PARLAMENTDƏ KİV RƏHBƏRLƏRİ İLƏ GÖRÜŞ

Tədbirlər
17 fevral 2017 | 06:02   
Paylaşın:        

Fevralın 17-də Milli Məclisdə ölkəmizdə fəaliyyət göstərən bir sıra media orqanlarının rəhbərləri ilə görüş keçirildi. Azərbaycan parlamenti ilə Azərbaycan Mətbuat Şurasının birgə təşkil etdiyi görüşü Milli Məclis Sədrinin müavini Bahar Muradova aparırdı. Tədbirdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev iştirak edirdi.
Media rəhbərlərini və nümayəndələrini salamlayan Bahar Muradova Azərbaycan mətbuatının şərəfli yol keçdiyini qeyd etdi. Ölkə tarixinin keşməkeşli dövrlərində kütləvi informasiya vasitələrinin öncül mövqedə durduğunu vurğuladı. Son dövrlərdə daha çox müstəqil mətbu orqanların, o cümlədən, elektron informasiya vasitələrinin yaranmasını müsbət hal kimi dəyərləndirdi. Milli Məclis rəhbərliyinin parlament-media münasibətlərinin daha da möhkəmlənməsinə mühüm əhəmiyyət verdiyini bildirdi. Bugünkü görüşdən qarşılıqlı faydalı fikir mübadiləsinin gözləndiyini diqqətə çatdırdı.
Görüşdə bildirildi ki, media Azərbaycanda demokratik dövlət quruculuğunda yaxından iştirak edir, vətəndaş cəmiyyətinin inkişafına, insan hüquq və azadlıqlarının qorunmasına töhfələr verir, torpaq təəssübünü uca tutaraq  Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri daim gündəmdə saxlayır, ölkəmizdə aparılan çoxşaxəli islahatların təbliğində mühüm rol oynayır. Həmçinin, açıq və şəffaf fəaliyyət göstərən Milli Məclisin işini geniş işıqlandırmaqla ictimaiyyətə qəbul olunan qanunlar və qərarlar barədə lazımi məlumatları çatdırır.
Qeyd olundu ki, məmur-media münasibətlərini tənzimləyən qanunvericilik aktlarının təkmilləşdirilməsi, söz və ifadə azadlığının geniş aspektlərinin hüquqi müstəvidə dəyərləndirilməsi baxımından da parlament-media əməkdaşlığının dərinləşməsi vacibdir. Həmçinin, bu günlərdə 25-ci ildönümünü qeyd edəcəyimiz Xocalı soyqırımının timsalında Azərbaycan xalqının üzləşdiyi faciələrin dünya birliyinə çatdırılması üçün də Milli Məclislə medianın qarşılıqlı təmaslarının yüksələn xətlə inkişafına ciddi ehtiyac var.
Sonra görüşdə Azərbaycan Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov fikirlərini bölüşdü. Vətənpərvər mövqeyi ilə diqqət çəkən müasir mətbuatın uğurları ilə yanaşı problemlərindən də söz açdı. Tənqidi yazılarda obyektivliyə riayət olunması vacibliyini önə çəkdi.
Səmimi söhbətdə KİV rəhbərləri Vüqar Rəhimzadə (“İki sahil” qəzeti), Bəhruz Quliyev (“Səs” qəzeti), Arzu Nağıyev (“Trend” İnformasiya Agentliyi), Bahəddin Həziyev (“Bizim yol” qəzeti), Elçin Mirzəbəyli (“Xalq cəbhəsi” qəzeti), Nicat Dağlar (“Azerfax.az” saytı) və başqaları medianın bəzi problemlərinin aradan qaldırılması, xüsusilə, elektron informasiya vasitələrinin fəaliyyətinin və hərbi jurnalistikanın tənzimlənməsi üçün yeni qanunvericilik aktlarına, Azərbaycan həqiqətlərini xarici dillərdə yayacaq saytların yaradılması üçün dövlət dəstəyinə ehtiyac olduğunu bildirdilər.
Azərbaycan Mətbuat Şurasının sədr müavinləri Müşfiq Ələsgərli (Jurnalistlərin Həmkarlar İttifaqının sədri) və Umud Rəhimoğlu (Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri), “Teleqraf holdinq”in rəhbəri Aynur Quliyeva, Elxan Şükürlü (“Strategiya.az” saytı), Nahid Canbaxışlı (“Vətəninfo.az” saytı), Rasim Bayramov (“Mövqe” qəzeti), Aqil Aslan (“Ekspress” qəzeti) və digər çıxış edənlər səriştəsiz qələmin məhsulu olan informasiyaların, qərəzli yazıların, yoxlanılmamış məlumatların ictimai fikrə təqdim edilməsinin yolverilməz olduğunu vurğuladılar. Parlament jurnalistlərinin peşəkarlığının artırılması məqsədilə treninqlərin keçirilməsi təklif edildi.
Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, baş redaktorlardan Rauf Arifoğlu (“Yeni Müsavat”) və  Akif Aşırlı (“Şərq”) açıq dialoq, səmimi söhbət formatında keçən bu tədbirin təşkilinə görə Milli Məclisin rəhbərliyinə, Spiker Oqtay Əsədova təşəkkürlərini bildirdilər. Belə görüşlərin vaxtaşırı keçirilməsini təklif etdilər.
Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev qonaqları maraqlandıran suallara aydınlıq gətirdi. KİV-lərin informasiya siyasətini  təhlil  edərək mövcud nöqsanlardan söz açdı, bu sahəyə dair tövsiyələrini  diqqətə çatdırdı. Dünya təcrübəsinə istinadən parlament jurnalistləri barədə danışdı. Bildirdi ki, hər bir mətbu orqan Milli Məclisə hazırlıqlı jurnalist göndərməlidir. İnformasiyalarda həqiqətin əks olunması, obyektivlik çox mühümdür. Səfa Mirzəyev qeyd etdi ki, hazırda qarşıda duran ən əsas vəzifə sanballı elektron informasiya vasitələrinin yaranmasına yardımçı olmaqdır.
Tədbiri yekunlaşdıran Milli Məclis Sədrinin müavini Bahar Muradova əməkdaşlığın daha səmərəli qurulması üçün səslənən təkliflərin faydalı olduğunu dedi.
Sonda parlamentdə xatirə şəkilləri çəkdirildi.

 

Milli Məclisin
Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU