REGİONAL MƏSƏLƏLƏR KOMİTƏSİNİN İCLASINDA

Komitə iclasları
24 yanvar 2017 | 04:01   
Paylaşın:        

Yanvarın 24-də Milli Məclisin Regional məsələlər  komitəsinin  2017-ci ilin yaz  sessiyasında  ilk iclası  keçirildi.
Komitə  sədri  Arif  Rəhimzadə  millət  vəkillərini  yeni sessiyanın  başlanması  münasibəti ilə  təbrik etdi, onlara  uğurlu  fəaliyyət  arzuladı. Sonra o,  komitənin parlamentin 2016-cı ilin payız sessiyası dövründə gördüyü işlər barədə hesabatı təqdim etdi. Sessiya  dövründə görülən işlər barədə geniş məlumat verdi. Qeyd  olundu ki,  hesabat  dövründə  komitənin 5 iclası  keçirilib, 22 məsələ müzakirə olunub. Bu  məsələlərdən 7-si  qanun layihəsi,  digərləri isə inzibati ərazi  bölgüsü  ilə bağlı məsələlər  və  mövcud  qanunvericiliyə  uyğunlaşdırmalar  olmuşdur.   Arif Rəhimzadə  həmin  dövrdə Biləsuvar, Lerik, Salyan, Şabran,  Xaçmaz,  Abşeron,  Zərdab, Yardımlı,  Ucar  rayonlarında   inzibatı ərazı  bölgüsü  ilə bağlı baş verən  mübahisəli  məsələlərin uğurlu  həlli barədə  də ətraflı məlumat verdi.
Millət  vəkilləri Fəttah Heydərov, Fəzail İbrahimli çıxış edərək komitənin ötən dövrdə uğurlu fəaliyyət göstərdiyini, qəbul edilən qanunların yerli  özünüidarəetmə  orqanlarının işində  səmərəli olduğunu, bələdiyyələrin fəallığına müsbət təsir göstərdiyini  vurğuladılar.  Komitənin  hesabat  dövründəki  fəaliyyəti  qənaətbəxş hesab  olundu, hesabat yekdilliklə qəbul edildi.
Sonra  iclasda 2017-ci il yaz sessiyasının iş planı layihəsi müzakirə olundu. Layihəyə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Bələdiyyə  torpaqlarının  ayrılmasına  dair  sənədlərin  hazırlanması və razılaşdırılması qaydaları haqqında”, “Yerli (bələdiyyə) vergilər və ödənişlər  haqqında”, “Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyə  maliyyəsinin əsasları haqqında” qanunlara dəyişikliklər, Azərbaycanın inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi barədə sənədlər daxil edilmişdi. Yaz sessiyasının iş planı layihəsi təsdiqləndi.

 

Milli Məclisin
Mətbuat  xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU