ƏMƏK VƏ SOSİAL SİYASƏT KOMİTƏSİNDƏ

Komitə iclasları
26 yanvar 2017 | 06:01   
Paylaşın:        

Yanvarın 26-da Milli Məclisin Əmək və sosial siyasət komitəsinin 2017-ci ilin yaz sessiyasında ilk iclası keçirildi.
Komitə sədri Hadi Rəcəbli öncə parlamentin 2016-cı il payız sessiyası dövründə komitədə görülmüş işlərin hesabatını təqdim etdi. Qeyd olundu ki, hesabat dövründə komitənin 5 iclası keçirilib, 10 məsələ müzakirə olunub, 8 qanun layihəsi Milli Məclisə baxılması üçün tövsiyə olunub və qəbul edilib. Hesabatda bildirildi ki, payız sessiyasında komitəyə 840 sənəd, o cümlədən vətəndaşlardan 760 ərizə, nazirlik və idarələrdən isə 80 cavab məktubu daxil olub. Sessiya müddətində  komitə sədrinin qəbulunda 320 vətəndaş olub və onların ərizələri aidiyyəti qurumlara göndərilib. Deputatlar müxtəlif beynəlxalq və yerli tədbirlərdə fəallıq göstəriblər. Komitənin hesabat dövründəki fəaliyyəti qənaətbəxş hesab olundu, hesabat yekdilliklə qəbul edildi.
2017-ci ilin yaz sessiyasına dair iş planı barədə danışan komitə sədri bildirdi ki,  “Turizm haqqında”, “Tütün məmulatlarının istifadəsinin məhtudlaşdırılması haqqında” qanun layihələrinə baxılacaq.
İclasda komitə sədrinin müavini Rauf Əliyev, deputatlar İlham Məmmədov, Musa Quliyev, Yaqub Mahmudov, Rafiq Məmmədhəsənov, Elmira Axundova və Sevinc Hüseynova iş planına dair rəylərini bildirib, bır sıra təkliflər verdilər.
Müzakirələrə yekun vuran komitə sədri Hadi Rəcəbli irəli sürülən təkliflərin nəzərə alınacağını qeyd etdi. Sonra komitənin iş planı təsdiqləndi. 

Milli Məclisin
Mətbuat xidməti



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU