Regional məsələlər komitəsində Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi müzakirə edildi

Komitə iclasları
02 fevral 2017 | 06:02   
Paylaşın:        

Fevralın 2-də Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirildi. Komitə sədri Arif Rəhimzadə iclası açaraq bildirdi ki, müzakirəyə   Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi təqdim olunub.
Məruzəni Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin rəis müavini Fazil Məmmədov diqqətə çatdırdı. Bildirildi ki, yerli özünüidarəetmə orqanları yarandığı müddət ərzində ölkədə aparılan hərtərəfli quruculuq işlərində, o cümlədən sosial, iqtisadi, ekoloji və digər layihələrin, bir sıra regional proqramların reallaşmasında mühüm rol oynamışlar. Bələdiyyələrin fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi üçün çoxsaylı tədbirlər həyata keçirilib, yeni normativ hüquqi aktlar qəbul edilib.
Məlumat verildi ki, 2016-cı ildə yerli özünüidarə orqanlarında maddi-texniki bazanın möhkəmləndirilməsi, maliyyə imkanlarının yaxşılaşdırılması istiqamətində işlər davam etdirilərək, bələdiyyələrə kömək məqsədi ilə dövlət büdcəsindən zəruri miqdarda dotasiya ayrılıb.
Hesabat dövründə bələdiyyə üzvləri və qulluqçuları üçün müxtəlif seminarlar təşkil edilib, insan hüquqlarının qorunmasında bələdiyyələrin rolu, bələdiyyələrin fəaliyyətində şəffaflığın artırılması, “Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında” qanundan irəli gələn vəzifələr, vətəndaşların müraciətlərinə baxılması qaydaları və digər mövzular əhatə olunub. Eyni zamanda, Ədliyyə Nazirliyi Akademiyasında, Prezident yanında Dövlət İdarəçilik Akademiyasında bir sıra təlim kursları keçirilib. Qeyd edildi ki, bələdiyyə aktlarının ekspertizası zamanı və müraciətlərə baxılarkən ayrı-ayrı bələdiyyələrə müxtəlif məsələləri əhatə edən tövsiyələr göndərilib. Bu tövsiyələrdə bələdiyyələrin fəaliyyətində yol verilən nöqsanlar və onların həlli yolları göstərilib.
Bildirildi ki, ötən il yerli özünüidarəetmə orqanları ilə iş sahəsində bələdiyyələrin milli assosiasiyaları da fəal iştirak ediblər. Onların təşkilatçılığı ilə bir sıra maarifçilik tədbirləri, o cümlədən “Multikulturalizmin  inkişafında bələdiyyələrin rolu”, “Bələdiyyələrin maliyyə və iqtisadi potensialının gücləndirilməsi” mövzularında konfranslar keçirilib. Həmçinin, təcrübə mübadiləsi məqsədilə bir qrup bələdiyyə sədri xarici ölkələrə səfər edib, onların iş üslubu ilə tanış olublar.
Müzakirələr zamanı çıxış edən komitə sədrinin müavini Fəttah Heydərov, deputatlar Fəzail İbrahimli, Tahir Rzayev, Rüstəm Xəlilov, Azər Badamov, Cavid Osmanov, Malik Həsənov, Kamran Bayramov  məruzənin əsaslandırılmış şəkildə və əhatəli hazırlandığını söylədilər. Çıxışlarda bələdiyyələrin maliyyə mənbələrinin, büdcəsinin yaxşılaşdırılması ilə bağlı fikirlər səsləndirildi, bir sıra təkliflər verildi.
İclasda Prezident Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin bələdiyyələrlə iş sektorunun müdiri Emin Eyvazov, ölkənin şəhər, qəsəbə və kənd  bələdiyyələri milli assosiasiyalarının, habelə bir sıra rayon bələdiyyələrinin sədrləri çıxış etdilər. Çıxışlarda bələdiyyələrlə bağlı qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində görülən tədbirlər xüsusi qeyd edildi.
Tədbirdə komitə sədri Arif Rəhimzadə bələdiyyələrin fəaliyyətinin ictimaiyyət tərəfindən müsbət qiymətləndirildiyini söylədi. Yerli özünüidarəetmə orqanlarında işin qurulması ilə bağlı metodik vasitələrin hazırlanması, maarifləndirmə prosesinin aparılması, bələdiyyələrin fəaliyyətinin kütləvi informasiya vasitələrində təbliğinin əhəmiyyətindən danışdı. Komitə sədri bələdiyyələrlə əlaqədar bir sıra layihələrin  hazırlanması barədə fikirlərini açıqladı.
Müzakirələrin sonunda bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı illik məruzə müsbət qiymətləndirildi və Milli Məclisin plenar iclasında baxılmaq üçün tövsiyə olundu.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU