İQTİSADİ SİYASƏT, SƏNAYE VƏ SAHİBKARLIQ KOMİTƏSİNİN İCLASİNDA

Komitə iclasları
28 fevral 2017 | 04:02   
Paylaşın:        

 Fevralın 28-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq  komitəsinin növbəti iclası  keçirildi. Komitə  sədri  Ziyad  Səmədzadə əvvəlcə Xocalı faciəsi ilə əlaqədar ölkədə keçirilən tədbirlərdən,  faciənin beynəlxalq  miqyasda  tanıdılması  ilə  bağlı  görülən işlərdən danışdı. Ölkə başçısı İlham Əliyevin,  Heydər  Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın bu sahədəki  xidmətlərindən söz  açdı.
Sonra  gündəlikdəki məsələlərin müzakirəsinə başlanıldı. İlk olaraq Alim Səlim oğlu Quliyevin, Vadim Ələddin oğlu Xubanovun, Aftandil  Qasım oğlu Babayevin  Mərkəzi Bankın İdarə Heyətinin  üzvləri  təyin  edilməsi barədə məsələyə baxıldı. Bu sənədlə əlaqədar Ziyad Səmədzadə,  Ağalar Vəliyev, Şəmsəddin Hacıyev,  Xanhüseyn Kazımlı, Əli Məsimli, Mahir Abbaszadə, Aydın Hüseynov, İlham Əliyev, Rüfət Quliyev, Cavid Qurbanov  çıxış edərək hər  üç şəxsin  bank  sektorunda uzun illik səmərəli  fəaliyyətindən, ölkənin pul-kredit və maliyyə  sistemində həm nəzəri, həm praktik  bacarıqlarından söz açdılar.  Bu sahədə kifayət  qədər təcrübəli mütəxəssislər  sayılan namizədlərin  Mərkəzi  Bankın  İdarə Heyətinin üzvü  təyin edilməsi barədə sənədi  razılıqla qarşıladılar.  
Sonra  Cinayət  Məcəlləsinə, İnzibati Xətalar  Məcəlləsinə və “Dövlət  satınalmaları haqqında” qanuna  dəyişikliklər  edilməsi  barədə Ədliyyə Nazirliyinin nümayəndəsi Elçin Nəsibov məlumat  verdi.  Qanunvericiliyə  uyğunlaşdırma  məqsədi  ilə  aparılan dəyişikliklərin dövlət  satınalmaları ilə  bağlı prosedurların  həyata  keçirilməsi  zamanı  dövlət  vəsaitlərini xərclənməsi  sahəsində mövcud  boşluqların  aradan  qaldırılması  məqsədi ilə  edildiyi  vurğulandı.
İclasda Vergi  Məcəlləsinə  və  “Hüquqi  şəxslərin  dövlət  qeydiyyatı və dövlət  reyestri haqqında”  qanun layihəsinə  edilən  texniki  dəyişikliklərə  də  baxıldı.
Komitədə  müzakirə  edilən bütün sənədlərin Milli Məclisin plenar  iclasının  müzakirəsinə  təqdim  edilməsi  qərara  alındı.

 

Milli Məclisin
Mətbuat  xidməti

 

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU