İƏTPİ-nin KOMİTƏSİ AZƏRBAYCANIN TƏŞƏBBÜSÜNÜ DƏSTƏKLƏMİŞDİR
Yanvarın 24-25-də Mali Respublikasının Bamako şəhərində İslam Əməkdaşlıq Təşkilatına üzv dovlətlərin Parlament İttifaqının Daimi İxtisaslaşmiş komitələrinin iclasları keçirilmişdir.
Milli Məclisin üzvləri Gövhər Baxşəliyeva və Mirkazım Kazımov təşkilatın Siyasi məsələlər və Xarici əlaqələr Daimi Komitəsinin iclasında iştirak etmişlər.
Komitənin iclasında Milli Məclisin nümayəndə heyətinin təşəbbüsü ilə təklif edilmiş 3 qətnamə layihəsi – Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünə dair, 1992-ci il Xocalı soyqırımı qurbanlarının xatirəsinin anılmasina dair, İƏTPİ, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumu arasında əməkdaşlığa dair qətnamə layihələri müzakirə edilmişdir. Hər üç qətnamə layihəsi üzv dövlətlər tərəfindən yekdilliklə dəstəklənmiş, komitə iclasında qəbul olunmuş və təsdiq olunması üçün yanvarın 27-28-də keçiriləcək İƏTPİ Konfransının 12-ci Sessiyasına göndərilmişdir.
Bununla da İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqı 1992-ci ildə Xocalı şəhərində Ermənistan silahlı qüvvələri tərəfindən azərbaycanlı əhaliyə qarşı törədilmiş cinayəti insanlığa qarşı cinayət və soyqırım kimi bir daha tanımış oldu və üzv parlamentləri Xocalı soyqırımını tanımağa çağırdı. Habelə, İttifaq “Xocalıya Ədalət” kampaniyasını dəstəklədiyini bir daha təsdiq etdi.
Milli Məclisin
Mətbuat xidməti