Oqtay ƏSƏDOV: “AZƏRBAYCAN PARLAMENTİ HEYDƏR ƏLİYEVİN XATİRƏSİNİ DƏRİN HÖRMƏT VƏ SEVGİ İLƏ YAŞADIR”

Sədrin çıxışları
10 may 2012 | 05:05   
Paylaşın:        

Mayın 10-da Milli Məclisdə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş tədbirdə “Heydər Əliyev Xatirə zalı. 5 il” kitabının təqdimat mərasimi oldu. Azərbaycan Respublikası Milli Məclisinin nəşri olan nəfis tərtibatlı bu kitabda xalqımızın dahi oğlu Heydər Əliyevin Azərbaycan parlamentinin tarixindəki yerindən və rolundan  bəhs olunub, ölkəmizin qanunverici orqanındakı fəaliyyətini və xidmətlərini əks etdirən eksponatların fotoları verilib.
Tədbiri Milli Məclisin Sədri Oqtay Əsədov açaraq bu əlamətdar gün – Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə mərasimə toplaşanları və bütün xalqımızı təbrik etdi. Sədr qeyd etdi ki, Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında əvəzsiz xidmətləri olub. Heydər Əliyev müasir Azərbaycan dövlətinin, müstəqil Azərbaycan dövlətinin yaradıcısıdır və banisidir. Məhz onun sayəsində xalqımız siyasi və dövlət müstəqilliyinin möhkəm təməlini qoyub. Həmin təməl əsasında möhkəm dövlət qurulub və bu günə qədər qorunub saxlanıbdır.
Bu gün möhtərəm Prezidentimiz İlham Əliyevin iştirakı ilə “Heydər Əliyev Mərkəzi”nin açılışı olacağını vurğulayan Milli Məclisin Sədri   əminlik ifadə etdi ki, həmin Mərkəzdə ulu öndərimizin mənalı ömür yoluna, zəngin fəaliyyətinə geniş nəzər salınacaq.
Spiker Oqtay Əsədov bildirdi ki, Azərbaycan parlamenti “Heydər Əliyev Xatirə zalı. 5 il” kitabını hazırlamaqla bu əlamətdar gündə ulu öndərin xatirəsi qarşısında öz ehtiramını ifadə edib. O dedi: “Biz – Azərbaycan parlamentinin üzvləri fəxr edirik ki,   ötən əsrin 90-cı illərində ulu öndərin böyük siyasətə qayıdışı məhz bu binadan başlayıb. 1993-cü ildə Ümummilli liderimiz dörd ay Azərbaycan parlamentinin rəhbəri olub. Həmin dörd ay ərzində Heydər Əliyevin həyata keçirdiyi tədbirlər Azərbaycanın çıxılmaz problemlərdən xilas olmasına, eləcə də gələcəyə inamın bərpa olunmasına çox böyük kömək göstərib. Məhz o dövrdə Milli Məclisin peşəkar parlament kimi formalaşmasının istiqamətləri müəyyənləşdirilib. Bu gün Azərbaycan parlamenti Heydər Əliyevin xatirəsini dərin hörmət və sevgi ilə yaşadır.”
Daha sonra Spiker Milli Məclisdə ulu öndərin adını daşıyan Xatirə zalı barədə söhbət açdı. Dedi ki, bu gün yaranmasının 5 ili tamam olan həmin zal ziyarət yerinə çevrilib. Ölkəmizə və Azərbaycan parlamentinə gələn xarici dövlət, hökumət və parlament rəhbərləri, eləcə də bütün parlament nümayəndə heyətləri Heydər Əliyev Xatirə zalını çox böyük maraqla ziyarət edir. Xatirə zalının fəaliyyət göstərdiyi 5 il ərzində Milli Məclisdə olan 150 nümayəndə heyəti burada nümayiş etdirilən eksponatlarla tanış olub.
Milli Məclisin Sədri Oqtay Əsədov nitqində onu da vurğuladı ki, Heydər Əliyevin yolu ilə gedən Azərbaycan dövlətinin gələcəyi çox xoşbəxtdir. Bu gün möhtərəm Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi quruculuq işləri sayəsində Azərbaycan Avropanın müasir dövlətinə, Bakı ən gözəl paytaxtlardan birinə çevrilib.
Nitqini yekunlaşdıran Spiker qeyd etdi ki, bu dövrlər ərzində Azərbaycan parlamenti İlham Əliyevin daxili və xarici siyasətini dəstəkləyib, biz deputatlar gələcəkdə də cənab Prezidentin yanında olacaq və bütün işlərini dəstəkləyəcəyik.
Sonra tədbirdə millət vəkilləri çıxış edərək Heydər Əliyevin xatirəsinə olan ehtiramlarını bildirdilər. Deputatlar Siyavuş Novruzov, Hadi Rəcəbli, Rafael Hüseynov, Arif Rəhimzadə, Fəttah Heydərov, Eldar İbrahimov, Mübariz Qurbanlı, Bəxtiyar Əliyev, Rəbiyyət Aslanova və Rövşən Rzayev ulu öndərin fenomenal xüsusiyyətlərindən söz açdılar, bu dahi insanın dünya siyasətindəki izini və Azərbaycan xalqının dövlətçilik tarixindəki misilsiz xidmətlərini qeyd etdilər. Son illərdə əsaslı şəkildə yenidən qurulan, yüksək səviyyəli daha bir korpusu tikilib istifadəyə verilən Milli Məclisin binasının ulu öndərin xatirəsinə ən böyük abidələrdən biri olduğunu xüsusi vurğuladılar. Heydər Əliyevin qarşıdan gələn 90 illik yubileyi münasibətilə təkliflər diqqətə çatdırıldı. Bu gün təqdimat mərasimi keçirilən “Heydər Əliyev Xatirə zalı. 5 il” və “Azərbaycan Respublikasının Milli Məclisi. Dördüncü çağırış” kitablarını yüksək dəyərləndirən deputatlar dedilər ki, hər iki kitab tarixdə qalacaq.
“Heydər Əliyev Xatirə zalı. 5 il” kitabının bütövlükdə Milli Məclis Aparatının əməkdaşları tərəfindən hazırlandığını iftixarla vurğulayan Spiker Oqtay Əsədov Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev başda olmaqla bu işdə zəhməti olanların hamısına təşəkkürünü bildirdi və belə kitabların çox olmasını arzuladı.
Tədbirin yekununda hər iki kitabın tərtibçisi,  Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev bu kitabların ərsəyə gəlməsində xidməti olanlara təşəkkür etdi. Aparatın bütün tədbirlərində yaxından iştirak etdiklərinə, dəstəklədiklərinə görə deputatlara razılığını  bildirdi.
Heydər Əliyevin dahi şəxsiyyət olduğunu vurğulayan Səfa Mirzəyev qeyd etdi ki, mən Heydər Əliyev məktəbini keçməyimlə fəxr edir, qürur duyuram. Ulu öndərin birbaşa rəhbərliyi altında bu parlamentdə çalışdığını, sonra isə uzun illər onun rəhbərlik etdiyi müxtəlif layihələrdə iştirak etdiyini deyən Milli Məclis Aparatının rəhbəri Ümummilli liderin 90 illik yubileyi ilə bağlı arzu və təkliflərindən söz açdı. Bu gün təqdim olunan kitabın ideya müəllifinin Spiker Oqtay Əsədov olduğunu qeyd edərək, ümidvar olduğunu bildirdi ki, bundan sonra da belə ideyalar çox olacaq.
Səfa Mirzəyev ölkəmizə və xalqımıza başda Prezident İlham Əliyev olmaqla böyük uğurlar arzu etdi və bugünkü əlamətdar gün münasibətilə təbriklərini çatdırdı.



Milli Məclisin
Mətbuat xidməti



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU