MİLLİ MƏCLİSDƏ “BEYNƏLXALQ CİNAYƏTLƏRİN QARŞISININ ALINMASI VƏ CƏZALANDIRILMASI HAQQINDA” QANUN LAYİHƏSİNİN TƏQDİMATI OLDU
Fevralın 10-da Azərbaycan Respublikasının Milli Məclisi, “Qüdrətli Azərbaycan naminə” İctimai Birliyi və Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının birgə həyata keçirdikləri “Soyqırım və etnik təmizləmə cinayətlərinin dünya səviyyəsində tatınmasının hüquqi aspektlərinin öyrənilməsi” layihəsi çərçivəsində hazırlanan “Beynəlxalq cinayətlərin qarşısının alınması və onları törədən şəxslərin cəzalandırılması haqqında" qanun layihəsinin təqdimatı keçirildi.
Milli Məclis Sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova tədbiri açaraq bildirdi ki, Xocalı soyqırımının törədilməsindən artıq 25 il ötüb. Ölkəmizə qarşı Ermənistan silahlı qüvvələri tərəfindən aparılan təcavüzkar siyasət nəticəsində torpaqlarımızın bir qismi işğal olunub, vətəndaşlarımız qırğına məruz qalıb, mədəniyyət abidələri dağıdılıb. Azərbaycana qarşı törədilən cinayətlərə hüquqi qiymətin verilməsi, cinayətkarların məsuliyyətə cəlb olunması istiqamətində tərəfimizdən əməli addımlar atılıb. Ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra bu məsələlərə xüsusi diqqət yetirilib, müxtəlif səviyyələrdə layiqli qiymət verilib, cinayət işləri qaldırılıb. Biz Azərbaycan həqiqətlərini hər zaman dünya ictimaiyyətinə catdırmağa çalışmışıq, lakin istədiyimiz nəticəni əldə edə bilməmişik. Torpaqlarımızın işğalı davam edir, cinayətkarlar hələ də məsuliyyətdən yayınırlar.
Bildirildi ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunması üçün mühüm tədbirlər həyata keçirilir. Münaqişə ilə bağlı BMT-də, ATƏT-də müvafiq qətnamələr qəbul edilib, Xocalı soyqırımının tanınması istiqamətində dünyanın 10 ölkəsində, ABŞ-ın bir sıra ştatlarında, nüfuzlu beynəlxalq təşkilatlarda müvafiq qərarlar qəbul olunub.
Diqqətə çatdırıldı ki, Milli Məclis bu məsələdə dövlət başçısına hər zaman lazımi dəstək verir. Bu baxımdan təqdim olunan “Beynəlxalq cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında” qanun layihəsi mühüm əhəmiyyət kəsb edir. Sənəddə milli və dövlət maraqları baxımından aktual məsələlər öz əksini tapıb.
Tədbirdə çıxış edən Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev bildirdi ki, ermənilərin Azərbaycana qarşı törədikləri cinayətlər, o cümlədən Xocalı faciəsi barədə həqiqətlərin beynəlxalq aləmə çatdırılması, münaqişənin həlli istiqamətində görülən işlər, onun nəticələrinin aradan qaldırılması ölkənin ictimai-siyasi həyatında vacib məsələlərdir. Xocalı soyqırımı bu gün insanlığa qarşı ən ağır cinayət kimi qiymətləndirilir. Hərbi Prokurorluqda bununla bağlı cinayət işi aparılır. Cinayətkarlar məlumdur, onların arasında Ermənistanın keçmiş və hazırki rəhbərliyi, siyasi, hərbi vəzifəli şəxslər də var. Onlar İnterpol xətti ilə axtarışa verilib. Qeyd edildi ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanan “Xocalıya ədalət!” kampaniyası bu gün də uğurla davam etdirilir. Kampaniya çərçivəsində Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması sahəsində mühüm tədbirlər həyata keçirilir.
Bu məsələyə beynəlxalq səviyyədə hüquqi qiymətin verilməsi, soyqırımı törədənlərin məsuliyyətə cəlb olunması vacib məsələlərdəndir. Bu baxımdan yeni qanun layihəsini həm siyasi, həm hüquqi müstəvidə faydalı hesab etmək olar.
Parlament Aparatının inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Nizami Səfərov qanun layihəsi barədə məlumat verərək söylədi ki, ölkə başçısı İlham Əliyev hər zaman vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsi yalnız beynəlxalq hüquq normaları çərçivəsində ədalətli şəkildə həll olunmalıdır. Bu nöqteyi nəzərdən cinayətkarların cəzalandırılması da beynəlxalq hüquqa əsaslanmalıdır. Diqqətə çatdırıldı ki, yeni qanun layihəsi 3 fəsil, 19 maddədən ibarətdir. Qanun beynəlxalq cinayətlərin dairəsini müəyyən edir. Beynəlxalq cinayət kateqoriyasına təcavüz, soyqırım, insanlıq əleyhinə və hərbi cinayətlər daxildir. Layihədə bu anlayışların mahiyyəti ətraflı izah olunur. Burada habelə universal yurisdiksiya, etnik təmizləmə, müharibə cinayətləri, beynəlxalq cinayətlərin qarşısının alınması və digər zəruri məsələlər ehtiva olunur. Sənəddə mühüm əhəmiyyət kəsb edən beynəlxalq cinayətlərin təqib etmə mexanizmi və digər vacib məqamlar da öz əksini tapıb.
Azərbaycan Respublikasının hərbi prokuroru Xanlar Vəliyev öz çıxışında dedi ki, qanun layihəsinin qəbulunu şərtləndirən amillər mövcuddur. O, ölkə ərazisində ermənilər tərəfindən vaxtaşırı törədilən soyqırım hadisələri barədə danışdı. Bildirildi ki, azərbaycanlılara qarşı törədilmiş hərbi cinayətlərlə bağlı 297 nəfərin həbsi üçün qərar qəbul edilib və İnterpol vasitəsilə axtarış aparılır. Xanlar Vəliyev cinayətkarlar barəsində əməli tədbirlərin görülməsi, onların məsuliyyətə cəlb olunması üçün təqdim olunan qanun layihəsinin əhəmiyyətli olduğunu söylədi və bir sıra təkliflərini verdi.
Prezident Administrasiyasının Hüquq Mühafizə orqanları ilə iş şöbəsinin sektor müdiri Çingiz Əsgərov söylədi ki, qanun layihəsini Dağlıq Qarabağ münaqişəsi zamanı cinayət törətmiş şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində mühüm addım hesab etmək olar. Dövlətimizin suverenliyinə qarşı çıxış edən şəxslərin cəzalandırılması vacibdir. Azərbaycana məxsus olan tarixi abidələr dəyişdirilir, iqtisadi sahədə qanunsuz fəaliyyət aparılır. Bu cinayətlərin qarşısı alınmalıdır. Müzakirəyə çıxarılan qanun layihəsi beynəlxalq cinayətlərə qarşı apardığımız mübarizədə bizim əzmimizin göstəricisidir.
Millət vəkili, QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev təmsil etdiyi qurumun beynəlxalq cinayətkarlığa qarşı dövlətin həyata keçirdiyi siyasəti daim dəstəklədiyini söylədi, yeni qanun layihəsi barədə fikirlərini açıqladı.
Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev öz çıxışında vurğuladı ki, müzakirə olunan məsələ dövlətimiz və xalqımız üçün vacib məsələdir. Təqdim olunan qanun layihəsi siyasi baxımdan böyük önəm daşıyır. Onun hazırlanması istiqamətində ciddi iş aparılıb. Sənəddə beynəlxalq cinayətlər pislənilir və onlara qarşı hüquqi müstəvidə mübarizə yolları göstərilir.
Tədbirdə iştirak edən millət vəkilləri Vüsal Hüseynov, Rafael Cəbrayılov, Tahir Kərimli, Rövşən Rzayev, Əflatun Amaşov, Zahid Oruc, Cavanşir Feyziyev, Qeyri-Hökumət Təşkilatlarının nümayəndələri qeyd etdilər ki, təqdim olunan qanun konseptual baxımdan zəruridir və beynəlxalq hüquqda baş verən dəyişikliklərin milli qanunvericilikdə nəzərə alınması baxımından uğurlu layihədir.
Milli Məclisin
Mətbuat xidməti