UŞAQLARA QARŞI ZORAKILIQLA MÜBARİZƏ” PROQRAMI ÇƏRÇİVƏSİNDƏ NÖVBƏTİ TƏDBİR KEÇİRİLDİ

Tədbirlər
02 may 2012 | 05:05   
Paylaşın:        

“Mayın 2-də  Suraxanı  rayonundakı Heydər Əliyev Mərkəzində Avropa Şurasının “Uşaqlara qarşı zorakılıqla mübarizə” proqramı çərçivəsində  növbəti  tədbiri keçirildi. Yığıncaq Milli Məclisin  Beynəlxalq  münasibətlər və parlamentlərarası əlaqələr  komitəsinin sədr  müavini, proqram üzrə əlaqələndirici Sevinc  Fətəliyevanın  təşəbbüsü ilə baş tutdu. “Zorakılığa yox deyək” adı altında keçirilən toplantıda rayon icra hakimiyyətinin, təhsil müəssisələrinin nümayəndələri, Daxili İşlər Nazirliyinin əməkdaşları və xarici ekspertlər iştirak edirdilər.
Suraxanı rayon İcra hakimiyyətinin başçısı İlqar Abbasov öz çıxışında bəşəriyyətin gələcəyi olan uşaqların hüquqlarından, mövcud qanunvericilikdən danışaraq dedi ki, hər il rayon ərazisində uşaqlaırn təhsilinə, sosial təminatına, asudə vaxtlarının təşkilinə xidmət edən onlarla yeni müəssisə inşa olunaraq istifadəyə verilir.  Belə bir  tədbirin  rayonda  keçirilməsindən məmnun olduğunu deyən icra başçısı bildirdi ki, məqsəd uşaq zorakılığının qarşısının alınması istiqamətində görülən işlərin təhlili və bu sahədə işin səmərəliyinin artırılmasına dair fikir mübadiləsi aparmaqdır.
Sonra Sevinc Fətəliyeva tədbir iştirakçılarına həyata keçirilən proqramın məqsədi, bu çərçivədə ölkəmizdə görülən işlər barədə məlumat verdi. Qeyd etdi ki, sözügedən proqramın ölkəmizdə tətbiqinə Azərbaycan hökuməti kifayət qədər maliyyə vəsaiti və diqqət ayırıb. Almaniyalı psixoloq, ekspert Qalina Heinzelman, Latviyadan olan psixoloq Marina Daliba uşaq zorakılığına qarşı mübarizə istiqamətində öz ölkələrinin təcrübəsindən danışdılar. Daxili İşlər Nazirliyinin şöbə müdiri Kamal İmamverdiyev təmsil etdiyi təşkilatın bu məsələni daim diqqət mərkəzində saxladığını dedi.
Tədbirdə polis-vətəndaş münasibətlərinin yeni mexanizmlərinin yaradılması istiqamətində həyata keçirilən islahatlar, görülən işlərə dair fikir mübadiləsi aparıldı.


Milli Məclisin
Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU