ELM və TƏHSİL KOMİTƏSİNDƏ

Komitə iclasları
15 dekabr 2016 | 05:12   
Paylaşın:        

Dekabrın 15-də Elm və təhsil komitəsində “Məktəbəqədər təhsil haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarıldı.
İclasda qanun layihəsini təqdim edən Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli bildirdi ki, ölkədə təhsilin inkişafına əsaslı təkan verəcək bu sənədin birinci oxunuşda müzakirəsi zamanı parlamentin plenar iclasında deputatlar çox dəyərli təkliflər səsləndiriblər. Həmçinin Təhsil, Səhiyyə, Ədliyyə nazirlikləri və Bakı ŞİH qanun layihəsinə dair rəylərində müsbət cəhətləri qeyd etməklə yanaşı öz təkliflərini də bildiriblər. Nəticədə sənəd ikinci oxunuşda daha da təkmilləşdirilib. İşçi qrup, Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsi, ekspertlər bu komitənin üzvləri ilə birgə qanun layihəsi üzərində ciddi iş aparıblar. 
Komitə sədri sənəd üzərində aparılmış təkmilləşdirmələr və əlavə olunmuş müddəalar barədə ətraflı məlumat verdikdən sonra müzakirələr başlandı. Deputatlar “Məktəbəqədər təhsil haqqında”  qanun layihəsinin  mükəmməl hazırlandığını, ölkəmizdə məktəbəqədər yaşda olan uşaqların intellektual, fiziki və mənəvi inkişafına xidmət edəcəyini vurğuladılar. Qeyd olundu ki, məktəbəqədər təhsil prosesində uşaqlara ilkin bilik və bacarıqların aşılanması müasir Azərbaycan təhsilinin yüksəlişinə zəmin yaradacaq.
Komitə üzvləri və dəvət olunmuş sahə mütəxəssisləri fikir mübadiləsi zamanı qanun layihəsində müasir dövrün tələblərinin nəzərə alınmasını müsbət amil kimi vurğuladılar, irad və qeydlərini diqqətə çatdırdılar.
Müzakirələrin yekununda “Məktəbəqədər təhsil haqqında”  qanun layihəsi ikinci oxunuşda parlamentin plenar iclasına tövsiyə olundu.


 Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU