ELM VƏ TƏHSİL KOMİTƏSİNİN İCLASI KEÇİRİLDİ

Komitə iclasları
25 yanvar 2017 | 05:01   
Paylaşın:        
Yanvarın 25-də Milli Məclisin Elm və təhsil komitəsinin yaz sessiyasında ilk iclası keçirildi.
Sədr İsa Həbibbəyli əvvəlcə Milli Məclisin 2016-cı ilin payız sessiyası ərzində komitənin fəaliyyəti barədə hesabatı diqqətə çatdırdı. Bildirdi ki, ötən sessiyada komitənin 6 iclası keçirilmiş, 11 məsələ müzakirə olunmuşdur. Hesabat dövründə komitənin ünvanına 184 müraciət daxil olmuş və onlarla bağlı müvafiq tədbirlər görülmüşdür. Payız sessiyasında “Məktəbəqədər təhsil haqqında” Qanun layihəsi geniş müzakirələrdən sonra Milli Məclisdə birinci oxunuşda qəbul edilmiş, layihə ikinci oxunuş üçün hazırlanmışdır. Bundan başqa komitədə bir sıra qanunlara dəyişikliklər müzakirə olunaraq plenar iclasa tövsiyə olunmuşdur.
Komitənin 2016-cı ilin payız sessiyası dövründə fəaliyyəti qənaətbəxş hesab edildikdən sonra, 2017-cı ilin yaz sessiyası üçün iş planına baxıldı. Bildirildi ki, yaz sessiyasında “Məktəbəqədər təhsil haqqında” Qanun layihəsinin ikinci və üçüncü oxunuşlarda Milli Məclisin plenar iclasına çıxarılması və “Peşə təhsili haqqında” Qanun layihəsinin hazırlanması nəzərdə tutulur. 
Sonra iclasda “Peşə təhsili haqqında” qanun layihəsinin hazırlanması üzrə yaradılmış işçi qrupunun tərkibi təsdiq edildi. İsa Həbibbəylinin rəhbərlik edəcəyi işçi qrupuna deputatlar və müvafiq strukturların nümayəndələri daxil edilib. Komitə sədri yaz sessiyasının sonuna qədər qanun layihəsinin hazırlanmasının nəzərdə tutulduğunu diqqətə çatdırdı.
İclasda çıxış edən deputatlar Bəxtiyar Əliyev, Musa Qasımlı, Şəmsəddin Hacıyev, Asim Mollazadə, Ağacan Abıyev və müvafiq strukturların nümayəndələri gündəlikdəki məsələlərlə bağlı fikirlərini bildirdilər.
Sonda gündəlikdəki hər üç məsələ Milli Məclisin plenar iclasına tövsiyə olundu.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU