MİLLİ MƏCLİSDƏ UNİCEF-lə BİRGƏ TƏDBİR KEÇİRİLDİ
Dekabrın 15-də Milli Məclisin və UNİCEF-in birgə təşkilatçılığı ilə “Uşaqlar üçün effektiv qanunvericilik: Milli Məclis UNİCEF əməkdaşlığı” mövzusunda tədbir keçirildi. Tədbirdə Milli Məclisin deputatları, qeyri-hökumət təşkilatlarının, ictimai birliklərin nümayəndələri, qaçqın və məcburi köçkün, əlilliyi olan uşaqlar iştirak edirdilər.
Milli Məclis Sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri, ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova parlament rəhbərliyi adından yığıncaq iştirakçılarını salamladı. O, Milli Məclisin Sədri Oqtay Əsədovun uşaqlara həsr olunmuş bu tədbirə xüsusi diqqət yetirdiyini, onların hüquqlarının müdafiəsi istiqamətində qanunvericiliyin təkmilləşdirilməsi ilə əlaqədar zəruri tövsiyələr verdiyini vurğuladı.
Vitse-spiker tədbirin əlamətdar dövrə təsadüf etdiyini, BMT-nin Uşaq Fondu olan UNİCEF-in 70 illiyi ərəfəsində keçirildiyini bildirdi və yubiley münasibəti ilə təbriklərini çatdırdı. Qeyd edildi ki, bu qurum öz fəaliyyətində uşaq hüquqlarının aliliyi prinsipini rəhbər tutur. Bu gün bütün dünyada uşaq hüquqlarının təmin edilməsi və müdafiəsi ilə əlaqədar təqdirəlayiq işlər görülür. Diqqətə çatdırıldı ki, Azərbaycanda da bu sahədə zəruri addımlar atılır. Dövlətimiz cəmiyyətin gələcəyi olan uşaqların hüquqlarının qorunmasına xüsusi diqqət və qayğı ilə yanaşır.
Bahar Muradova bildirdi ki, Azərbaycanla UNİCEF arasında sıx əlaqələr mövcuddur. Milli Məclis bu qurumla səmərəli əməkdaşlıq edir. Parlamentdə uşaq hüquqlarının cəmiyyətdə reallaşması istiqamətində vacib qanunlar qəbul olunur. Ölkəmizdə uşaq hüquqlarına hörmətlə yanaşılır, onların sağlamlığı, təhsili, təhlükəsizliyinin təmin edilməsi istiqamətində əhəmiyyətli işlər görülür. O, yuvenal ədliyyə ilə bağlı qanunun qəbulu, əlil uşaqların reabilitasiyası, qaçqın və məcburi köçkün ailələrində böyüyən uşaqların üzləşdiyi problemlərin həlli istiqamətində atılan addımların əhəmiyyətli olduğunu dedi.
Vitse-spiker xüsusi olaraq vurğuladı ki, ulu öndər Heydər Əliyevin zamanında uşaqların xoşbəxt böyüməsi və firavan yaşaması üçün dövlət səviyyəsində mühüm layihələr həyata keçirilib və bu gün də Prezident İlham Əliyevin rəhbərliyi ilə bu işlər uğurla davam etdirilir.
Toplantıda iştirak edən UNİCEF-in Azərbaycandakı nümayəndəsi Edvard Karvardin çıxışında bildirdi ki, Azərbaycanda uşaqlarla bağlı vəziyyət müsbət istiqamətdə inkişaf edir. Hökumət tərəfindən bu sahədə vacib proqramlar hazırlanır. Uşaqların müdafiəsi, onların rifahının yaxşılaşdırılması, hüquq və azadlıqlarının təmin edilməsi ilə bağlı qanunvericilik bazası yaradılır. O, əlil uşaqların hüquqlarının qorunması, valideyn himayəsindən məhrum olan uşaqların ailə mühitində yaşaması, azyaşlıların cəzaçəkmə müəssisələrinə salınmasının qarşısının alınması üçün həyata keçirilən tədbirləri təqdirəlayiq hesab etdi. Qeyd edildi ki, uşaqlara daha yaxşı xidmət göstərmək, onların hərtərəfli inkişafı üçün daha çox resurslar sərf etmək vacibdir və bu gələcəkdə öz müsbət nəticəsini göstərəcəkdir.
Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli öz çıxışında bildirdi ki, uşaq hüquqlarının təmin edilməsi ilə bağlı Azərbaycan bir sıra beynəlxalq konvensiyalara qoşulub, bu sahədə qanunvericilik bazasını xeyli təkmilləşdirib. Parlamentdə uşaqlarla bağlı 35 qanun qəbul olunub, 100-dən artıq qanunlara isə zəruri əlavə və dəyişikliklər edilib. O, bir neçə il öncə ölkəmizdə “Uşaq Parlamenti”nin yaradıldığını, bu qurumun uşaqların hüquqlarının qorunması istiqamətində səmərəli fəaliyyət göstərdiyini söylədi.
Hadi Rəcəbli diqqətə çatdırdı ki, uşaqların sağlamlığının təmin edilməsi istiqamətində parlamentdə qəbul olunmuş “Körpələrin erkən qidalanması haqqında”, “Duzun yodlaşdırılması haqqında” qanunlar nümunə olaraq digər dünya ölkələri üçün tövsiyə edilir.
Komitə sədri vurğuladı ki, vaxtilə dövlət başçısının sərəncamı ilə 2009-cu il Azərbaycanda “Uşaq ili” elan edilmişdir. O, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın uşaqlara xüsusi diqqət və qayğı ilə yanaşdığını, onların təhsili, sağlamlığının qorunması istiqamətində həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verdi.
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü, qurumun Sosial məsələlər komitəsinin uşaqlar üzrə baş məruzəçisi Sevinc Fətəliyeva çıxışında bildirdi ki, UNİCEF dünyada uşaqlar üçün bir ümid yeridir. O, təmsil olunduğu beynəlxalq təşkilatda uşaqlara qarşı zorakılıqla mübarizə sahəsində qəbul olunan Konvensiyanın əhəmiyyəti barədə danışdı. Millət vəkili müasir dövrdə uşaqların müxtəlif sosial şəbəkələrdə ünsiyyət qurduğunu və bu zaman onların kibermühitdə aldığı zərərli informasiyalar sayəsində ailədən, cəmiyyətdən uzaqlaşması kimi təhlükəli məqamlara diqqət çəkdi. O, habelə münaqişə zonalarında yaşayan uşaqların üzləşdiyi problemlər barədə söhbət açdı. Ölkəmizdə qaçqın və məcburi köçkün vəziyyətində böyüyən uşaqların problemlərinin həlli istiqamətində atılan addımlardan danışdı.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Vüsal Hüseynov diqqətə çatdırdı ki, ölkəmizdə uşaqların sosial və hüquqi müdafiəsi ilə bağlı məsələlər bir çox qanunverici aktlarla tənzimlənir. O, bildirdi ki, bu sahədə gələcəkdə üç istiqamətdə - müdafiə, inkişaf və iştirakçılıq məsələlərinin həlli ilə bağlı işlərin davam etdirilməsi nəzərdə tutulub. Burada yuvenal ədliyyə, kibertəhlükənin qarşısının alınması, uşaq alverinə qarşı mübarizə, inklüziv təhsil sisteminin tətbiqi, əlil uşaqların reabilitasiyası və cəmiyyətə inteqrasiyası məsələləri əhatə olunur. Millət vəkili bununla bağlı parlamentlə UNİCEF-in əməkdaşlığının mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı.
Toplantıda deputatlar Aydın Mirzəzadə, Şəmsəddin Hacıyev, Məlahət İbrahimqızı, Tahir Kərimli, Uşaq Hüquqları üzrə Qeyri-Hökumət Təşkilatları Alyansının milli koordinatoru Nabil Seyidov, “Dan” Beynəlmiləlçi Gənclər İctimai Birliyinin sədri Gülarə Teymurova, Əlil Uşaqlara Yardım İctimai Birliyinin sədri Validə Abbasova çıxış etdilər. Çıxışlarda Azərbaycanda uşaq hüquqlarının müdafiəsi, dövlətimizin uşaqlara göstərdiyi qayğı, qarşıda duran vəzifələrdən söhbət açıldı, bir sıra təkliflər səsləndirildi.
Yığıncaqda iştirak edən məktəbli uşaqlar Aylin Süleymanova, Mövlanə Əliyeva, Firavan Əlizadə ürək sözlərini bildirdilər. Onlar uşaqların firavan, xoşbəxt böyüməsi üçün dövlətimiz tərəfindən göstərilən diqqət və qayğıya görə təşəkkürlərini ifadə etdilər.
Tədbirdə UNİCEF-in hazırladığı uşaqlara həsr olunmuş film nümayiş etdirildi.
Milli Məclisin
Mətbuat xidməti