ŞOTLANDİYA PARLAMENTİ XOCALI FACİƏSİNƏ SİYASİ QİYMƏT VERMİŞDİR
Xəbər verildiyi kimi, ötən ilin noyabrında Azərbaycanın Böyük Britaniya Birləşmiş Krallığındakı səfiri Tahir Tağızadə və Milli Məclisin üzvü, Böyük Britaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyev Şotlandiyaya işgüzar səfər etmişlər.
Səfər zamanı Şotlandiya Parlamentində bir sıra görüşlər keçirilmiş, parlamentin sədri və fraksiyalarının rəhbərləri ilə işgüzar danışıqlarda ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi haqqında fikir mübadiləsi aparılmışdır.
Bu görüşlərdə şotlandiyalı parlamentarilərə verilən ətraflı məlumatlar əsasında bu ilin fevral ayının əvvəllərində Şotlandiya parlamentində təmsil olunan bütün siyasi partiyaların ümumi razılığı ilə Xocalı faciəsinə siyasi qiymət verilməsi qərara alınmış və bu məqsədlə Xocalı soyqırımının 25 illiyi ərəfəsində həmin hadisələrə siyasi qiymət verilməsi haqqında Qərarın mətni parlamentin saytında yerləşdirilmişdir.
Şotlandiya Parlamenti üzvlərinin mütləq əksəriyyəti öz adlarını Qətnamə Layihəsinin mətninə əlavə etməklə təklif olunan Qətnamənin qəbul olunmasına dəstək vermişlər.
Qəbul olunmuş Qətnamədə Azərbaycanla Şotlandiya arasında qarşılıqlı dostluq və faydalı əməkdaşlıq münasibətlərinin mövcud olduğu vurğulanmaqla bərabər, ötən əsrin 90-ci illərində Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində həyata keçirilmiş işğal faktı qətiyyətlə pislənilir, Xocalıda baş verən qanlı hadisələr isə Dağlıq Qarabağın yerli əhalisinə qarşı soyqırımı kimi tanınır. Parlament üzvlərinin 80 %-nin tərəfdar çıxdığı Qərarda Xocalı soyqırımını törədənlərin hərəkətləri müharibə cinayətləri və bəşəriyyətə qarşı cinayət kimi qiymətləndirilir, gələcəkdə bu cür hadisələrin dünyanın heç bir yerində baş verməməsi üçün belə bir Qətnamənin qəbul olunmasının zəruriliyi qeyd olunur.
Qərarda həmçinin BMT tərəfindən qəbul olunmuş 4 qətnaməyə məhəl qoymayan Ermənistan tərəfindən Azərbaycan ərazilərinin 20 %-nin hələ də işğal altında saxlanıldığı vurğulanır, münaqişənin beynəlxalq hüquq normaları əsasında həll olunmasına dəstək ifadə olunur.
Qətnamənin surəti Şotlandiya Parlamentinin rəhbərliyi və parlamentdə təmsil olunmuş bütün siyasi fraksiyaların rəhbərləri tərəfindən bu gün Şotlandiya parlamentinə səfər etmiş Azərbaycan nümayəndə heyətinə təqdim olunmuşdur. Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə, Böyük Britaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı, millət vəkili Cavanşir Feyziyev, Şotlandiyada Azərbaycan icmasının rəhbəri Fuad Ələkbərov və səfirliyin əməkdaşları nümayəndə heyətinin tərkibində olmuşlar.
Milli Məclisin
Mətbuat xidməti