MİLLİ MƏCLİSDƏ GUAM PARLAMENT ASSAMBLEYASININ 9-CU SESSİYASI KEÇİRİLDİ

Tədbirlər
15 dekabr 2016 | 05:12   
Paylaşın:        
Dekabrın 15-də Milli Məclisdə GUAM Parlament Assambleyasının 9-cu sessiyası keçirildi. Sessiyada təşkilata üzv ölkələrin - Azərbaycanın, Gürcüstanın, Ukraynanın və Moldovanın parlamentarları, dövlət rəsmiləri və digər beynəlxalq təşkilatların nümayəndələri iştirak edirdilər.
 Tədbiri açan GUAM PA-nın sədri, Milli Məclisin bu qurumdakı nümayəndə heyətinin rəhbəri, deputat Azər Kərimli iclasda iştirak edən nümayəndə heyətlərinə təşəkkürünü bildirdi və sessiyanın işinə uğurlar arzuladı. 
 Çıxış edən Milli Məclisin sədr müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov bildirdi ki, GUAM-ın nüfuzu ildən-ilə artır, daha çox ölkə və beynəlxalq təşkilat bu qurumla əməkdaşlığa maraq göstərir. Çünki GUAM regional təhlükəsizliyin təmin olunmasında vacib rol oynayır.
Valeh Ələsgərov diqqətə çatdırdı ki, müasir dünyada parlament diplomatiyasının əhəmiyyəti getdikcə artır. Parlament diplomatiyası ənənəvi diplomatiyanı tamamlayaraq əhəmiyyətli problemlərin aradan qaldırılmasına mühüm töhfələr verir. Bu baxımdan GUAM region ölkələri arasında dialoqun inkişaf etdirilməsi və möhkəmləndirilməsinə böyük kömək göstərə bilər. 
GUAM ölkələrinin həyata keçirdiyi transmilli layihələr Avropanın enerji təhlükəsizliyini təmin edir. Üzv ölkələr bu məsələdə də vahid mövqedən çıxış edirlər və münaqişələrin əleyhinədirlər. Ümidvaram ki, göstərilən səylər öz nəticəsini verəcək və bütün regional münaqişələr beynəlxalq norma və prinsiplərə uyğun nizamlanacaq.
İclasa sədrlik edən GUAM PA-nın sədri Azər Kərimli qurumun fəaliyyətindən, görülən işlərdən, üzv ölkələrin üzləşdiyi işğal problemindən danışdı. Qeyd etdi ki, Azərbaycan müxtəlif dinlərin və mədəniyyətlərin qovuşduğu məkana çevrilib. Ölkəmiz Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır və dünyada sülh və demokratiya ölkəsi kimi tanınır.
Azər Kərimli GUAM PA-nın bundan sonra da öz fəaliyyətini genişləndirəcəyinə əminliyini ifadə etdi.
 Sessiyada çıxış edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov GUAM-ın üzv ölkələrin əməkdaşlığı üçün vacib platformaya çevrildiyini vurğuladı. Nazir qeyd etdi ki, GUAM təşkilatı üzv ölkələrin ərazisində münaqişələrin həlli məsələsində səylərin birləşdirilməsi üçün vacib rol oynayır. Belə ki, GUAM-a üzv ölkələr - Ukrayna, Gürcüstan, Azərbaycan və Moldova oxşar problemlərlə üzləşiblər. GUAM-ın nüfuzunun gündən-günə artdığını deyən nazir bu məsələdə əməkdaşlığın effektiv olacağını bildirdi. GUAM-a üzv dövlətlər əlaqələri gücləndirmək üçün ilk növbədə müstəqillik və suverenliyini möhkəmləndirməlidir, məruz qaldığı işğal və münaqişə faktından qurtulmalıdır. GUAM-a üzv olan 4 ölkə demək olar ki, oxşar problemlərdən əziyyət çəkir. Bunun üçün də əməkdaşlıq daha da gücləndirilməlidir. Bütün bunlar GUAM-a üzv ölkələrin inkişafına və əhalisinin firavan həyatının təmin olunmasına gətirib çıxaracaq.
Nazir xatırlatdı ki, “GUAM-a üzv olan dövlətlərin ərazi bütövlüyünün pozulması ilə bağlı Azərbaycanın müvafiq bəyanatları mövcuddur. Biz beynəlxalq hüququn tələblərinə uyğun olaraq ərazi bütövlüyü çərçivəsində ölkələrin sərhədlərini tanıyırıq. Bu istiqamətdə səylərimizi davam etdirəcəyik. Azərbaycan bu mövqeyi həm Gürcüstan, həm də Ukrayna ilə bağlı bəyan edib. Biz Ukrayna və Gürcüstanın işğal olunan ərazilərinə edilən heç bir səfəri tanımırıq. Hesab edirəm ki, bu prinsipə qarşılıqlı olaraq GUAM-ın üzvü olan 4 dövlət hər zaman əməl etməlidir. Biz bu məsələləri beynəlxalq tədbirlərdə də qaldıracağıq. Bu real siyasətdir”.
Elmar Məmmədyarov GUAM üzvlərinin BMT Baş Assambleyasında həlli uzanan münaqişələr üzrə qətnamə layihəsinin irəli sürülməsi ilə bağlı səyləri artırmasının vacibliyinə diqqət çəkdi. Qeyd etdi ki, ölkələrin təhlükəsizliyinin və suverenliyinin təmin olunması, beynəlxalq səviyyədə tanınan sərhədlər çərçivəsində ərazi bütövlüyünün bərpası, həmçinin enerji təhlükəsizliyi, beynəlxalq nəqliyyat dəhlizi və multikulturalizm məsələləri böyük əhəmiyyət kəsb edir: “Eyni zamanda, iqtisadi və regional təhlükəsizlik məsələlərinə də xüsusi əhəmiyyət verməliyik. Bilirsiniz ki, BMT Baş Assambleyasının münaqişələrlə bağlı xüsusi bəndi mövcuddur. Ona görə də biz hər zaman BMT-də üzləşdiyimiz münaqişələrlə bağlı həmin bəndə istinad edib məsələ qaldırırıq. Çünki GUAM-a üzv olan ölkələrin hər birində ərazi bütövlüyünü təhdid edən münaqişələr mövcuddur. Biz sərhədlərin və ərazi bütövlüyünün pozulması, qaçqın problemləri ilə üzləşmişik. Bununla bağlı birgə bəyanat vermişik. Hesab edirəm ki, bu kimi məsələlərlə bağlı GUAM-a üzv dövlətlərin birgə addımları çox önəmlidir”.
Sessiyada çıxış edən GUAM-ın baş katibi Altay Əfəndiyev isə bildirdi ki, GUAM getdikcə daha cəlbedici təşkilata çevrilir və beynəlxalq əməkdaşlığın daha yüksək səviyyəsinə çıxır. İlkin prioritetləri açıqlayan baş katib diqqətə çatdırdı ki, ilk növbədə GUAM ərazisində mövcud münaqişələrin həlli üzrə səyləri birləşdirmək və bu gün bütün dünya ölkələrinin qarşılaşdığı təhlükə və çağırışlara müqavimət göstərmək lazımdır. GUAM regional təşkilat olaraq siyasi platformaya malikdir və bu təşkilat çərçivəsində üzv ölkələr bir çox məsələlərdə, xüsusilə də digər ölkələr tərəfindən üzv ölkələrin ərazilərinin işğal olunması faktı üzrə vahid mövqedən çıxış etməlidirlər.
Sonra çıxış edən GUAM PA-dakı Gürcüstan parlament nümayəndə heyətini təmsil edən Kaxaber Kutçava, Moldova parlament nümayəndə heyətinin rəhbəri vəzifəsini icra edən  Anatolie Zaqorodniy, Ukrayna Ali Radası nümayəndə heyətinin rəhbəri Anatoliy Matviyenko, Baltik Assambleyasının Prezidenti Yanis Vutsans, Çexiya Parlamentinin Deputatlar Palatası sədrinin müavini Voytex Filip, Polşa Seyminin Xarici əlaqələr komitəsinin sədr müavini Malqojata Qasievska, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Baş katibi Asəf Hacıyev, TürkPA-nın Baş katibi Jandos Asanov GUAM Parlament Assambleyası çərçivəsində həyata keçirilməsi vacib olan məsələləri diqqətə çatdırdılar. Bildirildi ki, GUAM PA siyasi və iqtisadi sahələrdə problemlərin həlli üçün əlavə platforma rolunu oynayır və bu platformadan səmərəli şəkildə istifadə olunmalıdır.
Nahar fasiləsindən sonra sessiyada “Parlamentlərarası əməkdaşlıq regional təhlükəsizliyin möhkəmləndirilməsində vasitə kimi”, “Regionda nəqliyyat layihələrinin reallaşdırılmasında GUAM-a üzv dövlətlərin parlamentlərinin rolu”, “Mutikulturalizm zamanın zəruri inkişaf meyli kimi: parlament ölçüsü” mövzularında Milli Məclisin deputatları Qüdrət Həsənquliyevin, Əli Məsimlinin və Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayevin məruzələri dinlənildi, bu mövzularda müzakirələr aparıldı. Müzakirələrin sonunda yekun sənədlər qəbul olundu.     
Bununla da GUAM Parlament Assambleyasının Bakıda keçirilən 9-cu sessiyası başa çatdı.

Milli Məclisin
Mətbuat xidməti  



   


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU