MİLLİ MƏSLİSDƏ DÖVLƏT BÜDCƏSİ ZƏRFİNƏ DAXİL OLAN SƏNƏDLƏRİN MÜZAKİRƏSİ BAŞA ÇATDI
Dekabrın 8-də Milli Məclisin plenar iclasında Azərbaycan Respublikasının 2017-ci il üçün dövlət büdcəsi zərfinə daxil olan sənədlər müzakirəyə çıxarıldı.
Milli Məclisin Sədri Oqtay Əsədov bildirdi ki, iclasda “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2017-ci il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2017-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələrinə, Milli Məclisin və Hesablama Palatasının 2017-ci il üçün xərclər smetalarına baxılacaq.
“Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi haqqında” qanun layihəsi barədə məlumat verən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirdi ki, Dövlət Sosial Müdafiə Fondunun büdcədən asılılığı ilbəil azalır. Belə ki, 2012-ci ildə büdcədən transfert 42 faiz idisə, 2017-ci ildə bu 37,4 faizdir.
Komitə sədri diqqətə çatdırdı ki, artıq pensiyalarla bağlı hüquqi bazanın dünya təcrübəsinə uyğun olaraq hazırlanması prosesi gedir. DSMF-nin 2017-ci ildə gəlirləri 3,4 mlrd. manat təşkil edəcək ki, bu da 2016-ci illə müqayisədə 100 mln. manat çoxdur. Artım əsasən dövlət sosial sığorta haqlarının artımı hesabına nəzərdə tutulub. Xərclərin 95%-ni əmək pensiyalarının ödənişi təşkil edəcək. Bu da 2016-ci illə müqayisədə 7,7 faiz çoxdur.
Hadi Rəcəbli qeyd etdi ki, ölkədə orta yaş həddinin artması ilə əlaqədar olaraq pensiya alanların 1 mln. 320 min nəfər olacağı gözlənilir. Buna baxmayaraq orta aylıq pensiya 8 faiz artırılaraq 203 manata çatdırılacaq.
İclasda çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirdi ki, hazırda Azərbaycan Prezidentinin ölkənin sosial müdafiə sistemi qarşısında qoyduğu əsas vəzifələr əhatəliliyin maksimum dərəcədə artırılması, səmərəliliyin yüksəldilməsi, ünvanlılığın və şəffaflığın tam təmin olunmasıdır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu vəzifələrin yerinə yetirilməsi üçün çox ciddi tədbirlər görməkdədir. Belə ki, Dünya Bankı mütəxəssislərinin hesablamalarına görə, hazırda ölkənin sosial müdafiə sistemi geniş əhatəliliyə malikdir və yoxsulluğun azaldılmasında mühüm rol oynamaqla yanaşı, yoxsul sayıla biləcək əhalinin 90,1 faizini əhatə edir. Bu sistem vasitəsilə ödənilən pensiyalar, müavinətlər və sosial yardımlar həmin əhali təbəqəsinin gəlirlərinin artırılmasında mühüm rol oynayır.
Nazir məlumat verdi ki, hazırda ölkədə sosial müdafiə sistemi vasitəsilə 1 milyon 312 min nəfər əmək pensiyası, 506 min nəfər müxtəlif növ müavinətlər, 162 min ailənin 707 min nəfər üzvü isə ünvanlı sosial yardım alır. Bu insanlara hər ay 316 milyon manat vəsait ödənilir.
Nazir məlumat verdi ki, gələn il Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin gəlir və xərcləri 3 mlrd. 400 mln. manat proqnozlaşdırılıb. 2017-ci ilin büdcə xərclərində proqnozlaşdırılan 248 mln. manat artımın 229 mln. manatı əmək pensiyası üzrə xərclərə, 5,6 mln. manat məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlərə, 13,4 mln. manat isə digər xərclərə artım olaraq əlavə ediləcək. Növbəti ildə əhaliyə ödənişlər fondun xərclərinin 97,6 faizi səviyyəsində və ya 3 mlrd. 318 mln. manat proqnozlaşdırılır. Əhaliyə ödənişlərin 2017-ci il üçün nəzərdə tutulmuş proqnozu cari ilin gözlənilən icra göstəricisindən 234 mln. manat və ya 7,6 faiz çoxdur.
Fondun aparatının və onun yerli orqanlarının saxlanması xərclərinin proqnozu 2017-ci il üçün 40 mln. manat və yaxud hazırkı ilə nisbətən 13 mln. manat çox nəzərdə tutulub. Bu artım Prezident İlham Əliyevin bu ilin martın 18-də verdiyi fərmanla Dövlət Sosial Müdafiə Fondunun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilməsi və ölkə başçısının 2016-cı il 24 iyun tarixli fərmanı ilə Dövlət Sosial Təminat Xidmətinin Dövlət Sosial Müdafiə Fonduna birləşdirilməsi nəticəsində aparılmış struktur dəyişikliyi ilə əlaqədar Fondun fəaliyyət sferasının genişlənməsi və işçi heyətinin sayının əhəmiyyətli dərəcədə artması ilə əlaqədardır. Bu artım işçilərin əmək haqlarının maliyyələşdirilməsinə yönəldiləcək.
Fondun 2017-ci il üçün gəlirləri 3,4 mlrd. manat pronozlaşdırılır ki, bu da 2016-cı ilin icra göstəricisinə nisbətən 270 mln. manat və ya 8,6 faiz yuxarıdır. Fondun gəlirləri məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar, sair gəlirlər və dövlət büdcəsindən ayırmalardan ibarətdir. Gəlirlərin 62,5 faizinin məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar hesabına təmin ediləcəyi proqnozlaşdırılır ki, bunun da məbləği 2 mlrd. 125 mln. manat olmaqla 2016-cı ilin gözlənilən icra rəqəmi ilə müqayisədə 13 faiz və ya 245 mln. manat yüksəkdir. 2017-ci ildə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların proqnozunun 61,2 faizi və ya 1,3 mlrd. manatı qeyri-büdcə təşkilatlarının payına düşür ki, bu da 2016-cı ilin gözlənilən icra göstəricisinə nisbətən 120 mln. manat və ya 10,2 faiz çoxdur. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 54,5 mln. manat həcmində nəzərdə tutulur. 2017-ci ildə dövlət büdcəsindən DSMF-yə 1 mlrd. 270 mln. manat transfert ediləcəyi nəzərdə tutulur ki, bu da cari ilin göstəricisindən 24 mln. manat və ya 1,9 faiz yuxarıdır.
Daha sonra “Azərbaycan Respublikasının 2017-ci il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasının 2017-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələri də müzakirə edildi. Qeyd olundu ki, gələn il üçün yaşayış minimumunun miqdarı ölkə üzrə 155 manat, əmək qabiliyyətli əhali üçün 164,5 manat, pensiyaçılar üçün 130 manat, uşaqlar üçün 136 manat müəyyən olunur. 2017-ci ilin dövlət büdcəsi layihəsində ehtiyac meyarı həddinin isə 116 manat müəyyən olunduğu bildirildi.
Sonra Milli Məclisin İşlər idarəsinin müdiri Firudin Hacıyev Milli Məclisin gələn il üçün xərclər smetası layihəsi barədə məlumat verdi. Bildirdi ki, 2017-ci ilin dövlət büdcəsində Milli Məclisin və onun Aparatının saxlanması üçün 23 mln. 89 min 714 manat vəsait nəzərdə tutulub. Xərclər smetasının ümumi dəyərinin 71,5 faizini əmək haqqı fondu və əmək haqqı ilə əlaqədar ayırmalar təşkil edir.
Sonra Hesablama Palatasının 2017-ci il xərclər smetası barədə məlumat verən Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirdi ki, 2017-ci ilin dövlət büdcəsindən Hesablama Palatasının xərclər smetası üçün, ümumilikdə 3 mln. 812,8 min manat vəsait nəzərdə tutulub ki, bu 2016-cı ilin proqnoz göstəricisi ilə müqayisədə 0,8 faiz çoxdur. Palata üzrə xərclər smetasının ümumi məbləğinin 83,3 faizi əməyin ödənilməsini təşkil edir. Hesablama Palatasının təqdim etdiyi xərclər smetası onun fəaliyyətini səmərəli təşkil etməyə və nəzarət tədbirlərinin keyfiyyətini yüksəltməyə imkan verəcək.
İclasda çıxış edən deputatlar Fazil Mustafa, Rafael Cəbrayılov, Qüdrət Həsənquliyev, Məlahət İbrahimqızı, Bəxtiyar Əliyev, Səyavuş Novruzov, Zahid Oruc, Qənirə Paşayeva, Əli Məsimli, Rəşad Mahmudov, Aydın Hüseynov gələn ilin büdcə zərfinə daxil olan məsələlər barədə fikirlərini bildirdilər, qeyd və təkliflərini verdilər.
İclasa yekun vuran Milli Məclisin Sədri Oqtay Əsədov bildirdi ki, bununla da müzakirələr başa çatır. Növbəti iclas dekabrın 16-da keçiriləcək və həmin iclasda Azərbaycan Respublikasının 2017-ci il üçün dövlət büdcəsi layihəsi və büdcə zərfinə daxil olan sənədlər səsverməyə çıxarılacaq.
Milli Məclisin
Mətbuat xidməti