MİLLİ MƏCLİSİN XOCALI SOYQIRIMININ 25 İLLİYİNƏ HƏSR OLUNMUŞ XÜSUSİ İCLASI KEÇİRİLDİ

Tədbirlər
24 fevral 2017 | 06:02   
Paylaşın:        

Fevralın 24-də Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar Milli Məclisin xüsusi iclası keçirildi.  Milli Məclisin Sədri Oqtay Əsədovun təklifi ilə əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Bütün şəhidlərimizə  rəhmət  diləyən  parlamentin Spikeri Xocalı faciəsinin 25 illliyi ilə əlaqədar  çıxışında   bu  soyqırımı xalqımıza qarşı həyata keçirilən  qəsbkarlıq, etnik təmizləmə siyasətinin yeni qanlı səhifəsi adlandırdı. Qeyd  olundu ki, bu siyasətin 200 ilə yaxın tarixi var. Onun təşkilatçıları bölgədə öz maraqlarını həyata keçirməyə çalışan bəzi kənar qüvvələr, icraçıları isə erməni şovinistləridir. 
Sədr  bildirdi ki, təəssüf ki, müəyyən dövrə qədər erməni şovinistləri havadarlarının  dəstəyindən istifadə edərək, öz niyyətlərinə qismən nail ola bilmiş, bu niyyətlə yüz minlərcə günahsız azərbaycanlı qətlə yetirilmişdir. Azərbaycanın əzəli torpaqlarında erməni dövləti qurulmuş, Qarabağda ermənilərə əsassız olaraq muxtariyyət verilmişdir. Bir  milyondan  artıq  soydaşımız  öz  əzəli  dədə-baba  torpağından qovulmuşdur. 25 ildir ki, Azərbaycan ərazisinin 20 faizi, yəni Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı yeddi rayon – Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları işğal altındadır.
Milli Məclisin Sədri  vurğuladı ki, Xocalı soyqırımından əvvəl azərbaycanlıların yaşadığı kəndlərdə əhalinin böyük bir hissəsi xüsusi amansızlıqla qətlə yetirilmişdir. Təkcə Qaradağlı kəndində 80 nəfərdən çox dinc azərbaycanlı işgəncə ilə öldürülmüşdür. Onlarca adam girov götürülmüş, kənd isə yandırılaraq yox edilmişdir. Xocalı soyqırımı öz miqyasına görə bu cinayətlərin ən dəhşətlisidir.
Müstəqil Azərbaycan dövləti ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Xocalı faciəsinə siyasi-hüquqi qiymət vermişdir. Azərbaycan Prezidentinin fərmanları və Milli Məclisin qərarları  ilə  Xocalı faciəsi soyqırımı kimi qiymətləndirilmişdir. Hər il fevralın 26-sı saat 17-də 1 dəqiqəlik sükut elan olunur. Bununla yanaşı, XX əsrdə erməni vəhşiliyinin qurbanı olmuş günahsız insanların xatirəsinə ehtiram əlaməti olaraq 31 mart-azərbaycanlıların soyqırımı günü elan edilmişdir. Sədr  əminliyini  bildirdi ki, Prezident  İlham Əliyevin  həyata  keçirdiyi  siyasətin  gücünə  arxalanaraq dövlətimizin ərazi bütövlüyü təmin ediləcək, Xocalı soyqırımı kimi faciələr bir daha təkrar olunmayacaqdır.
Sonra  Spiker Xocalı soyqırımının dünya miqyasında tanıdılması üçün həyata keçirilən tədbirlərdə Milli Məclisin iştirakından  danışdı.  Qeyd  olundu ki, İslam Əməkdaşlığı Təşkilatı Parlament İttifaqının, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala və Cibuti parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olduğu təsdiq edilmişdir.  Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya parlamentləri, eləcə də Amerika Birləşmiş Ştatlarının 23 ştatının  icra və qanunvericilik orqanları Xocalı faciəsini qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləmişlər.
9 il bundan əvvəl Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyasını Milli Məclisin deputatları fəal surətdə dəstəkləyirlər. Beynəlxalq tədbirlərdə deputatlarımız Azərbaycan həqiqətlərinin, o cümlədən Xocalı faciəsinin tanıdılması məsələsini diqqət mərkəzində saxlayırlar. Hər il millət vəkillərimiz dünyanın müxtəlif ölkələrində Xocalı faciəsi qurbanlarının anım mərasimlərində iştirak edirlər. Bu ölkələrin coğrafiyası ildən-ilə daha da genişlənir. Bu günlərdə Milli Məclisin deputatları Türkiyədə, Gürcüstanda, Qazaxıstanda, Fransada, Belçikada, İsraildə, Bosniya və Herseqovinada, Avstraliyada Xocalı faciəsinə həsr olunan tədbirlərə qatılmışlar.  Bu ayın 17-də Milli Məclisdə “Xocalı soyqırımı beynəlxalq hüquq müstəvisində” mövzusunda ictimai müzakirələr keçirilmişdir. Milli Məclis faciənin 25-ci ildönümünə həsr olunmuş broşür hazırlayıb çap etmişdir. Xocalı soyqırımı ilə bağlı sənədlər toplusu nəşrə hazırlanır və bu günlərdə işıq üzü görəcəkdir.
Sədr  çıxışının  sonunda  bildirdi ki, Azərbaycan öz ərazisinin bir hissəsinin qəsb edilməsi ilə heç vaxt barışa bilməz. Xalqımız Xocalı soyqırımını və digər faciələri heç zaman unutmayacaq, bu faciələr bizim qan yaddaşımızdan silinməyəcəkdir. Bu vəhşiliyi törətmiş cinayətkarlar Azərbaycan xalqı qarşısında cavab verəcək, layiq olduqları cəzalarına çatacaqlar. Gec-tez Azərbaycan işğal altında olan torpaqlarının azad edilməsinə nail olacaq, Dağlıq Qarabağ üzərində suverenliyini bərpa edəcəkdir. 
Sonra Milli Məclis  Sədrinin birinci  müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya  ilə  mübarizə komitəsinin  sədri  Ziyafət Əsgərov  məruzə ilə çıxış etdi.  O, qeyd  etdi ki, Xocalı soyqırımının üstündən 25 il keçsə də onun vurduğu yaralar hələ də göynəyir və heç zaman unudula bilməz.  Azərbaycan xalqı üçün qəddarlıq və cəzasızlıq  rəmzinə çevrilmiş Xocalı soyqırımı insanlığa qarşı ən ağır cinayətlərdən biridir. Dinc əhalinin vəhşicəsinə kütləvi qırğınını XX əsrin Xatın, Lidiçe, Babi Yar kimi dəhşətli faciələri ilə müqayisə etmək olar. 
Birinci  vitse-spiker  bildirdi ki, Dağlıq Qarabağda Şuşadan sonra Xocalı şəhəri Ermənistan hərbi birləşmələrinin növbəti hədəfi idi. Burada Ermənistan Respublikasındakı ata-baba torpaqlarından zorla qovulub didərgin salınmış azərbaycanlıların bir hissəsi və 1989-cu ildə Fərqanədən qovulmuş məhsəti türklərinin 54 ailəsi məskunlaşmışdı. Xocalı şəhərinin yer üzündən silinməsi və əhalisinin kütləvi surətdə qətlə yetirilməsi planı Ermənistanın siyasi və hərbi rəhbərliyi tərəfindən qabaqcadan hazırlanmışdı. Hakimiyyət dairələrinin təhrik etdikləri davakar erməni şovinistləri Ermənistanın kütləvi informasiya vasitələrində, Yerevanda və Xankəndində keçirilən mitinqlərdə azərbaycanlıların kütləvi məhvini təşkil etməyə çağırışlar edirdilər. Məqsəd Dağlıq Qarabağ bölgəsinin işğalı üçün həyata keçirilən hərbi təcavüz zamanı doğma torpağının müdafiəsinə qalxmış Azərbaycan xalqını qorxutmaq və onun mübarizə əzmini qırmaq idi.
1991-ci ilin noyabr ayından şəhər blokadaya alınmışdı, Xocalının xarici aləmlə əlaqəsi ancaq radiotelefon və mülki vertolyotlar vasitəsi ilə həyata keçirilirdi. Fevralın ikinci yarısından başlayaraq Xocalı Ermənistan silahlı   birləşmələri tərəfindən tam mühasirəyə alındı. Dinc sakinlərin ikibir-üçbir və ya təklikdə mühasirədən çıxmaq üçün göstərdiyi cəhdlərin də qarşısı alınırdı.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıya hücum başlandı. Hücumda Ermənistan Respublikasının hərbi birləşmələri, Dağlıq Qarabağdakı erməni terrorçu dəstələri və keçmiş sovet ordusunun Dağlıq Qarabağda yerləşən 366-cı motoatıcı alayı iştirak edirdi. Heç bir hərbi zərurət olmadan şəhər bir neçə saatın içərisində yerlə yeksan edildi. Xocalı sakini olan 613 nəfər dinc azərbaycanlı, o cümlədən 63 uşaq, 106 qadın işgəncə ilə öldürüldü. 8 ailə bütünlüklə məhv edildi. 487 nəfər şikəst edildi. 1275 sakin – qocalar, uşaqlar, qadınlar girov götürülərək ağlasığmaz təhqirlərə, zülmə və həqarətə məruz qaldılar. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi bu günədək məlum deyildir. Mühasirədən çıxıb xilas olmağa çalışan dinc sakinləri yollarda, meşələrdə pusqu quran erməni hərbçiləri xüsusi amansızlıqla qətlə yetirmişlər. Azğınlaşmış cəlladlar insanların başlarının dərisini soymuş, müxtəlif əzalarını kəsmiş, körpə uşaqların gözlərini çıxarmış, hamilə qadınların qarınlarını yarmış, adamları diri-diri torpağa basdırmış və ya yandırmış, cəsədlərin bir qismini minalamışlar.
Ziyafət  Əsgərov  onu  da  vurğuladı ki, Xocalı şəhərində hərbi əməliyyatdan sonra 366-cı alayın cinayətdə iştirakının izlərini itirmək üçün alay tələm-tələsik Dağlıq Qarabağdan çıxarılıb Gürcüstana aparılmış, bu zaman hərbi texnikanın böyük bir hissəsi erməni birləşmələrinə təhvil verilmiş və azərbaycanlı əhaliyə qarşı sonrakı cinayət əməllərində istifadə edilmişdir. 
Onun fikrincə, çar Rusiyasının Cənubi Qafqazda apardığı müstəmləkəçilik siyasətinin tərkib hissələrindən biri bölgənin demoqrafik vəziyyətinin dəyişdirilməsindən ibarət idi. İşğal olunmuş ərazilərdə öz dayaqlarını möhkəmləndirmək üçün çar Rusiyası İrandan və Osmanlı imperiyasından xristian ermənilərin Cənubi Qafqaza köçürülməsinə dair irimiqyaslı və uzunmüddətli planın həyata keçirilməsinə başlamışdı. Türkmənçay müqaviləsinə İranda yaşayan ermənilərin işğal olunmuş Azərbaycan torpaqlarına kütləvi surətdə köçürülməsi barədə ayrıca bir maddənin daxil edilməsi çar hökumətinin bu məsələyə nə qədər ciddi əhəmiyyət verdiyinə dəlalət edir. Təkcə 1829–1831-ci illərdə keçmiş İrəvan və Naxçıvan xanlıqlarının ərazisinə İrandan 40 minə yaxın erməni köçürülmüşdür. 1828–1829-cu illərin Rusiya–Türkiyə müharibəsi nəticəsində imzalanmış Ədirnə müqaviləsinin 13-cü maddəsinə əsasən, 1831-ci ilin aprel ayınadək Ərzurumdan, Ərdəhandan, Qarsdan, Bəyaziddən və Osmanlı imperiyasının digər yaşayış məntəqələrindən 100 minədək erməni gətirilib Azərbaycan torpaqlarında yerləşdirilmişdir. XIX əsrin sonlarında isə artıq erməni şovinistləri məskunlaşdıqları ərazilərdə “Böyük Ermənistan” yaratmaq xülyasına düşdülər. Ələ keçirmək istədikləri ərazilərdən yerli sakinləri sıxışdırıb çıxarmaq üçün  də etnik təmizləməni bir vasitə olaraq seçdilər.
Tarixi  faktlara  əsaslanaraq  çıxışını  davam etdirən Ziyafət  Əsgərov dedi ki, 1905–1907-ci illərdə İrəvanda və Zəngəzurda, Tiflisdə, Bakıda, Naxçıvanda, Gəncədə, Qarabağda, 1914-cü ildə Ərzurumda, Karsda və digər yerlərdə  dinc əhaliyə amansızcasına divan tutuldu. 1918–1920-ci illərdə İrəvanda, Dərələyəzdə və Zəngəzurda, Tiflisdə, Naxçıvanda, Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda və Azərbaycanın digər yerlərində azərbaycanlı əhali yenidən soyqırımına məruz qaldı. 1918-ci ilin mart soyqırımı zamanı  təkcə Azərbaycanın paytaxtı Bakı şəhərində 30 mindən çox dinc əhali qətlə yetirildi. İrəvan şəhərində və onun ətrafında 132 min azərbaycanlı məhv edildi. Erməni cəza dəstələrinin vəhşilikləri nəticəsində o vaxtkı İrəvan quberniyasının azərbaycanlı əhalisinin sayı 1916-cı ildəki 375 min nəfərdən 1922-ci ildə cəmisi 70 min nəfərə enmişdir. Ermənistanda və Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra bolşevik rejiminin əli ilə Azərbaycan torpaqlarının daha bir hissəsi, o cümlədən  Zəngəzur Ermənistanın tərkibinə daxil edildi, nəticədə onun ərazisi 9,8 min kvadrat-kilometrdən 30 min kvadrat-kilometrə çatdırıldı. Ermənistan ərazisində qalan, ata-baba torpaqlarında yığcam halda yaşayan yüz minlərlə azərbaycanlıya muxtariyyət verilmədiyi halda, Azərbaycan ərazisində ermənilər üçün qondarma “Dağlıq Qarabağ Muxtar Vilayəti” təşkil edildi. Beləliklə, erməni millətçilərinin Azərbaycana qarşı gələcək ərazi iddiaları üçün yeni meydan yaradıldı, Cənubi Qafqazda baş verəcək və indiyədək davam edən yeni faciələrin əsası qoyuldu.
Erməni millətçilərinin azərbaycanlılara qarşı soyqırımı cinayətlərinin cəzasız qalması, bu cinayətlərə heç bir siyasi-hüquqi qiymət verilməməsi sovet hakimiyyəti dövründə də bizim xalqımıza qarşı düşmənçilik siyasəti yeridilməsinə gətirib çıxarmışdır. SSRİ rəhbərliyinin köməyi ilə Ermənistan SSR hakim dairələri 1948–1953-cü illərdə yüz minlərcə azərbaycanlının deportasiya edilməsinə nail oldular. 
1988-ci ildə keçmiş SSRİ mərkəzi hökumətinin, şəxsən Mixail Qorbaçovun ermənipərəst siyasətindən istifadə edən erməni millətçiləri Ermənistan ərazisində etnik təmizləmə aparmaq niyyəti ilə azərbaycanlıların elliklə yaşadıqları rayon və kəndlərə silahlı basqınlar etməyə, azərbaycanlıları ata-baba yurdlarından qovmağa başladılar. Bu arada SSRİ xüsusi xidmət orqanlarının birbaşa iştirakı və təşkilatçılığı ilə Azərbaycanın Sumqayıt şəhərində məlum fitnəkarlıq əməli törədildi. Əvvəlcədən hazırlanmış plana əsasən bu hadisələr bəhanə gətirilərək, qısa müddət ərzində Ermənistandan 250 minə yaxın azərbaycanlı kriminal ünsürlərlə əlbir olan hakimiyyət orqanlarının nümayəndələri və silahlı quldurlar tərəfindən qovulub qaçqın salındı. Bu zaman yüzlərcə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi. Erməni millətçiləri insanların müxtəlif bədən üzvlərini kəsməklə, gözlərini çıxarmaqla, azyaşlı uşaqları dəmir boruların içinə doldurub hər iki ucunu lehimləməklə insana nifrət ideologiyasının baniləri olan ata-babalarının əməllərini özlərinə layiq şəkildə davam etdirmiş oldular.
Milli Məclis  Sədrinin birinci  müavini bildirdi ki,  Ermənistan ərazisinin azərbaycanlılardan təmizlənməsini başa çatdırdıqdan sonra Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağı Ermənistana ilhaq etmək üçün fəal döyüş əməliyyatlarına başlandı. Qarşı duran tərəflərin qüvvələri heç də bərabər deyildi. Nizami ordusunu təşkil etməyə macal tapmamış əliyalın azərbaycanlı əhali əvvəlcədən xüsusi hazırlıq keçmiş erməni silahlı birləşmələri, xarici ölkələrdən gətirilmiş muzdlu dəstələr və keçmiş sovet ordusunun tör-töküntüləri ilə üz-üzə dayanmışdı. Nəticədə Azərbaycan Respublikası ərazisinin 20 faizi, yəni Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı daha yeddi rayon – Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan rayonları işğal olunmuş, 20 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, 20 mindən çox dinc sakin yaralanmış, 50 mindən çox adam əlil olmuşdur. 4 mindən çox adam əsir və itkin düşmüş, girov götürülmüşdür. 877 şəhər, kənd və qəsəbə qarət edilmiş, dağıdılmış və yandırılmışdır. Ermənistan ərazisindən və Azərbaycanın işğal edilmiş bölgəsindən qovulub didərgin salınmış azərbaycanlıların sayı 1 milyon nəfərdən çoxdur.
Sədrin birinci  müavini qeyd  etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev azərbaycanlıların soyqırımı ilə əlaqədar dəfələrlə xalqa müraciət etmiş, Xocalı  faciəsini insanlığa qarşı ən qəddar və amansız kütləvi terror hadisələrindən biri kimi qiymətləndirmişdir. Dövlət başçısının 2017-ci il 24 yanvar tarixli sərəncamı ilə bu il Xocalı soyqırımının 25-ci ildönümü qeyd edilir.  Ulu Öndərimiz H.Əliyevin təşəbbüsü ilə Milli Məclisin müvafiq qərarına əsasən 1994-cü il fevralın 24-də Xocalı soyqırımına siyasi qiymət verilmiş və  26 fevral Xocalı soyqırımı günü elan edilmişdir. Bu barədə beynəlxalq təşkilatlara məlumat verilmişdir. 
Daha  sonra  birinci  vitse-spiker  qeyd  etdi ki, bu gün hər kəsə aydındır ki, Azərbaycan Respublikası öz ərazisinin bir hissəsində suverenliyinin qəsb edilməsinə, əzəli torpaqlarının quldurcasına zəbt edilməsinə və qoparılmasına heç zaman razı ola bilməz və mövcud imkanların hamısından istifadə edərək ərazi bütövlüyünün bərpasına nail olacaqdır. Əminəm ki, Ermənistan da öz qonşusuna qarşı düşmənçilik siyasətinin perspektivsiz olduğunu anlamağa məcbur olacaq, tarix boyu heç zaman ona məxsus olmamış Azərbaycan torpaqlarını ya xoşluqla, ya da zor gücünə geri qaytaracaqdır. Əminik ki, Xocalı şəhidlərinin, digər şəhidlərimizin qanı yerdə qalmayacaq, Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı cinayətlərinin ideoloqları, təşkilatçıları və icraçıları öz cəzalarına çatacaqlar.   
Sonra iclasda Xocalı soyqırımının dünyada tanıdılması ilə bağlı müzakirələr aparıldı. 30-dan çox deputat çıxış edərək XX əsrin ən dəhşətli faciəsi – Xocalı soyqırımının dünyada tanıdılması, bu soyqırımını törədənlərin ədalət mühakiməsinə çıxarılması və layiqli cəzalarını almaları üçün birgə səylərin artırılması, eləcə də qondarma “erməni soyqırımı”nı tanıyan və bununla əlaqədar xüsusi qanun və qərar qəbul edən dövlətlərə qarşı layiqli cavab verilməsi ilə bağlı fikirlərini bildirdilər. Çıxışlarda qeyd olundu ki, Xocalı soyqırımının səbəbkarları ilə bağlı Azərbaycan məhkəmələri konkret adlar çəkərək onlar barəsində qərar qəbul etməlidirlər. Bununla bağlı beynəlxalq ictimaiyyət məlumatlandırılmalı və beləliklə hüquqi presedent yaradılmalıdır.
Çıxışlarda Xocalı soyqırımı ilə bağlı çap olunmuş kitab, açıqca, bröşür və digər məlumatların əhəmiyyətindən danışıldı. Bildirildi ki, Xocalı soyqırımının dünyada tanıdılmasında, beynəlxalq ictimaiyyətin məlumatlandırılmasında və təbliğat işlərində çox  işlər  görülüb  və görülməkdə  davam  edir. 
İclasın sonunda Milli Məclis  Sədrinin müavini, İnsan  hüquqları  komitəsinin sədri  Bahar Muradova Xocalı soyqırımının 25 illiyi ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin qərarının mətnini oxudu.  Sənəd səsə qoyularaq qəbul edildi.

Milli Məclisin
Mətbuat xidməti

 

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU