MİLLİ MƏCLİSDƏ “MÜASİR ÇAĞIRIŞLAR VƏ İSLAM HƏMRƏYLİYİ” MÖVZUSUNDA TƏDBİR KEÇİRİLDİ
Yanvarın 31-də Milli Məclisdə parlamentin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Müasir çağırışlar və islam həmrəyliyi” mövzusunda tədbir keçirildi.
Tədbiri giriş sözü ilə açan Parlament Aparatının Redaksiya və nəşr işləri şöbəsinin Kitabxana işinin təşkili sektorunun müdiri Mehman Namazov bildirdi ki, tədbirin Milli Məclisin kitabxanasında keçirilməsinin simvolik mənası var. O, vurğuladı ki, Azərbaycan xalqının milli-mənəvi dəyərləri içərisində kitab, söz xüsusi yer tutur. Bu seçim kitabxana işinin təşkili sahəsində maariflənməni gücləndirmək, kitabxanalara, kitaba marağı artırmaq məqsədi daşıyır. Mehman Namazov tədbirin təşkilinə görə Milli Məclis rəhbərliyinə, Dini qurumlarla İş üzrə Dövlət Komitəsinə təşəkkürünü bildirdi.
Milli Məclisin Sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri, parlamentin ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova çıxışında bildirdi ki, hazırda bütün qitələrdə bəşəriyyəti narahat edən problemlər mövcuddur, dünya sivilizasiyalararası və dinlərarası ziddiyyətlərdən, siyasi kataklizmlərdən çox ziyan çəkir. Bu gün daha çox təhdidlərlə üzləşən, Qərb-Şərq qarşıdurmasından ən çox əziyyət çəkən də məhz İslam ölkələridir. Bəs xalqların dinc həyatı necə qorunmalı, bunun üçün hansı addımlar atılmalıdır? Vitse-spiker qeyd etdi ki, mədəniyyətlərin qovşağında yerləşən Azərbaycan demokratik dövlət quruculuğu yolunda çox inamlı addımları atan, böyük uğurlar qazanan, müasir, inkişaf etmiş, xalqının sosial rifahına nail olmuş bir ölkə kimi bütün potensialı ilə İslam həmrəyliyinə öz töhfəsini verməyə çalışır. Azərbaycan Prezidenti İlham Əliyev müasir dünyanın üzləşdiyi təhdidləri nəzərə alaraq 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsi ilə bağlı Sərəncam imzalayıb. Biz bu ili ötən il başa vurduğumuz “Multikulturalizm ili”nin davamı kimi qəbul edirik. Bu təsadüfi qərar deyil və onun verilməsini şərtləndirən bir sıra vacib məqamlar var. Bu məqamlar, əlbəttə ki, müasir dünyamızda narahatlıq doğuran, insanlığı, dövlətləri, onlar arasındakı münasibətləri təhdid edən müxtəlif çağırışların meydana gəlməsidir. Bu çağırışlar istər ayrı-ayrı ölkələrin daxili vəziyyətini, istərsə də beynəlxalq aləmdəki durumu getdikcə daha da çətinləşdirir. Azərbaycanda islam dini demokratik, sivil cəmiyyət quruculuğuna təkan verir. Ancaq bu gün dünyada islamın geriliyin səbəbi olması yönündə haqsız bir baxış var. Ən ağrılısı isə odur ki, bir sıra terror təşkilatları islamdan bir vasitə kimi istifadə etməyə çalışırlar. Bahar Muradova bildirdi ki, Azərbaycanın milli-mənəvi dəyərləri, adət-ənənələri nəsillərin süzgəcindən keçib gəlib. Milli-mənəvi dəyərlərimiz mədəniyyətin formalaşmasında mühüm rol oynayır. Onlardan ən vacibi dini dəyərlərimizdir ki, bu da çox böyük əhəmiyyət kəsb edir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı toplantının Milli Məclisin Kitabxanasında keçirilməsindən məmnunluğunu ifadə etdi. Rəhbərlik etdiyi komitə adından “İslam ensiklopediyası”, “Qurani-Kərim” və digər maraqlı əsərlər də daxil olmaqla kitabxanaya 50 kitab hədiyyə etdi. O, çıxışında qeyd etdi ki, Azərbaycan Prezidentinin 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etməsi təşəbbüsü müsəlman dünyasında İslam həmrəyliyinə çağırış kimi qiymətləndirilir. Bunun Azərbaycan üçün ictimai, siyasi, sosial, iqtisadi əhəmiyyəti var. Komitə sədri vurğuladı ki, ölkə başçısının Sərəncamında söhbət təkcə dindən getmir, çünki, İslam dünyasında həmrəylik təkcə dinlə bağlı deyil. Bu gün İslam dünyasına qarşı müəyyən təzyiqlər müşahidə edirik. Bu baxımdan müsəlman ölkələrinin iqtisadi, siyasi, mədəni sahələrdə birliyi, beynəlxalq təşkilatlarda həmrəyliyi zəruridir. Hazırda 7 milyard dünya əhalisinin 25 faizi islam dininə sitayiş edir. İslam dünyası 100 trilyon dollarlıq dünya iqtisadiyyatında yalnız 8,5 faiz paya malikdir. Dünya neft ehtiyatlarının 60 faizi, qaz ehtiyatlarının 62 faizi islam ölkələrində olsa da, internetləşmənin səviyyəsi dünya göstəricisindən 4 dəfə azdır. Dünyadakı elmi kəşflərin yalnız 1,5 faizi islam alimlərinin payına düşür. İslam dünyasında məzhəblərarası vəhdəti qurmaq və qorumaq ideyası hər zaman aktualdır.
Milli Məclisin deputatı, Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqında nümayəndə heyətinin rəhbəri Gövhər Baxşəliyeva “İslam Həmrəyliyi İli”nin bəşəri təşəbbüs olduğunu qeyd etdi. O, bu təşəbbüsün İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqı Konfransının Malidə keçirilən 12-ci sessiyasında da məmnunluqla qarşılandığını diqqətə çatdırdı. Gövhər Baxşəliyeva İslam ölkələrinin din xadimlərinin Azərbaycana səfər etməsinin vacibliyini qeyd edərək bildirdi ki, onların bir müsəlman ölkəsinin necə inkişaf etməsini gözləri ilə görmələrinə ehtiyac var.
Sonra toplantıda Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-da parlament nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, deputatlardan Fəttah Heydərov, Nizami Cəfərov və Hikmət Məmmədov cıxış edərək tədbirin əhəmiyyətindən söz açdılar. İslam həmrəyliyinin sivilizasiyalararası münasibətlərdə bir körpü olduğunu, Azərbaycanın yürütdüyü sülhsevər siyasətin dünya dövlətləri, xüsusilə müsəlman ölkələri tərəfindən məqbul model kimi qəbul olunduğunu diqqətə çatdırdılar.
Tədbirin sonunda yekun sözü söyləyən Bahar Muradova toplantıya qatılan hər kəsə təşəkkürünü bildirdi və bu aktual mövzunun sonrakı mərhələlərdə davam etdirilməsinin vacibliyini vurğuladı.
Milli Məclisin
Mətbuat xidməti