İNSAN HÜQUQLARI KOMİTƏSİNİN İCLASINDA

Komitə iclasları
19 yanvar 2017 | 04:01   
Paylaşın:        

Yanvarın 19-da Milli Məclisin İnsan hüquqları  komitəsinin 2017-ci ilin yaz  sessiyasında ilk iclası  keçirildi.  İclası  açan Milli Məclis  Sədrinin müavini, komitənin sədri  Bahar Muradova  millət  vəkillərini yeni  ilin  və sessiyanın  başlanması  münasibəti ilə  təbrik  etdi, qarşıdakı  sessiyada  onlara  uğurlu  fəaliyyət  arzuladı. Sonra o,  ötən  sessiya  ərzində  komitədə görülən işlərdən danışdı. Bildirildi ki, 2016-cı il payız sessiyasında komitənin 2 iclası keçirilib, bu iclaslarda 5 məsələ müzakirə olunmuşdur.  Bu sənədlərdən  üçü - “Dini etiqad azadlığı haqqında”, “Kütləvi informasiya vasitələri haqqında” qanunlarda dəyişikliklər və “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” qanun layihələri Milli Məclisin plenar  sessiyasında  müzakirə  edilərək qəbul  edilib.
Vitse-spiker qeyd etdi ki, payız sessiyası dönəmində komitəyə vətəndaşlardan, idarə və təşkilatlardan 849 sənəd daxil olub. Bu  sənədlərdən 447-si  komitə  adından baxılması  üçün müvafiq orqanlara göndərilib və tam əksəriyyəti müsbət həllini tapıb. Bahar  Muradova komitə sədri kimi hesabat  dövründə  114 nəfəri  şəxsən qəbul etdiyini, komitənin işçiləri tərəfindən 175 vətəndaşın dinlənildiyini, onların qayğı və problemlərinin həllində lazımi  köməklik  göstərildiyini dilə  gətirdi. 
Millət  vəkilləri  Yevda  Abramov, Əflatun Amaşov, Tahir Kərimli, Astan Şahverdiyev, Elman Nəsirov, Hikmət  Məmmədov, Flora Qasımova, Sona  Əliyeva çıxış  edərək  komitənin payız sessiyası dövründə fəaliyyətini qənaətbəxş qiymətləndirdilər.
Bahar  Muradova komitənin 2017-cı il yaz sessiyası üçün qanunvericilik işləri  planı barədə də  məlumat  verdi, müzakirələrdən sonra iş planı təsdiqləndi. Vitse-spiker qarşıdakı sessiya  müddətində komitədə ölkə Prezidentinin sərəncamına əsasən 2017-ci ilin “İslam həmrəyliyi ili” elan olunması, Xocalı soyqırımının  25 illiyi, 1 iyun – Uşaqları müdafiə günü, 18 iyun -  Milli insan hüquqları günü ilə əlaqədar və  digər  bir  sıra  tədbirlər  keçiriləcəyi  barədə  ətraflı məlumat verdi.
Daha  sonra  iclasda “İnformasiya əldə etmək haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə baxıldı. Sənədlə  bağlı məlumat  verən Milli Məclis  Aparatının  Dövlət  quruculuğu  üzrə  qanunvericilik şöbəsinin müdiri Mirhəşim Seyid bildirdi ki, Mülki Məcəllədə  dəyişikliklər  edilməsi ilə bağlı  29 dekabr  2015-ci il tarixli  98-VQD nömrəli  qanunun tətbiqi ilə əlaqədar  sözügedən qanuna  dəyişiklik  təklif  edilib. Bu dəyişikliyin məqsədi publik hüquqi şəxslərin informasiya əldə etməsi ilə bağlı fəaliyyətlərinin tənzimlənməsindən ibarətdir. Millət  vəkilləri  qanun  layihəsinə  təklif  olunan  dəyişikliyi  məqsədəuyğun  hesab  etdilər.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə edildi.


Milli Məclisin
Mətbuat  xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU