ƏMƏK QANUNVERİCİLİYİ TƏKMİLLƏŞDİRİLİR

Komitə iclasları
01 mart 2017 | 12:03   
Paylaşın:        
Fevralın 28-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirildi.  
Komitənin sədri Hadi Rəcəbli bildirdi ki, iclasın gündəliyinə 3 məsələ - “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında 21 noyabr 2013-cü il tarixli Sazişin tətbiqinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Belarus Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyi arasında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsi, “Veteranlar haqqında” və “Əmək pensiyaları haqqında” qanunlara dəyişikliklər edilməsi barədə  məsələlər daxildir.
Birinci və ikinci məsələlər barədə məlumat verən Sosial qanunvericilik şöbəsinin Əmək qanunvericiliyi sektorunun müdiri Adil Vəliyev bildirdi ki, sözügedən sazişin təsdiqi bu sahədəki mövcud texniki maneələri aradan qaldıracaq. “Veteranlar haqqında” Qanuna ediləcək dəyişiklik isə redaktə xarakterlidir və uyğunlaşdırma məqsədi daşıyır.
Sonra komitənin sədri Hadi Rəcəbli “Əmək pensiyaları haqqında” Qanuna təklif olunan dəyişikliklər barədə məlumat verdi. Bildirdi ki, “Əmək pensiyaları haqqında” Qanuna 98 dəyişiklik təklif olunur. Bu dəyişikliklər sığorta prinsiplərinə əsaslanmayan xərclərin minimum səviyyəyə endirilməklə maliyyələşdirilməsi mənbələrinin optimallaşdırılması, pensiya təyinatı şərtlərinin hər bir şəxs üzrə ödənilən sosial sığorta haqqının məbləğinə uyğunlaşdırılması, əmək pensiyasının baza hissəsinin restrukturizasiyası və minimum pensiya məbləği göstəricisinin tətbiqi, kişilər və qadınlar üçün pensiya yaşının demoqrafik göstəricilərə uyğunlaşdırılması məqsədi daşıyır.
Çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov “Əmək pensiyaları haqqında” qanuna təklif olunan dəyişikliklərin incəlikləri barədə ətraflı məlumat verdi. Bildirdi ki, bu dəyişikliklər ölkəmizdə aparılan pensiya islahatlarının tərkib hissəsidir. İslahatlar mərhələli şəkildə aparılır və çalışırıq ki, pensiya sistemi sadə və ədalətli olsun.
Müzakirələrdə çıxış edən deputatlar Musa Quliyev, Jalə Əliyeva, İlham Məmmədov, Rafiq Məmmədhəsənov, Aytən Mustafayeva, Tahir Rzayev bildirdilər ki, bu dəyişikliklər pensiya islahatları sahəsində yeni addımdır və sağlamlaşdırma xarakteri daşıyır. 
Müzakirələrdən sonra gündəlikdəki məsələlərin hər üçü Milli Məclisin plenar iclasına tövsiyə edildi.


Milli Məclisin 
Mətbuat xidməti      


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU