MİLLİ MƏCLİSİN PAYIZ SESSİYASI BAŞA ÇATDI

Tədbirlər
30 dekabr 2016 | 04:12   
Paylaşın:        

 Dekabrın 30-da  Milli Məclisin 2016-cı il payız  sessiyasının  son iclası  keçirildi.  İclası  açan  Milli Məclisin Sədri Oqtay  Əsədov  millət  vəkili, Xalq  artisti Zeynəb  Xanlarovanı  yubileyi və Prezident İlham Əliyev tərəfindən mədəniyyətimizin inkişafındakı xüsusi xidmətlərinə görə “Heydər Əliyev” ordeni ilə təltif olunması  münasibəti  ilə  təbrik  etdi.
Sonra  gündəlikdəki  məsələlərin  müzakirəsinə  başlanıldı. Əvvəlcə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” qanun layihəsini  təqdim etdi. Bildirildi ki, son vaxtlar ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar, xüsusilə Vergi Məcəlləsinə edilmiş son dəyişikliklər sahibkarlar tərəfindən yüksək qiymətləndirilir. Sözügedən qanun layihəsi ölkə başçısı İlham Əliyevin təşəbbüsü ilə Milli Məclisə daxil olub. Layihə vergi ödəyicilərinin vergi yükünün azaldılmasını, sahibkarlığın inkişafının stimullaşdırılmasını və əlverişli biznes mühitinin formalaşdırılmasını nəzərdə tutur.
Layihədə nəzərdə tutulan vergi amnistiyası ölkədə iqtisadi aktivliyin artırılmasına xidmət edir və iki hissədən ibarətdir. Birinci hissəyə əsasən, vergi ödəyicilərinin vergilərin vaxtında ödənilməməsinə görə hesablanmış faizlər üzrə 2017-ci ilin 1 yanvar tarixinə vergi orqanlarındakı şəxsi hesab vərəqələrində mövcud olan borcları silinir. İkinci hissəyə əsasən isə vergi ödəyicilərinin vergi orqanları tərəfindən Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən tətbiq edilən maliyyə sanksiyaları üzrə yaranmış 2017-ci ilin 1 yanvar tarixinə vergi orqanlarındakı şəxsi hesab vərəqələrində mövcud olan borcları silinir. Vergi ödəyiciləri tərəfindən 2017-ci ilin yanvar ayı ərzində həmin maliyyə sanksiyalarının 30 faizi ödənildikdə, ödənilməmiş 70 faiz borc silinəcək. Yanvar-fevral ayları ərzində həmin maliyyə sanksiyalarının 50 faizi ödənildikdə ödənilməmiş 50 faiz, yanvar-mart ayları ərzində maliyyə sanksiyalarının 70 faizi ödənildikdə isə ödənilməmiş 30 faiz borc silinəcək. Bildirildi ki, layihə beynəlxalq təcrübəyə əsaslanaraq hazırlanıb və bunu  tətbiq  edən ölkələrdə iqtisadi güzəştlər müsbət nəticələr vermişdir. Sənəd  səsə  qoyularaq  qəbul  edildi.
“Əhalinin radiasiya təhlükəsizliyi haqqında” qanunda dəyişikliklər edilməsi barədə məlumat verən  Milli Məclis  Sədrinin müavini, Təbii  ehtiyatlar, energetika  və  ekologiya    komitəsinin  sədri  Valeh Ələsgərov bildirdi ki,  sənəd “Lisenziyalaşdırma  sahəsində  bəzi  tədbirlər  haqqında”  Azərbaycan  Prezidentinin  2015-ci il 21  dekabr  tarixli  713  nömrəli  Fərmanının  icrası ilə əlaqədardır. O, vurğuladı ki, qanunun 10-cu  maddəsinə “dövlət  inhisarında  olmaqla” sözü  və “radioaktiv  və ionlaşdırıcı  şüalar  verən  maddələrin  tullantılarının  basdırılması ilə bağlı  fəaliyyəti müvafiq  icra  hakimiyyəti  orqanı  həyata  keçirir” cümləsi əlavə  edilir.  Sənəd  səsvermə  yolu ilə qəbul  edildi.
Sonra  Hüquq  siyasəti  və  dövlət  quruculuğu  komitəsinin  sədr müavini Rövşən Rzayev “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 10 illiyi (2007-2017)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik edilməsi barədə məlumatı diqqətə  çatdırdı. Qeyd  olundu ki, medal Azərbaycanda xidmətdə fərqlənən miqrasiya orqanı əməkdaşları üçün təsis edilir. Ölkə Prezidentinin  təqdimatı ilə “Azərbaycan Respublikası orden və medallarının təsis edilməsi haqqında” qanuna bununla  əlaqədar  əlavə və dəyişiklik təklif olunur. Layihəyə əsasən “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 10 illiyi (2007-2017)” yubiley medalı ilə  miqrasiya orqanlarının fəaliyyətinin təşkilində, inkişafında və möhkəmləndirilməsində xüsusi xidmətləri olan, vəzifələrini nümunəvi yerinə yetirən, qulluqda yüksək nəticələr əldə edən miqrasiya orqanlarının işçiləri, habelə miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsində, miqrasiya proseslərinin idarə edilməsində və tənzimlənməsində fəal iştirak edən digər şəxslər təltif olunacaq.  Qanun  layihəsi  səsvermə  yolu ilə  qəbul  edildi.
Sonra  Rövşən Rzayev  “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında”  Qanunda dəyişikliklər edilməsi barədə” 2013-cü il 19 aprel tarixli 626-IVQD nömrəli Qanununa təklif  olunan  dəyişikliyin  qanunvericiliyin  təkmilləşdirilməsi  məqsədi ilə  edildiyini dedi.   Qanun  layihəsi  səsə  qoyularaq  qəbul  edildi.
Gündəlikdəki  növbəti  5 məsələnin -  “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”,  “Nəşriyyat işi haqqında”, “Lotereyalar haqqında”,  “Təhsil haqqında”   qanunlara  edilən  dəyişikliklərin “Reklam haqqında”  2015-ci il 15 may  tarixli 1281-IVQ nömrəli  Qanuna  uyğunlaşdırma  məqsədi ilə  edildiyi  bildirildi. Bu  sənədlər  də  ayrı-ayrılıqda  səsə  qoyularaq  təsdiqləndi.
 “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanunda dəyişikliklər edilməsi barədə  sənədlə  əlaqədar  məlumat  verən  Hüquq  siyasəti  və  dövlət  quruculuğu  komitəsinin   sədr  müavini Rövşən  Rzayev məlumat  verdi.  Sənəddəki  dəyişikliyin “Azərbaycan  Respublikasının vətəndaşlığı  haqqında”  qanuna  dəyişiklik  edilməsi  barədə  2016-cı il  24  iyul  tarixli  302-VQD nömrəli  qanuna  uyğunlaşdırmaq  məqsədi ilə  aparılıb. Layihədə  əcnəbi  və  vətəndaşlığı  olmayan  şəxslərin  yaşayış  yerinin  müəyyən  edilməsi  üçün  onların qaçqın vəsiqəsinin  verilməsi və həmin  vəsiqədə  yaşayış  yeri  üzrə  qeydiyyatın  aparılması  nəzərdə  tutulur. Sənəd  səsə  qoyularaq  qəbul  edildi.
Rövşən Rzayev  gündəlikdəki  digər 2 məsələnin - “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” qanunda, eləcə də  “Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”də edilən dəyişikliklərin də qanunvericiliyə  uyğunlaşdırılmaq  məqsədi  ilə  təklif  edildiyini,  əcnəbilərin  müvəqqəti  və ya  daimi  yaşamaq  üçün  qaçqın  statusu  alması və yaşayış  yeri olmayan  qaçqın statusu almış şəxslərin  qeydiyyata  alınmasını  nəzərdə  tutulduğunu  vurğuladı. Hər  iki  sənəd  səsvermə  yolu ilə qəbul  edildi. 
Sonra İqtisadi  siyasət, sənaye  və  sahibkarlıq  komitəsinin  sədri Ziyad  Səmədzadə  “Büdcə sistemi haqqında” qanunda dəyişikliklər edilməsi barədə məlumatı  diqqətə  çatdırdı. Komitə  sədri  qeyd  etdi ki,  sənədin 6.6-cı  maddəsinin ləğv olunması  dövlət  büdcəsinin  idarə  olunmasında  hesabatlılığın, uçotun  düzgün  təşkilinin, şəffaflığının  təmin edilməsi  məqsədi daşıyır. Qanunun 6.7-ci, 10.4-cü, 19.4-cü  maddələrindən “bu  qanunun 6.6-cı  maddəsində nəzərdə  tutulan  hallar  istisna  olmaqla”  sözləri  çıxarılır. Qanunun  digər  maddələrində olan  texniki  xarakterli dəyişikliklər  də  diqqətə  çatdırıldıqdan  sonra  sənəd  deputatlar  tərəfindən  məqsədəuyğun  sayıldı.
Gündəlikdəki digər məsələlər – Vergi, İnzibati Xətalar məcəllələrinə,  habelə “Notariat haqqında”, “İcbari  sığortalar  haqqında” qanunlara dəyişikliklər edilməsi ilə  bağlı  sənədlərdə  qeyd  olundu ki, sözügedən  qanunlar “Avtomobil  nəqliyyatı haqqında”   qanunda  dəyişikliklər  edilməsi  barədə 2015-ci il 29 may  1303-IVQD  nömrəli  qanuna  uyğunlaşdırılır. Sənədlər ayrı-ayrılıqda  səsə  qoyularaq  qəbul  edildi.
 “Yol hərəkəti haqqında” qanunda edilən dəyişiklikləri Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev  şərh etdi. Nəzərə çatdırıldı ki, layihədə nəzərdə tutulan düzəlişlər nəqliyyat infrastrukturunun daha səmərəli fəaliyyət göstərməsinə xidmət edəcək. Nəqliyyat sistemində idarəçiliyin təkmilləşdirilməsi, o cümlədən yollarda tıxacların aradan qaldırılması ilə əlaqədar  olaraq qanunun 1-ci maddəsinə parklanma yeri ilə bağlı yeni bənd əlavə olunub. Əlavədə deyilir ki, bu, yaşayış məntəqələrinin hüdudlarında avtomobil yolunun hərəkət hissəsində nəqliyyat vasitələrinin durması üçün ayrılmış, işarələnmiş və təchiz edilmiş yerdir. Parklanmanın təşkili qaydalarının göstərildiyi və yeni redaksiyada verilmiş 53-cü maddədə bildirilir ki, dövlət avtomobil yollarında parklanma yerləri müvafiq icra hakimiyyəti orqanlarının təklifləri əsasında müəyyən edilmiş siyahıya uyğun olaraq təşkil edilir. Parklanma yerləri 24 saat fəaliyyət göstərir. Belə yerlərin 3 faizi əlillər üçün ayrılır. Operativ nəqliyyat vasitələri ödənişli parklanma yerlərindən pulsuz istifadə edirlər. Habelə qeyd edilir ki, bir parklanma müddəti 24 saatdan artıq ola bilməz. Nəqliyyat vasitəsi parklanma yerində 24 saatdan artıq saxlandıqda İnzibati Xətalar Məcəlləsinin 127-2.4-cü maddəsində nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında elektron protokol tərtib olunur, nəqliyyat vasitəsi duracağa aparılır və onun istifadəçisinə məlumat verilir. O,  İnzibati Xətalar Məcəlləsinə  edilən bəzi dəyişikliklər və bir sıra zəruri əlavələri  də  diqqətə  çatdırdı. Bildirildi ki, 124.5-ci maddəyə əlavə olunan qeyd hissəsində deyilir ki, burada “yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallar” dedikdə dayanma qaydalarını pozmuş nəqliyyat vasitəsinin mühafizə olunan duracağa aparılmasının tıxac yaranmasına, digər nəqliyyat vasitələrinin və piyadaların hərəkətini mühüm dərəcədə məhdudlaşdırmasına səbəb olduğu hallar başa düşülür. Eyni zamanda, Məcəlləyə parklanma qaydalarının pozulması və buna görə tətbiq olunan cərimələrlə bağlı 346-1 maddəsi əlavə olunur. Sənədlər  ayrı-ayrılıqda  səsə  qoyularaq  qəbul  edildi.
Mülki Məcəllədə  edilən  dəyişikliklər  “Kənd  təsərrüfatının  kooperasiyası  haqqında” 2016-cı il 14 iyun tarixli 270-VQ nömrəli  qanunun  tətbiqi ilə əlaqədar  hazırlanmışdır. Dəyişiklik layihəsinə əsasən, Azərbaycanda fəaliyyət göstərən kənd təsərrüfatı korporativlərinin istehsal etdiyi kənd təsərrüfatı və emal məhsullarından başqa digər məhsulların satışına cərimə tətbiq ediləcək. Sənəd razılıqla  qarşılandı.
“Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” qanunda dəyişikliklər edilməsi barədə sənədlə  bağlı  danışan Rövşən Rzayev bildirdi ki,  sənədin 23.1-ci  maddəsində müfəssəl  planın  şəhər, qəsəbə  və kənd  əraziləri üçün hazırlanmasının vacibliyi bildirilir, şəhərsalma  fəaliyyətinin  tənzimlənməsi  üçün məcburi  hüquqi  qüvvəyə  malik  qaydalar  təsbit olunur.  Hal-hazırda  yerli  icra  hakimiyyətləri  tərəfindən  müfəssəl  planların  hazırlanması və  təsdiqi  işi  həyata  keçirilir.  Bu  səbəbdən müfəssəl  planın məcburi  tətbiq  müddətinin bir  il  daha  uzadılaraq  4 ildən 5  ilə  keçirilməsi  zərurəti  yaranmışdır.  Millət  vəkilləri   sənəddəki  dəyişikliyi  səsvermə  yolu ilə   qəbul  etdilər.
Rövşən Rzayev Mülki Prosessual Məcəllədə və “İcra haqqında” qanunda dəyişikliklər edilməsi haqqında qanun layihələrini  də şərh etdi.  Qeyd  olundu ki, ər və arvad arasında nikah  pozulduğu  təqdirdə  bir  müddət  məhkəmə  prosedurlarının  və aliment  təyininin uzanması  baş  verir. Bu  arada  yaranan boşluq  müəyyən məişət  zorakılığı ilə əlaqədar  problemlər  yaradır.  Qanundakı  dəyişiklik  bu  boşluğun  aradan qaldırılmasına  xidmət  edəcək. Yeni  təklif  məhkəmələrin texniki  yükünü  də bir  qədər azaltmış olacaq.  Qanun  layihələri ayrı-ayrılıqda   səsvermə  yolu ilə  qəbul  edildi.
Milli Məclis  Sədrinin müavini Bahar  Muradova Dünya azərbaycanlılarının  həmrəyliyi günü  münasibəti ilə Milli Məclisin Müraciətinin mətnini  oxudu. Müraciət  səsə  qoyularaq  təsdiqləndi.
Sonra  spiker Oqtay Əsədov sessiyanın  yekunları  ilə bağlı  fikirlərini  bildirdi.  Sədr  dedi:
“Hörmətli  deputatlar!
Milli Məclisin payız  sessiyası bu  gün başa çatır. Parlament payız sessiyası dövründə məhsuldar fəaliyyət göstərib.  Bu  dövrdə Milli Məclisin 10 iclası  keçirilib, 195 qanun və qərar qəbul edilmişdir. Milli Məclis Azərbaycan Prezidenti cənab  İlham Əliyevin təsdiq  etdiyi milli iqtisadiyyat  və iqtisadiyyatın  əsas  sektorları üzrə strateji yol xəritələrinin  hazırlanması  və  həyata  keçirilməsi  ilə bağlı  olan  qanunvericilik  sahəsində  öz  köməyini  əsirgəməmişdir.  Bu  dövrdə parlament  beynəlxalq  fəaliyyətini  də  xeyli inkişaf  etdirmişdir. Bu il biz  iki beynəlxalq  təşkilatda  iştirakımızı  bərpa  etmişik.  Milli Məclisin üzvləri dünyanın 24 ölkəsinə 50-dən çox səfər etmişlər. Millət vəkilləri bir çox ölkələrdə parlament və prezident seçkilərini də izləyib. Sessiya  dövründə 40-dan çox  dövlətin  nümayəndə  heyətləri  ölkəmizdə olmuş,  səmərəli  görüşlər  keçirilmişdir.
Sessiya  dövründə  Milli Məclisdə iki böyük  tədbir  keçirilmişdir.  GUAM PA-nın 9-cu  sessiyası çərçivəsində  Gürcüstan, Moldova və Ukraynanın  nümayəndə  heyətləri  ölkəmizdə oldu. Həmçinin, Azərbaycanda TürkPA-nın mənzil-qərargahının  açılması  münasibəti  ilə  keçirilən böyük  tədbirdə  3  ölkənin  parlament  sədrləri  iştirak  edirdi. Hər  iki  tədbir  çərçivəsində olduqca  səmərəli  görüşlər  keçirilmişdir.
Xalqın  maraqları  və  tələbləri  üzərində  qurulan  siyasətə  görə və qarşıdan  gələn  bayramlar  münasibəti ilə cənab  Prezidentimizi, onun  ailə üzvlərini  ürəkdən  təbrik edir, Azərbaycanın  işıqlı  gələcəyi  naminə  öz adımdan  və millət  vəkilləri adından ölkə başçısına uğurlu  fəaliyyət  arzu  edirəm!”
Sonra Spiker qarşıdan  gələn Dünya  Azərbaycanlılarının  həmrəylik  günü  və Yeni il bayramı  münasibəti  ilə xalqımıza və deputatlara  təbriklərini  çatdırdı.
Sonda  Azərbaycanın Dövlət  himni  səsləndirildi və  Milli Məclis  2016-cı ilin payız  sessiyasının işini  başa  çatdırdı.

 

Milli Məclisin
Mətbuat  xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU