SƏHİYYƏ KOMİTƏSİNİN İCLASINDA

Komitə iclasları
28 fevral 2017 | 05:02   
Paylaşın:        

Fevralın 28-də Milli Məclisin Səhiyyə komitəsinin növbəti iclası keçirildi. Komitə sədri Əhliman Əmiraslanov iclası açaraq yeni hazırlanmış  “Psixoloji yardım haqqında” qanun layihəsinin müzakirəyə təqdim edildiyini diqqətə çatdırdı.
Komitə sədri dünya miqyasında psixologiya sahəsində xidmətin uzun illərdir mövcud olduğunu söylədi. Qeyd edildi ki, ölkəmizdə bu yeni istiqamətdir. Psixoloji yardıma tələbat zaman keçdikcə daha da artır. Müxtəlif müəssisələrdə bu yardımın göstərilməsi üçün qurumlar yaradılır. Bu istiqamətdə fəaliyyətin həyata keçirilməsi üçün  müvafiq qanunvericilik aktının olması vacibdir.  Bunu nəzərə alaraq, 2015-ci ildə Milli Məclisin  Sədri Oqtay Əsədovun tövsiyəsi ilə bu sahəni tənzimləyən qanunun hazırlanması üçün işçi qrupu yaradıldı. İşçi qrupunda komitə üzvləri, parlament Aparatının aidiyyəti şöbəsinin əməkdaşları, müxtəlif qurumların nümayəndələri, mütəxəssislər təmsil olunur. Qrup öz fəaliyyəti dövründə MDB-yə üzv dövlətlərin, dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsini öyrənib və nəticədə yeni qanun layihəsi yaranıb. Sənəd müvafiq qurumlara təqdim olunub və layihə ilə bağlı mütəxəssislər tərəfindən müsbət rəy alınıb.
Komitə sədrinin müavini Musa Quliyev layihə barədə geniş məlumat verərək bildirdi ki, belə bir qanunun hazırlanması sosial tələbatdan irəli gəlir. Qeyd edildi ki, 6 fəsil 23 maddədən ibarət olan qanun layihəsi psixoloji yardım göstərilməsinin hüquqi əsaslarını, psixoloji yardım alan şəxslərin və psixoloqların hüquq və vəzifələrini müəyyən edir, bu sahədə yaranan münasibətləri tənzimləyir. Sənəddə əsas anlayışların izahı verilir, onun tətbiq dairəsi göstərilir, psixoloji yardımın növləri və formaları əks olunur.
Qanunda psixoloji yardım sahəsində dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi, o cümlədən bu sahədə normativ hüquqi aktların, dövlət standartlarının və proqramlarının işlənib hazırlanması, qəbulu və tətbiqi, bu sahədə beynəlxalq əməkdaşlığın inkişafı ilə bağlı məsələlər ehtiva olunur. Psixoloji problemlərin yaranması riski yüksək olan əhali qrupları arasında çətin həyati halların və onların nəticələrinin profilaktikası və aradan qaldırılması, əhalinin psixoloji rifahını təmin edən və həyat keyfiyyətlərini yüksəldən şəraitin yaradılması, psixoloji yardım göstərən mütəxəssislərin hazırlanması, bu sahədə dövlət orqanlarının, bələdiyyələrin və qeyri-hökumət təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi, maarifləndirmə işinin aparılması dövlətin vəzifələri kimi təqdim olunur.
Sənəddə psixoloji xidmət göstərən mütəxəssislərin fəaliyyətinin əlaqələndirilməsi, onların peşə hüquqlarının qorunması, təcrübə mübadiləsinin aparılması və təbliği, peşəkarlıq səviyyəsinin yüksəldilməsi,  bu sahədə elmi tədqiqatların aparılmasına köməklik göstərilməsi, psixoloji yardım standartlarının və etika normalarının işlənib hazırlanması məqsədi ilə Azərbaycan Psixoloqlar Şurasının yaradılması nəzərdə tutulur.
Müzakirələrdə çıxış edən Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, deputatlar Kamilə Əliyeva, Ağacan Abıyev, Məlahət İbrahimqızı, Ülviyyə Ağayeva, Bəxtiyar Əliyev, İlham Məmmədov bildirdilər ki, belə bir sənədin hazırlanması zamanın tələbidir. Qeyd edildi ki, müxtəlif ölkələrdə psixoloji yardım sistemi artıq uzun müddətdir ki, yaradılıb və bu sahə dövlət tərəfindən tənzimlənir. Ölkəmizdə uzun illərdir psixoloji araşdırmalar akademik səviyyədə aparılır. Bu gün dünya təcrübəsindən yararlanaraq, xalqımız üçün faydalı olacaq qanun layihəsinin hazırlanması təqdirəlayiqdir.
Tədbirdə iştirak edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva, Fəlsəfə İnstitutunun direktoru İlham Məmmədzadə, İnsan hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatının şöbə müdiri Faiq Ağayev layihə barədə fikirlərini açıqladılar.
Çıxışlar zamanı bir sıra zəruri təkliflər səsləndirildi.
İclasın sonunda qanun layihəsi verilən təkliflər nəzərə alınmaqla, Milli Məclisin plenar iclasına tövsiyə edildi.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU