GƏNCLƏR VƏ İDMAN KOMİTƏSİNDƏ

Komitə iclasları
25 yanvar 2017 | 06:01   
Paylaşın:        

Yanvarın 25-də Milli Məclisin Gənclər və idman komitəsinin 2017-ci ilin yaz sessiyasında ilk iclası keçirildi. Komitə sədri Fuad Muradov sessiyanın başlaması münasibəti ilə deputatlara təbriklərini çatdırdı və iclasın gündəliyini təqdim etdi.
Fuad Muradov əvvəlcə 2016-cı ilin payız sessiyasında görülən işlər barədə hesabat verdi. Bildirildi ki, ötən müddətdə komitənin üç iclası keçirilib. İclaslarda “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” yeni qanun layihəsi, Cinayət və  Cinayət-Prosessual  məcəllələrinə, habelə, “Bədən tərbiyəsi və idman haqqında”, “Gənclər siyasəti haqqında” qanunlara edilən dəyişiklik və əlavələrlə bağlı müzakirələr aparılıb.
Nəzərə çatdırıldı ki, komitə üzvləri sessiya ərzində ölkə Konstitusiyasına dəyişikliklərlə bağlı keçirilən referendum zamanı təbliğat-təşviqat kampaniyasında və səsvermə prosesində fəal iştirak ediblər. Deputatlar, habelə, bir sıra beynəlxalq təşkilatların toplantılarında, o cümlədən Avronest Parlament Assambleyasının işçi qrupunun iclasında, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin VII Forumunda, Şərq tərəfdaşlığı ölkələrində münaqişə zonaları mövzusunda konfransda iştirak ediblər.
Qeyd edildi ki, hesabat dövründə komitəyə vətəndaşlardan, ayrı-ayrı idarə və təşkilatlardan ümumilikdə 128 məktub, müraciət və digər sənədlər daxil olub. Vətəndaşlar tərəfindən ünvanlanmış məktublar əsasən məşğulluq, məişət problemləri, maddi yardım, sosial təqaüdlər və s. mövzuda olub. Müraciətlər komitədə nəzərdən keçirildikdən sonra baxılması üçün aidiyyəti qurumlara göndərilib. Bu müddətdə komitə sədri fərdi qaydada 78 vətəndaşı  qəbul edib, toxunulan məsələlərin bir çoxu öz müsbət həllini tapıb.
Komitə tərəfindən bir sıra sosial və xeyriyyə tədbirləri də həyata keçirilib. Aztəminatlı ailələrə səhiyyə, təhsil və digər zəruri xərclərin ödənilməsi üçün maddi yardımlar göstərilib.
Sonra komitənin 2017-ci ilin yaz sessiyası üçün iş planının layihəsi təqdim edildi. Diqqətə çatdırıldı ki, sessiya müddətində “Gənclər siyasəti haqqında” qanuna əlavə və dəyişikliklərin edilməsi, Səhiyyə komitəsi ilə  birgə “Reproduktiv sağlamlıq haqqında” yeni qanun layihəsinin hazırlanması nəzərdə tutulub. Sessiya ərzində komitə üzvləri Xocalı Soyqırımının 25 illiyinə həsr olunmuş tədbirlərin təşkili və keçirilməsində fəal iştirak edəcəklər. Eyni zamanda, 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması ilə əlaqədar gənclər sektorunda maarifləndirmə tədbirlərinin aparılması, 2 fevral - Gənclər gününə həsr olunmuş ictimai dinləmənin keçirilməsi planlaşdırılır.
Müzakirələr zamanı komitənin 2016-cı ilin payız sessiyası dövründə fəaliyyəti və 2017-ci ilin yaz sessiyasında görüləcək işlər müsbət qiymətləndirildi. İclasda çıxış edən komitə üzvləri Ülvi Quliyev, Adil Əliyev, Rauf Əliyev, Sevinc Hüseynova, Kamran Nəbizadə hesabat və tədbirlər planı barədə fikirlərini açıqladılar, bir sıra təkliflər verdilər. Millət vəkilləri ölkəmizdə, xüsusilə regionlarda idmanın kütləviləşməsi, döyüş idman növlərinə gənclərin cəlb olunması, bu sahədə maarifləndirmə işlərinin aparılmasının önəmli olduğunu söylədilər. Həmçinin qocaman idmançılara qayğı göstərilməsi və onların təcrübəsindən faydalanmağın əhəmiyyəti barədə danışdılar. 

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU