MİLLİ MƏCLİSİN İCLASINDA 2017-Cİ İLİN DÖVLƏT BÜDCƏSİ TƏSDİQLƏNDİ
Dekabrın 16-da Milli Məclisin növbəti plenar iclası keçirildi.
İclası açan Milli Məclisin Sədri Oqtay Əsədov bildirdi ki, “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi və büdcə zərfinə daxil olan sənədlər Milli Məclisin plenar iclasında 3 gün ərzində geniş müzakirə olunmuşdu və deyilən təkliflərə baxılması üçün Hökumətə vaxt verilmişdi. Bugünkü iclasda Hökumət üzvlərinin fikirləri dinlənildikdən sonra büdcə layihəsi və büdcə zərfinə daxil olan sənədlər səsə qoyulacaq.
Çıxış edən maliyyə naziri Samir Şərifov bildirdi ki, 2017-ci il dövlət büdcəsinin layihəsi və sonrakı 3 il üçün icmal büdcənin layihəsinin Milli Məclisdə müzakirəsi zamanı irəli sürülən təkliflər təhlil edilib və makroiqtisadi sabitliyin qorunması nəzərə alınmaqla bəzi tədbirlər üzrə xərclərin artırılması nəzərdən keçirilib.
Beləliklə, bəzi məsələlərin həlli üçün maliyyə təminatı öz həllini tapıb. Mədəniyyət xərclərinin artırılması ilə bağlı təkliflər nəzərə alınıb və bu sahəyə ayrılan vəsaitə əlavə 3 mln. manatın ayrılması nəzərdə tutulur. Həmçinin, Milli Məclisin saxlanılması xərclərinin də 850 min manat artırılması nəzərdə tutulub. Gənclər Fondunun vəsaitinin cari ilin səviyyəsində saxlanılması təklif edilmişdi. Lakin 2017-ci ildə büdcənin hədəfləri, yığcamlaşdırılması nəzərə alınaraq Gənclər Fonduna əlavə vəsait ayrılması düzgün hesab edilmir.
Nazirin çıxışından sonra “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi, həmçinin büdcə zərfinə daxil olan “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2017-ci il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2017-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələri, Milli Məclisin və Hesablama Palatasının 2017-ci il üçün xərclər smetası səsə qoyularaq təsdiq edildi.
Gündəlikdəki növbəti məsələ - Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi barədə məlumat verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirdi ki, məcəlləyə 115 yeni maddə, 83 dəyişiklik, 3 maddənin ləğvi də daxil olmaqla 201 dəyişiklik nəzərdə tutulur. Bunlardan 123 maddə vergi inzibatçılığının təkmilləşdirilməsi, uçot-qeydiyyatın asanlaşdırılması, 34 maddə vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi, 8 maddə vergi yükünün azaldılması, azadolma və güzəştləri əhatə edir. Bu dəyişikliklər ölkədə iqtisadi fəallığın artırılmasını, sahibkarlığın inkişaf etdirilməsini, bütövlükdə dövlətin davamlı inkişafını nəzərdə tutur.
Bildirildi ki, bu dəyişikliklər iclasın gündəliyindəki “Elektron ticarət haqqında” Qanuna dəyişikliklər edilməsi haqqında məsələ ilə birbaşa bağlıdır. Ona görə də bu iki məsələ birlikdə müzakirə edilməlidir.
Dəyişikliklər barədə danışan vergilər naziri Fazil Məmmədov diqqətə çatdırdı ki, vergilər sahəsində islahatları nəzərdə tutan bu dəyişikliklər şəffaflığın artırılması, nağd hesablaşmaların həcminin azaldılması, elektron ticarətin vergiyə cəlb edilməsi, transfer qiymətqoyma, uçot siyasətinin təkmilləşdirilməsi və şəffaflaşdırılması, vergi yükünün azaldılması, vergi inzibatçılığının sadələşdirilməsi, vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi, vergi qanunvericiliyinə əməl edən intizamlı vergi ödəyicilərinə münasibətdə vergi orqanları tərəfindən göstərilən xidmətlərin səviyyəsinin daha da artırılması kimi mühüm məsələləri əhatə edir. Avtomobillər üçün aksiz dərəcəsinin artırılmasına gəlincə, Fazil Məmmədov bildirdi ki, bu dəyişiklik sosial bərabərliyin, ədalətin təmin edilməsi məqsədi daşıyır.
Müzakirələrdən sonra Vergilər Məcəlləsinə və “Elektron ticarət haqqında” Qanuna təklif olunan dəyişikliklər səsə qoyularaq qəbul edildi.
İclasda Mülki Prosessual, Cinayət, İnzibati Xətalar Məcəllələrinə, “İcra haqqında”, “Dövlət rüsumu haqqında” qanunlara da dəyişikliklər edildi.
Gündəlikdəki “Nağdsız hesablaşmalar haqqında” qanun layihəsi barədə məlumat verən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirdi ki, bu qanunun məqsədi Azərbaycan ərazisində mülki dövriyyənin iştirakçıları arasında aparılan əməliyyatların və hesablaşmaların şəffaflığının təmin edilməsi, istehlakçıların hüquqlarının qorunması, dövriyyədə olan nağd pul kütləsinin nağdsız vəsaitlərlə əvəz olunması, bank sisteminin inkişaf etdirilməsindən ibarətdir.
Qanun layihəsinin əhəmiyyəti nəzərə alınaraq bir oxunuşda səsə qoyularaq qəbul edildi.
“Büdcə sistemi haqqında” qanuna təklif olunan dəyişikliklər barədə məlumat verildi ki, bu dəyişikliklər Hesablama Palatasının öz funksiyasını həyata keçirməklə bağlı qanunvericilikdə mövcud olan boşluqların aradan qaldırılması və Palatanın ali audit orqanı kimi səlahiyyətlərinin artırılması məqsədilə hazırlanmışdır.
Bu dəyişikliklər də qəbul edildikdən sonra deputatlar Azərbaycan Hökuməti ilə Lixtenşteyn Knyazlığı arasında bir, İsveçrə Federal Şurası ilə isə iki Sazişi təsdiqlədilər.
“Dəniz tələbləri ilə bağlı məsuliyyətin məhdudlaşdırılması haqqında” 1976-cı il tarixli Beynəlxalq Konvensiyaya dəyişikliklər edilməsi barədə 1996-cı il tarixli Protokol”un təsdiq edilməsi haqqında qanun layihəsi barədə Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov məlumat verdi. Bildirdi ki, sənəd dəniz tələbləri ilə bağlı məsuliyyətin hədlərinin yenilənməsini nəzərdə tutur. Belə ki, sənədə əsasən məsuliyyət hədləri artırılmışdır.
Bu sənəd də səsə qoyularaq qəbul edildi.
İclasda “Yol hərəkəti haqqında” Qanuna və bununla əlaqədar olaraq İnzibati Xətalar Məcəlləsinə də dəyişikliklər edildi. Bildirildi ki, bu dəyişikliklər nəqliyyat sahəsində idarəçiliyin təkmilləşdirilməsi və tıxacların qarşısının alınması məqsədi daşıyır və avtomobillərinin parklanma probleminin həllinə kömək edəcəkdir.
Millət vəkilləri “Avtomobil nəqliyyatı haqqında”, “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” qanunlara, Torpaq Məcəlləsinə də dəyişikliklər etdilər, “İnzibati ərazi vahidləri arasında ərazi məsələləri üzrə mübahisələrə baxılması üçün yaradılan xüsusi komissiyalar haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Qanununun ləğv olunmasına səs verdilər.
Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə bildirdi ki, “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Qanundakı qeyri-müəyyən məsələlər aradan qaldırılır, bir sıra maddələr ləğv edilir, bir sıra maddələrdə dəqiqləşmələr aparılır. Bundan başqa, qanuna yeni “İnzibati ərazi vahidləri arasında ərazi məsələləri üzrə mübahisələrə baxılması qaydası” adlı yeni fəslin əlavə olunması nəzərdə tutulur ki, bu fəsil indiyədək mövcud olan bir çox çatışmazlıqları aradan qaldıracaq. “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Qanuna deyilən əlavə və dəyişikliklər olunduqdan sonra artıq əsasnaməyə ehtiyac qalmır. Buna görə də əsasnamə ləğv olunur. Həmçinin bu əlavə və dəyişikliklərlə bağlı Torpaq Məcəlləsindəki müvafiq maddə də dəyişdirilir.
Sonra Milli Məclis Sədrinin birinci müavini, Təhlükəsizlik, müdafiə və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov “Hərbi vəziyyət haqqında” qanun layihəsinin birinci oxunuşu barədə məlumat verdi.
Bildirdi ki, 5 fəsil, 27 maddədən ibarət olan qanun layihəsi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin birinci hissəsinin 8-ci bəndinə uyğun olaraq Azərbaycanın bütün ərazisində və ya ayrı-ayrı yerlərində hərbi vəziyyətin elan və ləğv edilməsi, hərbi vəziyyətin qüvvədə olma müddətinin uzadılması, hərbi vəziyyət rejiminin təmin edilməsi qaydasını, cəbhəboyu zonada hərbi hissələrin yerləşdiyi ərazilərdə rejimin xüsusiyyətlərini, hərbi vəziyyət şəraitində fiziki və hüquqi şəxslərin hüquqlarının təminatını müəyyən edəcək.
Müzakirələrdən sonra bu qanun layihəsi də səsə qoyularaq birinci oxunuşda qəbul edildi.
Bununla da Milli Məclisin iclası başa çatdı.
Milli Məclisin
Mətbuat xidməti