə müqayisədə azalma baş versə də, əvvəlki illərdə olduğu kimi, büdcənin sosial yönümlülüyü saxlanılır. Gələn il büdcənin sosial müdafiə və ona bərabər tutulan məqsədlər üçün ayrılan, habelə məqsədli dövlət proqramlarına yönəldilən vəsaitləri istisna olmaqla, digər xərclərində ixtisar nəzərdə tutulur. Bununla bərabər, ölkənin müdafiə qüdrətinin və milli təhlükəsizliyinin gücləndirilməsi üçün büdcədən lazımi qədər vəsait ayrılmışdır.
Milli Məclisin Sədri onu da qeyd etdi ki, 2017-ci ilin dövlət büdcəsində əsas məqamlardan biri Vergilər Nazirliyinin xətti ilə qeyri-neft sektorundan daxilolmaların artması və Dövlət Neft Fondundan transfertin 1,5 milyard manat azaldılaraq, 6,1 milyard manat proqnozlaşdırılmasıdır. Bu siyasət yaxın perspektivdə də davam etdiriləcək.   
Oqtay Əsədov plenar iclaslarda aparılacaq büdcə müzakirələrinin səmərəli olacağına inam ifadə etdi. 
Sonra iclasda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə çıxış etdi. Bildirdi ki, dünyada baş verən qlobal sarsıntıların Azərbaycana təsiri şəraitində dövlətimiz milli mənafelərin qorunmasına yönələn iqtisadi siyasət aparır, xarici risklərin təzyiqini minimuma endirmək üçün  sistemli təşkilati, iqtisadi tədbirlər görür.
2017-ci il dövlət büdcəsinin layihəsini və büdcə zərfinə daxil olan digər sənədləri yüksək dəyərləndirən komitə sədri ölkənin ali maliyyə sənədinin büdcə sistemi haqqında qanunun tələblərinə uyğun hazırlandığını qeyd etdi. Bildirdi ki, son illər büdcə sənədlərinin təkmilləşməsi istiqamətində xeyli işlər görülüb. Nəticədə Azərbaycanın dinamik inkişafında dövlət büdcəsinin rolu artıb, bir sıra irimiqyaslı, dünya əhəmiyyətli sosial-iqtisadi proqramlar həyata keçirilib. Azərbaycanın apardığı büdcə siyasəti bütövlükdə beynəlxalq təşkilatlar tərəfindən müsbət qarşılanıb.
Ziyad Səmədzadə büdcə sənədlərində əksini tapan konkret göstəricilərə istinadən fikirlərini açıqladı. Çətinliklərə baxmayaraq, ölkəmizdə müasir texnologiyaların geniş tətbiqindən, yeni yaradılmış sənaye obyektlərindən, məktəb və xəstəxana tikintisindən, vergi islahatlarından, Sahibkarlığa Kömək Fondunun fəaliyyətindən, aqrar sektor siyasətindən, şəffaflıq və  etibarlı partnyorluq prinsiplərindən istifadə edərək görülən digər işlərdən, Azərbaycanın potensial imkanlarından danışdı. Bu istiqamətlərin gələn il də davam etdiriləcəyini bildirdi.
Milli Məclisdə “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” qanun layihəsini maliyyə naziri Samir Şərifov təqdim etdi. Bildirdi ki, 2017-ci ilin büdcə sənədlərinin hazırlanması əlamətdar dövrə – Azərbaycanın müstəqilliyinin 25-ci ildönümünə təsadüf edib. Ölkəmizin bu qısa zaman kəsiyində keçdiyi inkişaf yolundan söz açan nazir qazanılan nailiyyətlərdə Ümummilli lider Heydər Əliyevin müstəsna rolundan danışdı.
Samir Şərifov qeyd etdi ki, büdcə zərfinə daxil olan sənədlər, 2017-ci il üçün dövlət və icmal büdcə layihələri, həmçinin sonrakı 3 il üçün icmal büdcənin göstəriciləri qlobal iqtisadiyyatdakı başlıca meyllər və çağırışlar nəzərə alınmaqla hazırlanıb. Makroiqtisadi sabitliyə nail olunması və daxili bazarın qorunması əsas hədəf kimi götürülüb. Struktur islahatlarının sürətləndirilməsi, neftin qiymətinin aşağı olması şəraitində pul siyasətinin sərtləşdirilməsi, iqtisadiyyatın şaxələnməsi, qeyri-neft ixracının artırılması və digər məsələlər mühüm vəzifələr kimi qarşıya qoyulub.
Maliyyə naziri bildirdi ki, artımlar da nəzərə alınmaqla gələn il dövlət büdcəsinin gəlirləri 16 milyard 255 milyon manat, xərcləri 16 milyard 900 milyon manat təşkil edəcək. 2016-cı illə müqayisədə 2017-ci ildə gəlirlər 3,4 faiz, xərclər isə 8,6 faiz az olacaq. Mütləq ifadədə bu, gəlirlərin 567 milyon manat, xərclərin isə 1 milyard 595 milyon manat azalması deməkdir.
Neft sektorundan daxilolmalar üzrə azalmanın proqnozları fonunda dövlət büdcəsi gəlirlərinin 8,3 milyard manatı və ya 51,2 faizi qeyri-neft sektorunun payına düşəcək ki, bu da cari illə müqayisədə 718 milyon manat və ya 9,5 faiz çoxdur. Bildirildi ki, neftdən asılılığın azaldılması, qeyri-neft sektorunun dinamik inkişafı siyasəti qarşıdakı illərdə də davam etdiriləcək. Vergi islahatlarının genişləndirilməsi, gömrük tariflərində daha azpilləli sistemə keçid, nağdsız əməliyyatların stimullaşdırılması da əsas vəzifələr kimi qarşıda durur.
2017-ci ildə dövlət büdcəsi gəlirlərinin mənbəyini parlamentə açıqlayan S.Şərifov bildirdi ki, proqnozun 7 milyard 510 milyon manatı Vergilər Nazirliyinin, 2 milyard 200 milyon manatı Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 6 milyard 100 milyon manatı Dövlət Neft Fondundan transfertlərin payına düşür.   
Bildirildi ki, gələn il dövlət büdcəsi xərclərinin 35 faizi konkret proqram və tədbirlərin maliyyələşdirilməsinə sərf olunacaq. Sosial yönümlü xərclərin xüsusi çəkisi 6,2 faiz artaraq 40,7 faizə çatacaq. Ümumtəhsil məktəblərində müəllimlərin əməkhaqlarının əhəmiyyətli dərəcədə artırılması üçün diaqnostik qiymətləndirmə davam etdiriləcək. Qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi, məskunlaşma və yaşayış şəraitinin yaxşılaşdırılması məsələsi diqqət mərkəzində olacaq. Sosial mənzillər və güzəştli ipoteka proqramının tətbiqi üçün 100 milyon manat nəzərdə tutulub. Növbəti ildə ölkənin müdafiə xərcləri büdcə xərclərinin 16,4 faizini təşkil edəcək. Bu, cari illə müqayisədə 77 milyon manat çoxdur.
İcmal büdcənin tərkib hissəsi olan Naxçıvan MR büdcəsinin gəlir və xərclərində 0,8 faiz azalma müşahidə ediləcək. Bu rəqəm mütləq ifadədə gəlir və xərclər  bərabər olmaqla 348 milyon 400 min manat təşkil edəcək.
Sonra Milli Məclisdə iqtisadiyyat naziri Şahin Mustafayev çıxış etdi. Dünyada baş verən mürəkkəb geosiyasi və iqtisadi proseslər, xam neftin qiymətinin kəskin ucuzlaşması, əsas ticarət tərəfdaşlarımızın milli valyutalarının devalvasiyası fonunda Azərbaycan iqtisadiyyatının qarşılaşdığı çətinliklərdən söz açan nazir bildirdi ki, hazırda ölkədə yeni iqtisadi şəraitə adaptasiya və iqtisadiyyatın strukturunun yenidən balanslaşdırılması prosesi davam etdirilir. Bütün bu amillər nəzərə alınaraq gələn ilin büdcəsində neftin bir barreli 40 ABŞ dolları məbləğində qiymətləndirilib. Milli iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması və biznes mühitinin yaxşılaşdırılması nəzərdə tutulur.
Növbəti ildə də sosial siyasət prioritet olaraq qalacaq. Əhalinin məşğulluğunun təmin edilməsi üçün işsizlikdən icbari sığorta sistemi yaradılacaq. Aktiv əmək bazarı proqramları genişləndiriləcək. Cari ildən investisiya təşviqi mexanizminin tətbiqi ilə sahibkarlara 70 investisiya təşviqi sənədi verilib ki, nəticədə yerli istehsala 900 milyon manatdan çox investisiya yatırılacaq və 6 mindən çox iş yeri açılacaq.
Xidmətlər sektorunda artım 2017-ci ildə 2,2 faiz, növbəti illərdə orta hesabla 2,3 faiz proqnozlaşdırılır. Ölkəmizdə turizmin inkişafı qarşıdakı 4 ildə 7,4 faiz artacaq. İnformasiya cəmiyyətinin inkişafına dair 2016-2020-ci illər üçün Dövlət Proqramı informasiya və rabitə sektorunda yeni imkanlar yaradacaq. Bu sektorda gələn il 6,7 faiz, növbəti illərdə isə 5 faizdən yuxarı artım gözlənilir.
İqtisadiyyat naziri məlumat verdi ki, qeyri-neft sektorunun aparıcı sahələrindən olan aqrar sektor üzrə gələn il 4,9 faiz, növbəti 3 ildə isə orta hesabla 4,7 faiz artım gözlənilir. Baramaçılıq, çayçılıq, ipəkçilik, pambıqçılıq, tütünçülük və s. kimi ənənəvi sahələri inkişaf etdirmək məqsədilə 13 proqram hazırlanır. Həmin sahələrin hər biri  əməktutumlu olduğuna görə qarşıdakı illərdə məşğulluq probleminin həllinə öz töhfəsini verəcək. 
Şahin Mustafayev vurğuladı ki, son illərdə ölkə sənayesi yeni inkişaf mərhələsinə qədəm qoyub. Sumqayıt, Pirallahı, Balaxanı, Qaradağ və Mingəçevirdə yaradılmış sənaye parkları və məhəllələri qeyri-neft sənayesinin davamlı inkişafı üçün ciddi zəmin yaradıb.
Parlamentdə 2017-ci il dövlət büdcəsi haqqında fikirlərini bölüşən Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov 2008-ci ildən başlayan qlobal böhranın 2014-cü ilin ikinci yarısından etibarən daha ağır mərhələyə qədəm qoyduğunu dedi. Dünyadakı geosiyasi gərginliyin iqtisadi proseslərə təsiri fonunda Mərkəzi Bankın yürütdüyü siyasətdən və həyata keçirilən makroiqtisadi korreksiya tədbirlərindən danışdı. Bildirdi ki, maliyyə sabitliyinə nail olmaq üçün 2017-ci ildə də sərt pul-kredit siyasəti davam edəcək, ciddi fiskal və monetar intizam siyasəti yürüdüləcək.
Sonra Hesablama Palatasının sədri Vüqar Gülməmmədov başçılıq etdiyi qurumun büdcə zərfinə dair rəyini parlamentin diqqətinə çatdırdı. Bildirdi ki, müzakirə olunan qanun layihəsi “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə və həmin qanunla təsbit edilmiş digər tələblərə uyğundur.
Büdcə sisteminə yeni baxışın tətbiqini zəruri sayan Palata sədri qeyd etdi ki, dövlətin iqtisadiyyatda rolunun artması dövlət büdcəsi xərclərinin optimal idarəedilməsi məsələsini daha da aktuallaşdırır. Yeni şəraitdə atılacaq addımlar iki əsas istiqaməti – xərclərin qənaətli və səmərəli istifadəsini, gəlirlərin mobilizasiyasını və artırılmasını əhatə edir. Maliyyə resurslarının axını məhdudlaşdığına görə, indi gəlirlərin artırılması istiqamətində islahatlar obyektiv zərurətə çevrilib. Vergi inzibatçılığının gücləndirilməsi vacibliyi önə çıxıb.
Hesablama Palatası təqdim olunmuş büdcə zərfində dövlət borcunun idarə olunması üzrə orta və uzun müddətli strategiyanın hazırlanması tələbini təqdirəlayiq hal kimi qiymətləndirir.
  Fasilədən sonra büdcə layihəsinin geniş müzakirələri başlandı. Deputatlar Fərəc Quliyev, Qüdrət Həsənquliyev, Fəzail Ağamalı, Astan Şahverdiyev, Qənirə Paşayeva, Eldar İbrahimov, Fazil Mustafa, Zahid Oruc, Vahid Əhmədov, Azər Badamov, Əli Məsimli, Rafael Cəbrayılov, Şahin  İsmayılov rəy və təkliflərini bildirdilər.
Milli Məclis sabah “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsini davam etdirəcək.

Milli Məclisin
Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU