OQTAY ƏSƏDOV: “AZƏRBAYCAN-TÜRKİYƏ DOSTLUĞU SARSILMAZ VƏ DAİMİDİR”

Sədrin görüşləri
22 dekabr 2016 | 07:12   
Paylaşın:        

Dekabrın 22-də Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin Sədri İsmayıl Kahramanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi.
Sədr TÜRKPA-nın yeni inzibati binasının açılışı ilə bağlı mərasimdə iştirak etmək üçün ölkəmizə səfər etmiş qardaş Türkiyənin Spikerinə öz dərin təşəkkürünü bildirərək dedi ki, TÜRKPA bundan sonra da parlamentlərimiz arasında əməkdaşlığın daha da dərinləşməsi istiqamətində fəaliyyət göstərəcəkdir.
Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası, TÜRKSOY, Türk Akademiyası kimi qurumlar türk dünyasının birləşməsinə xidmət edir.  İnanırıq ki, TÜRKPA gələcəkdə digər türkdilli dövlətləri əhatə edəcək nüfuzlu bir quruma çevriləcəkdir. Bu təşkilatın digər beynəlxalq qurumlarla əlaqələrin güclənməsini təqdirəlayiq hesab edirik.
Söhbətdə Azərbaycan-Türkiyə münasibətlərindən söz açan Sədr dostluğumuzun sarsılmaz və daimi olduğunu bildirdi. O, Türkiyədə sabitliyi pozmağa yönəlmiş xain terror aktlarını pisləyərək,  polis əməkdaşlarının və sivillərin şəhid olması xəbərlərinin azərbaycanlıları  kədərləndirdiyini dedi. Türk xalqına öz adından və Milli Məclisin deputatları adından dərin hüznlə başsağlığı verdi. Qeyd edildi ki, xalqlarımız əsrlər boyu bir yerdə olmuş, bir-birlərinin  dərdinə şərik çıxmışlar.  Bu iki ölkə birlikdə türkdilli dövlətlərin əməkdaşlığına da müsbət təsir göstərir.
Söhbətdə əməkdaşlığımızın strateji tərəfdaşlıq səviyyəsinə  yüksəlməsində dövlət başçılarının rolu yüksək dəyərləndirildi.  Qeyd olundu ki, əlaqələrimizin inkişafına parlamentlərimiz də öz töhfəsini verməkdədir. Hər iki ölkənin qanunvericilik orqanından dostluq qrupları fəaliyyət göstərir. Qarşılıqlı səfərlər, nüfuzlu beynəlxalq qurumlarda keçirilən görüşlər münasibətlərimizi daha da dərinləşdirir.
Söhbətdə Dağlıq Qarabağ problemindən danışan Sədr bu ilin aprel ayında işğalçı Ermənistanın Azərbaycanın nəyə qadir olduğunu öz üzərində hiss etdiyini bildirdi. Qeyd edildi ki, ancaq biz problemin sülh yolu ilə həllinə tərəfdarıq. İnanırıq ki, gec-tez bu məsələ öz ədalətli məntiqi nəticəsini tapacaqdır.
Səmimi qəbul üçün minnətdarlığını bildirən Türkiyə Böyük Millət Məclisinin Spikeri və TÜKPA-nın fəaliyyətdə olan Sədri  İsmayıl Kahraman ölkəmizə səfərindən, TÜRKPA-nın yeni inzibati binasının  açılışı mərasimində iştirakından məmnunluq duyduğunu söylədi. O, Azərbaycan Prezidentinə və dövlətinə TÜRKPA-ya göstərdikləri qayğıya və dəstəyə görə minnətdarlığını bildirdi. Qonaq TÜRKPA-nın gələcəkdə türkdilli ölkələrin haqq səsinin dünya miqyasında eşidilməsi işinə layiqli töhfə verəcəyinə inamını ifadə etdi. Təşkilata gələcək fəaliyyətində uğurlar arzuladı.
Türkiyə-Azərbaycan münasibətlərinə toxunan İsmayıl Kahraman Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu, Azərbaycan tərəfindən də qarşılıqlı şəkildə bu dəstəyin daim hiss etdiklərini söylədi. Bölgədəki vəziyyətdən söz açan qonaq  Türkiyədə terror aktlarının arxasında dayanan qüvvələrin öz niyyətlərinə çata bilməyəcəklərini vurğuladı.
Söhbətdə qonaq münasibətlərimizin həyatın bütün sahələrində yüksək səviyyədə olduğuna diqqət çəkdi. Bildirildi ki, dövlət başçılarımız arasındakı səmimi münasibət iqtisad əlaqələrimizə də öz müsbət təsirini göstərir. Bu gün Türkiyədə  Avropa ilə Asiyanı birləşdirəcək infrastruktur layihələrin reallaşması üçün gərəkli addımlar atılır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum  kimi neft və qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin çəkilişi ölkələrimizin regionda nüfuzunu daha da artırmışdır. TANAP və TAP kimi qaz layihələrinin gələcəkdə reallaşması isə xalqlarımızın rifahına xidmət edəcəkdir. Sözsüz ki, əldə etdiyimiz nailiyyətlər bədxahlarımızı narahat edir. Bütün bunlara baxmayaraq, Azərbaycan və Türkiyə ümumi məqsədlərə doğru inamla addımlayır.
İsmayıl Kahraman Dağlıq Qarabağ məsələsində Türkiyənin hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini söyləyərək, problemin tezliklə öz həllini tapacağına inamını ifadə etdi.
Söhbətdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Görüşdə Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov, parlament Aparatının rəhbəri Səfa Mirzəyev, Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Əhliman Əmiraslanov, deputatlardan Cavanşir Feyziyev, Malik Həsənov, Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral və digər rəsmi şəxslər iştirak edirdilər.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU