TƏHLÜKƏSİZLİK, MÜDAFİƏ VƏ KORRUPSİYA İLƏ MÜBARİZƏ KOMİTƏSİNİN İCLASI KEÇİRİLDİ

Komitə iclasları
19 yanvar 2017 | 04:01   
Paylaşın:        
Yanvarın 19-da Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçirildi.  İclasda üç qanun layihəsinə təklif olunan dəyişikliklər və bir yeni qanun layihəsi müzakirə edildi.
Milli Məclis Sədrinin birinci müavini, komitənin sədri Ziyafət Əsgərov bildirdi ki, gündəlikdə olan “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam nizamnaməsi”nə  və “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi”nə təklif olunan dəyişikliklər texniki xarakterlidir. Belə ki, qanun layihələrinin müvafiq maddələrində yer alan “müdafiə nazirinin”, “Müdafiə Nazirliyi”, “milli təhlükəsizlik naziri və daxili işlər nazirləri” və “Milli Təhlükəsizlik Nazirliyinin” sözləri  “müvafiq icra hakimiyyəti orqanı rəhbərinin”, “müvafiq icra hakimiyyəti orqanının” sözləri ilə əvəzlənir. Dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 dekabr tarixli Fərmanına müvafiq olaraq Dövlət Təhlükəsizliyi Xidmətinin yaradılması ilə əlaqədar mövcud qanunvericiliyin təkmilləşdirilməsi məqsədi daşıyır. 
Eyni məqsədlə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”yə də müvafiq dəyişikliklər təklif edilir. Dəyişikliyə görə, zabit heyəti vəzifələrini tutmaq üçün Azərbaycan Respublikasının dövlət orqanlarında qulluq (xidmət) keçən şəxsləri həqiqi hərbi xidmətə qəbul edərkən onlara yenidən attestasiya edilmə qaydasında, lakin tutduğu vəzifə və rütbəsi nəzərə alınmaqla təyin olunacaqları vəzifə üzrə nəzərdə tutulmuş  hərbi rütbədən yuxarı olmayan Azərbaycan Respublikası Silahlı Qüvvələrinin zabit heyəti rütbəsi verilir.
Ziyafət Əsgərov iclasda ikinci oxunuş üçün müzakirəyə çıxarılan  “Hərbi vəziyyət haqqında” Qanun layihəsi barədə də məlumat verdi. Bildirdi ki, birinci oxunuşda deyilən təkliflərin bir hissəsi nəzərə alınıb və layihə daha da təkmilləşdirilib. Layihədə hərbi vəziyyətin elan edilməsi, hərbi vəziyyət rejiminin təmin olunması, hərbi vəziyyət dövrü, bu dövrdə fiziki və hüquqi şəxslərin hüquq və azadlıqlarının təminatı, hərbi vəziyyət zamanı prokurorluq və qanunvericilik orqanlarının fəaliyyəti və digər məsələlər barədə müddəalar ətraflı şəkildə əksini tapıb.
Müzakirələrdən sonra qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olundu.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU