PARLAMENTDƏ BÜDCƏ MÜZAKİRƏLƏRİ DAVAM EDİR

Tədbirlər
08 dekabr 2016 | 09:12   
Paylaşın:        

Dekabrın 7-də Milli Məclisin Spikeri Oqtay Əsədovun sədrliyi ilə  parlament “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsini davam etdirdi.
İclasda 98 il öncə – 7 dekabr 1918-ci ildə Şərqdə ilk parlament olan Azərbaycan Parlamentinin ilk iclasının açılışı münasibətilə Milli Məclisin rəhbərliyinə və deputatlara təbriklər ünvanlandı.
Gündəlikdəki məsələ ətrafında çıxış edən deputatlar Jalə Əliyeva, Tahir Rzayev, Musa Quliyev, Yevda Abramov, Məlahət İbrahimqızı, Aqiyə Naxçıvanlı, Elmira Axundova, Ağalar Vəliyev, Tahir Mirkişili, Elçin Quliyev, Əhliman Əmiraslanov, Çingiz Qənizadə, Siyavuş Novruzov, Əflatun Amaşov 2017-ci ilin büdcəsini yüksək dəyərləndirdilər. Layihə mükəmməl sənəd adlandırıldı. Qeyd olundu ki, gələn ilin dövlət büdcəsi mövcud reallıqlar, neft gəlirlərinin azalması, dünyada dərinləşən maliyyə-iqtisadi böhranın təsirləri nəzərə alınmaqla tərtib olunmuş yığcam büdcədir. Peşəkarlıqla hazırlanmış bu maliyyə sənədi  növbəti ildə iqtisadiyyatın inkişafına və sosial müdafiənin təmin edilməsinə, eyni zamanda ölkənin müdafiə qüdrətini artırmağa, beynəlxalq aləmdə Azərbaycanın müsbət imicini daha da möhkəmləndirməyə imkan verəcək. Büdcənin sosial yönümlülüyü sayəsində hər bir ailə dövlət qayğısı ilə əhatə olunacaq. 
Müzakirə zamanı 2017-ci ilin büdcə zərfinə daxil olan sənədləri yüksək səviyyədə hazırlamağa nail olmuş Maliyyə Nazirliyinin peşəkar kollektivinə minnətdarlıq ünvanlandı. Eyni zamanda “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə dair Hesablama Palatasının Milli Məclisə təqdim etdiyi rəy elmi əsaslara və ciddi analizə söykənən rəy kimi yüksək dəyərləndirildi.
Səslənən təkliflərdə icbari tibbi sığortanın tətbiqinə başlanması vacibliyi, ünvanlı sosial yardımdan imtina olunaraq həmin məqsəd üçün ayrılmış vəsaitin pensiyalara, əlil və uşaq müavinətlərinə əlavə edilməsi, kiçik və orta sahibkarlığın inkişafı üçün daha münbit şəraitin yaradılması, gender bərabərliyinin təmin edilməsi istiqamətində davamlı addımların atılması, qaçqın və məcburi köçkünlərin kommunal xərcləri  üçün nəzərdə tutulmuş güzəştlərin müavinətlərlə əvəzlənməsi, KİV-lərin inkişafına dövlətin maliyyə dəstəyinin artırılması və digər mühüm məqamlar önə çəkildi.
Fasilədən sonra iclasda deputatlar Eldar Quliyev, Gövhər Baxşəliyeva, Elman Nəsirov, İqbal Məmmədov, Səməd Seyidov, Sevinc Hüseynova, Elşən Musayev, İlham Məmmədov, Mirzəcan Xəlilov, Rauf Əliyev çıxış etdilər.
Qeyd olundu ki, Azərbaycan Prezidentinin yürütdüyü çevik və uzaqgörən siyasət nəticəsində ölkədə qeyri-neft sektoru inkişaf etdirilir, əsaslı iqtisadi islahatlar aparılır. Azərbaycanın qlobal dünya sistemində mövqeyi durmadan möhkəmlənir. Dünyanı bürüyən siyasi və hərbi böhranın genişləndiyi mürəkkəb zamanda uğurlu dövlət siyasəti Azərbaycanı inkişaf fenomeninə çevirib. Antiböhran xarakterli tədbirlər paketi müsbət nəticələr verməkdədir. Son illərdə müasir texnologiyalarla təchiz edilmiş sənaye və aqrar müəssisələr yaradılıb, çoxsaylı iş yerləri açılıb. Bütün bunlar büdcəyə əlavə vəsaitin cəlb edilməsi və mövcud potensialın getdikcə genişlənməsi deməkdir.
Vurğulandı ki, 2017-ci ildə Azərbaycanda 61,4 milyard manat həcmində ÜDM istehsalı gözlənilir ki, bu da cari illə müqayisədə xeyli çoxdur. ÜDM-in artımı gələn il 1 faiz, 2020-ci ilədək 2,4 faiz proqnozlaşdırılır. Bu göstəricilər ölkədə makroiqtisadi sabitliyin  təmin olunmasına xidmət edəcək.
Seçicilərinin qayğılarını önə çəkən deputatlar ölkədə insan kapitalından səmərəli istifadə edilməsi, ixrac və rəqabət imkanlarının genişləndirilməsi, xüsusilə gənclər arasında işsizliyin qarşısının alınması, elmi potensialın qorunması, elmin inkişafına  diqqətin və maliyyənin artırılması kimi bir sıra mühüm məsələləri hökumətin diqqətinə çatdırdılar. 
Milli Məclis Sədrinin müavini Bahar Muradova dedi ki, Azərbaycanın müdafiə qabiliyyətinin artırılması gələn ilin büdcəsində də əsas prioritet kimi qarşıya qoyulub. 2017-ci il dövlət büdcəsi xərclərinin 24 faizi milli təhlükəsizliyin, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi və maddi-texniki bazasının  möhkəmləndirilməsi, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarının saxlanılmasına ayrılıb. Həmin məbləğ cari illə müqayisədə 2,1 faiz çoxdur.
Qaçqın və məcburi köçkünlərə dövlət qayğısından söz açan vitse-spiker bu yaxınlarda Füzuli rayonu ərazisində istifadəyə verilən 400 evdən ibarət şəhərcik barədə də danışdı. Bildirdi ki, həyata keçirilən tədbirlər sayəsində Azərbaycan hazırda qaçqın, köçkün və miqrasiya problemi yaşayan bütün dünyaya çox ciddi bir nümunə kimi göstərilir.
Sonra iclasda Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov parlamentə bu sahədə görülən işlər barədə ətraflı məlumat verdi.
İclasda təhsil naziri Mikayıl Cabbarov və iqtisadiyyat naziri Şahin Mustafayev deputatları narahat edən bir sıra məsələlərə aydınlıq gətirdilər, təkliflərə münasibət bildirdilər.
Yekunda maliyyə naziri Samir Şərifov parlamentdə aparılan səmərəli müzakirələrə, aktual məsələlərə dair çoxsaylı təkliflərə görə Milli Məclisin rəhbərliyinə və üzvlərinə təşəkkür etdi. Bildirdi ki, Milli Məclisdə səslənmiş bütün təkliflər hökumət tərəfindən öyrəniləcək, büdcə layihəsində nəzərə alınması imkanları təhlil ediləcək və parlamentin növbəti iclasında bu barədə deputatlara məlumat veriləcək. 
Milli Məclisin Sədri Oqtay Əsədov komitələrdə və plenar iclaslarda aparılan müzakirələrdə ümumən 70-dən çox  deputatın  2017-ci ilin dövlət büdcəsinə dair fikirlərini açıqladığını və təkliflərini diqqətə çatdırdığını qeyd etdi.
Parlamentdə qaldırılmış məsələlərə münasibət bildirilməsi üçün hökumətə on gün vaxt verildi.

 

Milli Məclisin
Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU