YAZ SESSİYASINDA MİLLİ MƏCLİSİN İLK PLENAR İCLASI KEÇİRİLDİ
Fevralin 1-də Milli Məclisin yaz sessiyasında ilk plenar iclası keçirildi. Milli Məclisin Sədri Oqtay Əsədov sessiyanı açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Milli Məclisin Sədri bildirdi ki, dövlət başçısı cənab İlham Əliyevin həyata keçirdiyi islahatları dəstəkləmək üçün parlament ötən sessiyada da öz öhdəsinə düşən vəzifələri uğurla həyata keçirmişdir. Ötən sessiyada Vergi və Gömrük məcəllələrinə, Mülki Məcəlləyə, “Büdcə sistemi haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Elektron ticarət haqqında”, “Nağdsız hesablaşmalar haqqında” və digər qanunlara çoxsaylı dəyişikliklər edilmiş, “Kredit büroları haqqında” və başqa qanunlar qəbul olunmuşdur. Əminəm ki, möhtərəm Prezidentimizin rəhbərliyi ilə görülən işlər nəticəsində geniş miqyaslı islahatlar ən yaxın zamanda öz müsbət nəticələrini verəcəkdir.
Sədr bildirdi ki, yaz sessiyasının qanunvericilik işləri planı hazırlanmışdır və bu gün müzakirə ediləcəkdir. Bu sessiyada digər qanun layihələrinin müzakirəsi ilə yanaşı, Konstitusiyada nəzərdə tutulduğu kimi Hökumətin hesabatı da dinləniləcəkdir.
Bundan əlavə, 2016-cı ilin dövlət büdcəsinin icrası haqqında məsələ parlamentin müzakirəsinə çıxarılacaqdır.
Yaz sessiyasının iclaslarında Hesablama Palatasının illik fəaliyyəti haqqında hesabat, İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) və Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən müvafiq qurumun illik məruzələri də Milli Məclisdə dinləniləcəkdir.
Milli Məclisin Sədri parlamentin yaz sessiyasının da uğurlu keçəcəyinə əminliyini ifadə etdi.
Sonra gündəlikdəki məsələlərin müzakirəsinə başlandı. İlk olaraq Milli Məclisin İntizam və Hesablayıcı komissiyalarının yenidən təşkil edilməsi haqqında məsələlər səsə qoyularaq təsdiqləndi. Deputat Ağacan Abıyev İntizam komissiyasının, Fəttah Heydərov isə Hesablayıcı komissiyanın sədri seçildilər.
Sonra Azərbaycan Respublikası Milli Məclisinin 2017-ci il yaz sessiyasının qanunvericilik işləri planı müzakirə olundu. Deputatlardan Zahid Oruc, Vahid Əhmədov, Elmira Axundova, Siyavuş Novruzov, Qüdrət Həsənquliyev, Əli Məsimli, Musa Quliyev, Əflatun Amaşov, Aydın Mirzəzadə, Astan Şahverdiyev, Yaqub Mahmudov, Qənirə Paşayeva, Fəzail Ağamalı və Araz Əlizadənin işlər planı barədə qeyd və təklifləri dinlənildikdən sonra sənəd səsə qoyularaq qəbul olundu.
Deputatlar “Azərbaycan Respublikası Hökuməti ilə Küveyt Dövləti Hökuməti arasında hava əlaqəsi haqqında” və “Azərbaycan Respublikası ilə Portuqaliya Respublikası arasında iqtisadi əməkdaşlıq haqqında” sazişləri təsdiq etdilər.
Sonra Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirdi ki, üç qanun layihəsinə təklif olunan dəyişikliklər Milli Məclisə eyni zərfdə daxil olub və redaktə xarakterlidir.
Ziyafət Əsgərov bildirdi ki, gündəlikdə olan “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam nizamnaməsi”nə və “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi”nə təklif olunan dəyişikliklərə görə, qanun layihələrinin müvafiq maddələrində yer alan “müdafiə nazirinin”, “Müdafiə Nazirliyi”, “milli təhlükəsizlik naziri və daxili işlər nazirləri” və “Milli Təhlükəsizlik Nazirliyinin” sözləri “müvafiq icra hakimiyyəti orqanı rəhbərinin”, “müvafiq icra hakimiyyəti orqanının” sözləri ilə əvəzlənir. Dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 dekabr tarixli Fərmanına müvafiq olaraq Dövlət Təhlükəsizliyi Xidmətinin yaradılması ilə əlaqədar mövcud qanunvericiliyin təkmilləşdirilməsi məqsədi daşıyır.
Eyni məqsədlə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”yə də müvafiq dəyişikliklər təklif edilir. Dəyişikliyə görə, zabit heyəti vəzifələrini tutmaq üçün Azərbaycan Respublikasının dövlət orqanlarında qulluq (xidmət) keçən şəxsləri həqiqi hərbi xidmətə qəbul edərkən onlara yenidən attestasiya edilmə qaydasında, lakin tutduğu vəzifə və rütbəsi nəzərə alınmaqla təyin olunacaqları vəzifə üzrə nəzərdə tutulmuş hərbi rütbədən yuxarı olmayan Azərbaycan Respublikası Silahlı Qüvvələrinin zabit heyəti rütbəsi veriləcək.
Hər üç qanuna təklif olunan dəyişikliklər səsə qoyularaq qəbul edildi.
“İnformasiya əldə etmək haqqında” Qanuna təklif olunan dəyişikliklər barədə Milli Məclis Sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova məlumat verdi. Bildirdi ki, bu dəyişikliklərin məqsədi publik hüquqi şəxslərin informasiya əldə edilməsi sahəsində fəaliyyətinin tənzimlənməsindən ibarətdir.
Sonra təklif olunan dəyişikliklər səsə qoyularaq təsdiqləndi.
Fasilədən sonra millət vəkilləri Cinayət, İnzibati Xətalar və Gömrük məcəllələrinə, “Müflisləşmə və iflas haqqında”, ”Mühasibat uçotu haqqında”, “Reklam haqqında”, “Qrant haqqında”, “Sosial sığorta haqqında”, “Dövlət rüsumu haqqında”, “Aviasiya haqqında”,
“Gömrük tarifi haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanunlara, o cümlədən “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”yə və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”na təklif olunan dəyişiklikləri müzakirə etdilər. Dəyişikliklərin mahiyyəti barədə məlumat verən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə, Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev diqqətə çatdırdılar ki, qanunlara edilən bu dəyişikliklər qanunvericiliyin daha da təkmilləşdirilməsinə xidmət edir. Müzakirələrdən sonra təklif olunan bütün dəyişikliklər səsə qoyularaq qəbul edildi.
Bununla da Milli Məclisin yaz sessiyasında ilk plenar iclası başa çatdı.
Milli Məclisin
Mətbuat xidməti