TÜRKPA-NIN MƏNZİL QƏRARGAHININ AÇILIŞ MƏRASİMİ KEÇİRİLDİ
Dekabrın 22-də Türkdilli Ölkələrin Parlament Assambleyasına (TürkPA) üzv ölkələrin parlamentlərinin sədrləri – Azərbaycan Milli Məclisinin Sədri Oqtay Əsədov, Türkiyə Böyük Millət Məclisinin Sədri İsmayıl Kahraman, Qazaxıstan Parlamenti Məclisinin Sədri Nurlan Niqmatulin və Qırğızıstan Joqorku Keneşinin Sədri Çınıbay Tursunbekov Fəxri xiyabanda müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini yad etdilər, abidəsi önünə əklil qoydular.
Fəxri Xiyabanda görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anıldı, məzarı üzərinə tər çiçəklər düzüldü.
Sonra Şəhidlər Xiyabanına gedən parlament sədrləri Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad etdilər, “Əbədi məşəl” abidəsinin önünə əklil qoydular.
Daha sonra Şəhidlər Xiyabanında qəhrəman türk əsgərlərinin xatirəsinə ucaldılmış abidə ziyarət edilərək önünə əklil qoyuldu.
Sonra Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) Beynəlxalq Katibliyinin Bakı şəhərində inşa edilmiş mənzil-qərargahının rəsmi açılış mərasimi keçirildi.
Açılış mərasimində Azərbaycan Milli Məclisinin Sədri Oqtay Əsədov, Türkiyə Böyük Millət Məclisinin Sədri İsmayıl Kahraman, Qazaxıstan Parlamenti Məclisinin Sədri Nurlan Niqmatulin və Qırğızıstan Joqorku Keneşinin sədri Çınıbay Tursunbekov, Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov, Sədr müavini Valeh Ələsgərov, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, TürkPA rəhbərliyi, millət vəkilləri, səfirliklərin nümayəndələri və digər rəsmi şəxslər iştirak edirdilər.
Binanın rəmzi açılışını bildirən lent kəsildikdən sonra tədbir iştirakçıları mənzil-qərargahda yaradılan şəraitlə tanış oldular.
Sonra tədbirdə TürkPA-nın yaranması, inkişaf yolu və fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirildi.
Çıxış edən Milli Məclisin Sədri Oqtay Əsədov ev sahibi kimi palament sədrlərini, Türkiyə, Qazaxıstan və Qırğızıstandan ölkəmizə qonaq gəlmiş millət vəkillərini və tədbir iştirakçılarını salamlayaraq dost və qardaş ölkələrin ortaq parlament məclisi olan TürkPA-nın Katibliyi üçün inşa edilmiş inzibati binanın açılış mərasimi münasibətilə təbriklərini çatdırdı. Sədr yeni binada TürkPA-nın işinə uğurlar arzuladı.
Bildirdi ki, Azərbaycan dövlətinin rəhbərliyi Türkdilli Ölkələrin Parlament Assambleyasının fəaliyyətinə ilk gündən böyük diqqət və qayğı göstərmişdir. Bu binanın inşası ilə bağlı bütün xərcləri Azərbaycan hökuməti çəkmişdir. Sədr bununla əlaqədar Azərbaycan Prezidenti cənab İlham Əliyevə TürkPA adından dərin minnətdarlığını bildirdi.
Milli Məclisin Sədri Oqtay Əsədov bugünkü tədbirə qatılmaq üçün ölkəmizə səfər etmiş həmkarlarına və ölkəmizə qonaq gəlmiş bütün millət vəkillərinə, nümayəndə heyətlərinin üzvlərinə təşəkkürünü bildirdi.
Milli Məclisin Sədri bu yeni binada TürkPA-nın daha səmərəli fəaliyyət göstərəcəyinə və parlamentlərarası əlaqələrimizin inkişafına yeni töhfələr verəcəyinə əminliyini ifadə etdi.
Sonra çıxış edən Qazaxıstan Parlamenti Məclisinin sədri, TürkPA-nın fəaliyyətdə olan sədri Nurlan Niqmatulin bildirdi ki, bu il Azərbaycan, Qazaxıstan və Qırğızıstan müstəqilliklərinin 25 illik yubileylərini qeyd edirlər. Ötən dövr ərzində ölkələrimiz böyük uğurlar əldə edib, beynəlxalq aləmdə özlərinə layiqli yer tutublar. Bunun nəticəsidir ki, dünyada artıq bizim ölkələrimizin parlamentlərinin də səsi eşidilir.
Nurlan Niqmatulin diqqətə çatdırdı ki, TürkPA gələcəyi parlaq olan bir təşkilatdır. Qurumun fəaliyyəti ortaq tariximizin qorunmasına və ortaq maraqlarımızın həyata keçirilməsinə xidmət edir. Onun fəaliyyəti nəticəsində ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni sahələrdə əlaqələr inkişaf edir.
Nurlan Niqmatulin TürkPA Katibliyinin binasının inşasına göstərdiyi dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirdi və yeni binada TürkPA katibliyinin əməkdaşlarına uğurlar arzuladı.
Çıxış edən Türkiyə Böyük Millət Məclisinin Sədri İsmayıl Kahraman Prezident Rəcəb Tayyib Ərdoğanın və Türkiyə Böyük Millət Məclisinin adından tədbir iştirakçılarını salamladı. Bildirdi ki, yan-yana və güclü olmaq TürkPA-nın hədəfidir. Bizim inkişafımızı istəməyən qüvvələr var, amma onlar bizim qarşımızı kəsə bilməyəcəklər. TBMM-in Sədri TürkPA-ya verdiyi dəstəyə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirdi və türk xalqlarına birlikdə gözəl günlər arzuladı.
Sonra çıxış edən Qırğızıstan Joqorku Keneşinin Sədri cənab Çınıbay Tursunbekov TürkPA-nın 7 ildə böyük işlər gördüyünü diqqətə çatdırdı. Qeyd etdi ki, Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin təşəbbüsü ilə qurulmuş bu təşkilat türk xalqlarının ortaq maraqlarını ifadə edir. O, Prezident İlham Əliyevə və spiker Oqtay Əsədova TürkPA-ya verdikləri dəstəyə görə təşəkkürünü bildirdi. Çınıbay Tursunbekov türk dövlətlərinin əməkdaşlığının güclənməsinə və gələcəkdəki gözəl planların reallaşdırılmasına inamını ifadə etdi və qarşıdan gələn 2017-ci il münasibətilə təbriklərini çatdırdı.
Qırğızıstan parlamentinin sədri TürkPA-nın qərargahına görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun müəllifi olduğu və imzaladığı 8 cildlik əsərlər toplusunu hədiyyə etdi.
Açılış mərasimindən sonra TürkPA-nın binası fonunda xatirə fotoları çəkildi.
Milli Məclisin
Mətbuat xidməti