İQTİSADİ SİYASƏT, SƏNAYE VƏ SAHİBKARLIQ və HÜQUQ SİYASƏTİ VƏ DÖVLƏT QURUCULUĞU KOMİTƏLƏRİNİN BİRGƏ İCLASINDA

Komitə iclasları
15 dekabr 2016 | 09:12   
Paylaşın:        

Dekabrın 14-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin  birgə iclası keçirildi.
İqtisadi siyasət, sənaye və sahibkarlıq  komitəsinin sədri Ziyad Səmədzadə bildirdi ki, gündəliyə 15 məsələ - Vergi, Mülki Prosessual, Cinayət, İnzibati Xətalar məcəllələrinə habelə “İcra haqqında”, “Dövlət rüsumu haqqında”, “Elektron ticarət haqqında”, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Nəşriyyat işi haqqında”, “Lotereyalar haqqında”, “Təhsil haqqında”, “İcbari sığortalar haqqında” qanunlara dəyişikliklər edilməsi, “Nağdsız hesablaşmalar haqqında” yeni qanun layihəsi daxildir. Bu qanun layihələri Azərbaycan Prezidentinin imzası ilə Milli Məclisə göndərilib.
 İclasda iştirak edən vergilər naziri Fazil Məmmədov əvvəlcə Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər barədə məlumat verdi. Bildirildi ki, bu dəyişikliklər tək Vergi Məcəlləsi deyil, eyni zamanda gündəliyə daxil olan digər qanunvericilik aktları ilə əlaqədardır.
Dəyişikliyin məqsədi ölkənin davamlı iqtisadi inkişafı şəffaflığın artırılması, sahibkarlığın inkişafını təmin etmək, eyni zamanda vergi ödənişində uçot qeydiyyat sisteminin sadələşdirilməsinə şərait yaradılmasıdır. Bu məqsədlə bir sıra qanun layihələri hazırlanıb və müzakirəyə təqdim edilir. Bu  qanun layihələri ölkədə nağd hesablaşmaların həcminin azaldılması, elektron ticarətin vergiyə cəlb edilməsi, transfer vergi qoyulma, qiymət qoyma, uçot siyasətinin şəffaflaşdırılması, vergi yükünün azaldılması, vergi inzibatçılığının sadələşdirilməsi, vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi, vergi qanunvericiliyinə əməl edən vergi ödəyicilərinə münasibətdə vergi orqanları tərəfindən göstərilən xidmətlərin səviyyəsinin daha da artırılması kimi mühüm məsələləri əhatə edir. 
Vergi Məcəlləsinə dəyişikliklər edilməsi haqqında qanun layihəsi 201 dəyişiklikdən ibarətdir. Bu əsasən vergi yükünün azaldılması və pərakəndə ticarət fəaliyyətində əlavə dəyər vergisinin ticarət əlavəsindən hesablanmasıdır.  Pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan sahibkarlar tərəfindən ölkədə istehsal edilmiş kənd təsərrüfatı məhsullarının satışı zamanı əlavə dəyər vergisindən həmin məhsulların satış qiyməti ilə onların alış qiyməti arasındaki fərqdən yəni ticarət əlavəsindən hesablanması ilə bağlı müddəalar layihəyə daxil edilmişdir.
Nazir bildirdi ki, vergi ödəyiciləri tərəfindən könüllü vergi açıqlaması edildiyi halda bu barədə vergi orqanına forması müvafiq icra hakimiyyəti orqanı tərəfindın müəyyən edilən hesabat təqdim edilir. Bu halda təqdim edilmiş hesabat üzrə vergi ödəyicisi tərəfindən yalnız hesablanmış vergi məbləği büdcəyə ödənilir.
Habelə qeyd edildi ki, dəyişikliklərə əsasən icbari tibbi sığorta və səhiyyə, tibb sahəsində xidmət göstərən qurumlar mənfəət vergisindən müddətsiz, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı, quş ətinin satışı ilə bağlı isə 3 il müddətinə əlavə dəyər verqisindən azad edilmişdir. Sonra bank sisteminin tənzimlənməsi, kameral vergi, maliyyə institutlarına tədbiq ediləcək maliyyə sanksiyaları və digər zəruri məsələlərlə bağlı bir sıra dəyişikliklər barədə söhbət açıldı.
 Daha sonra Fazil Məmmədov “Nağdsız hesablaşmalar haqqında” yeni qanun layihəsi barədə danışdı. Bildirildi ki, qanunun məqsədi ölkə ərazisində mülki dövriyyənin iştirakçıları arasında aparılan əməliyyatların və hesablaşmaların şəffaflığının təmin edilməsi, istehlakçıların hüquqlarının qorunması, dövriyyədə olan nağd pul kütləsinin nağdsız vəsaitlərlə əvəz olunması, bank sisteminin inkişaf etdirilməsindən ibarətdir.
Müzakirələrdə çıxış edən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev, deputatlar Vahid Əhmədov, Şəmsəddin Hacıyev, Əsabil Qasımov, Rüfət Quliyev, Tahir Mirkişili və Çingiz Qənizadə təqdim olunan layihələr barədə fikirlərini açıqladılar, təkliflərini verdilər.
Tədbirdə iştirak edən İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova və Gömrük komitəsinin baş idarə rəisi Mirqasım Vahabov qanunlara edilən dəyişikliklərin əhəmiyyətli olduğunu söylədilər.
Sonda gündəliyə daxil olan qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olundu.  

Milli Məclisin
Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU