MİLLİ MƏCLİSDƏ AİLƏ İNSTİTUTUNUN FORMALAŞMASI MƏSƏLƏLƏRİ MÜZAKİRƏ OLUNDU

Tədbirlər
16 fevral 2017 | 05:02   
Paylaşın:        

Fevralın 16-da Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin təşkil etdiyi “Ailə İnstitutunun formalaşmasında adət-ənənələrimiz” silsiləsindən “Ailədaxili münaqişələrin yaranma səbəbləri və onların aradan qaldırılması yolları” mövzusunda  dəyirmi masa keçirildi.
Toplantını giriş sözü ilə açan parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı bildirdi ki, tədbirdə ailədaxili münaqişələrin yaranma səbəbləri və həlli yolları, sağlam ailə modelinin, ailə institutunun formalaşmasında adət-ənənələrin rolu, mövcud qanunvericiliyin ictimaiyyət arasında təbliği və bu istiqamətdə maarifləndirmə işinin gücləndirilməsi məsələləri müzakirə olunacaq. 
Aqiyə Naxçıvanlı söylədi ki, ailə şəxsiyyəti və cəmiyyəti formalaşdıran mühüm sosial institutdur. Cəmiyyətin inkişafı ilk növbədə ailənin sabitliyindən, rifahından, ailə münasibətlərinin yüksək əxlaqi və mənəvi dəyərlər əsasında təşkilindən asılıdır. Buna görə də cəmiyyət həmişə ailənin möhkəm bünövrə əsasında qurulmasına və inkişafına çalışır. Ailə inkişaf etdikcə ailə münasibətləri də mürəkkəbləşir, münasibətlərin müxtəlif təzahürləri meydana çıxır. Ailədaxili münaqişələr bütün ailə üzvlərinə, o cümlədən  qohumlara,  ümumilikdə cəmiyyətə mənfi təsir göstərir. Burada əsas məsələ münaqişəli münasibətlərin vaxtında, düzgün təhlil edilməsi, onları doğuran səbəb və nəticələrin  müəyyənləşdirilməsi və aradan qaldırılması üçün adekvat yol və vasitələrin tapılmasıdır.
Komitə sədri diqqətə çatdırdı ki, ölkəmizdə ailə, qadın və uşaq hüquqları ilə bağlı mövcud qanunvericilik aktlarında ailə üzvlərinin hüquq və vəzifələri təfsilatı ilə əks olunur.
Sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış edərək bildirdi ki, Azərbaycanda güclü ailə siyasəti həyata keçirilir və bu sahədə mükəmməl qanunvericilik bazası yaradılıb. Qeyd edildi ki, ailə məsələləri ilə bağlı problemlər bütün dünyada mövcuddur. Bu gün qloballaşan dünyada Azərbaycan da digər ölkələr kimi müsbət hallarla yanaşı, müəyyən mənfi təsirlərə də məruz qalır. Ailə problemlərinin həllinə xüsusi diqqət yetirilir. Bu gün ailə institutunun hərtərəfli inkişafı, ailə dəyərlərinin qorunması, ailədaxili problemlərin aradan qaldırılması cəmiyyətin diqqət yetirdiyi vacib məsələlərdir.
Yığıncaqda iştirak edən Bakı Dövlət Universitetinin kafedra müdiri Kamilə Əliyeva “Sosial amillərin psixi sağlamlığa təsiri” mövzusunda çıxış etdi. O, psixi xəstəlikləri doğuran amillər, o cümlədən  ailədaxili münaqişələr və bu səbəbdən uşaqlarda psixoloji problemlərin yaranmasına diqqət çəkdi. Məruzəçi bu halların aradan qaldırılmasının yolları, bu istiqamətdə müxtəlif məzmunlu proqramların hazırlanmasının vacibliyi barədə danışdı.
Müzakirələr zamanı deputatlar Sahibə Qafarova, Sevinc Fətəliyeva,  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov, Nizami rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova, “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova, “SOS” Uşaq kəndinin rəhbəri Sevinc İbrahimova və digər aidiyyəti qurumların nümayəndələri ailədaxili münaqişələrin psixoloji xüsusiyyətləri, onların hüquqi aspektləri, evlilik həyatında ən çox yaşanan problemlər, boşanmalara aparan yol, qeyri-rəsmi nikahların ağır nəticələri, övladlığa uşaq götürmək, himayəçiliklə bağlı çətinliklər və digər məsələlər  barədə fikirlərini açıqladılar.
Çıxışlarda milli-mənəvi dəyərlərə söykənən ailə institutunun qorunub saxlanması  və möhkəmləndirilməsinin əhəmiyyəti haqqında danışıldı. Bunun üçün ailə dəyərlərinin təbliği, sağlam ailə mühitinin formalaşdırılması istiqamətində dövlət proqramlarının həyata keçirilməsinin önəmli olduğu vurğulandı.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU