KOMİTƏDƏ İNSAN HÜQUQLARI ÜZRƏ MÜVƏKKİLİN MƏRUZƏSİ DİNLƏNİLDİ

Komitə iclasları
01 mart 2017 | 05:03   
Paylaşın:        

Martın 1-də Milli Məclisin İnsan hüquqları komitəsinin iclası keçirildi. Milli Məclis Sədrinin müavini, komitə sədri Bahar Muradova gündəliyə daxil olan məsələlər barədə məlumat verdi.
Komitə sədri bildirdi ki, əvvəlcə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) illik məruzəsi təqdim olunacaq. Qeyd edildi ki, Azərbaycanda dövlət üçün prioritet olan insan hüquqlarının qorunması sahəsində xeyli işlər görülüb. Ölkəmizdə 15 ildir ki, Ombudsman institutu səmərəli fəaliyyət göstərir. İnsan hüquqlarının qorunması sahəsində təqdirəlayiq işlər həyata keçirir. Milli Məclislə Ombudsman Aparatı arasında əməkdaşlıq yüksək səviyyədə qurulub. Eyni zamanda  İnsan hüquqları komitəsi ilə əlaqələr daha da genişlənir.
Diqqətə çatdırıldı ki, məruzə ön söz, giriş, iki fəsil, nəticə və tövsiyələrdən ibarətdir. Sənəddə Müvəkkilin insan hüquqlarının və azadlıqlarının müdafiəsi sahəsində fəaliyyəti, o cümlədən vətəndaşların mülki, siyasi, iqtisadi, sosial və mədəni hüquqlarının müdafiəsi, bu sahədə müvafiq qurumlarla  əməkdaşlıq, əhalinin müxtəlif qruplarının hüquqlarının qorunması, maarifləndirmə işinin aparılması, beynəlxalq əlaqələr,  ictimaiyyətlə və kütləvi informasiya vasitələri ilə əməkdaşlıq məsələləri əks olunub.  Məruzədə vətəndaşlar tərəfindən daxil olan müraciətlər, orada əhatə olunan sahələr barədə məlumat verilir.
Sonra Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı Azərbaycanda 2016-ci il üzrə insan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında məruzədə əks olunan məsələlər barədə ətraflı danışdı. Bildirildi ki, 15 illik fəaliyyəti dövründə İnsan hüquqları üzrə  müvəkkilin ünvanına ümumilikdə 148.750, o cümlədən ötən il 18.740 müraciət daxil olub. İl ərzində Müvəkkil tərəfindən 3.636 şəxs qəbul olunub. Şikayətlərin 57,4%-nin baxılmasından obyektiv səbəblərdən imtina edilib, 42,6%-i baxılmaq üçün icraata qəbul edilib, bunların 63,6%-i təmin olunub. Müvəkkilə müraciətlərin asanlaşdırılması üçün Gəncə, Quba, Şəki və Cəlilabad rayonlarında 4 regional mərkəz yaradılıb, eyni zamanda, “Uşaq qaynar xətti” və işgəncələrə qarşı qaynar xətt fəaliyyət göstərir. Qeyd edildi ki, 2016-ci il sentyabrın 26-da Azərbaycan Konstitusiyasına dəyişikliklərlə bağlı keçirilən referendumda Müvəkkil və Aparatın əməkdaşları müxtəlif seçki məntəqələrində müşahidəçi qismində fəal iştirak ediblər.
Diqqətə çatdırıldı ki, Ombudsman institutu qanunvericiliyin təkmilləşdirilməsi sahəsində də səmərəli fəaliyyət göstərir, insan hüquq və azadlıqlarının təmin edilməsi ilə bağlı qanunvericilik aktlarına təkliflərlə çıxış edir. Bildirildi ki, ötən il Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili Elmira Süleymanova Asiya Ombudsman Assosiasiyasının vitse-prezidenti seçilib.
İclasda çıxış edən komitə sədrinin müavini Yevda Abramov, deputatlar Əflatun Amaşov, Flora Qasımova, Tahir Kərimli, Hikmət Məmmədov, Astan Şahverdiyev məruzə barədə fikirlərini açıqladılar. Millət vəkilləri Ombudsman Aparatı strukturunun təkmilləşdirilməsi ilə bağlı bir sıra təklif və tövsiyələrini verdilər. Qeyd olundu ki, Ombudsman İnstitutu 2016-cı ildə öz fəaliyyətini səlahiyyətləri çərçivəsində yüksək səviyyədə həyata keçirib.
Daha sonra “Siyasi partiyalar haqqında” və “Siyasi repressiya qurbanlarına bəraət verilməsi haqqında” qanunlara dəyişikliklər müzakirə edildi.  Bildirildi ki, ölkə Prezidentinin müvafiq sərəncamı ilə Milli Təhlükəsizlik Nazirliyi ləğv edilmişdir. Bununla bağlı “Dövlət qulluğu haqqında” qanunda 2016-cı il oktyabrın 14-də edilən dəyişikliklərə əsasən həmin qanunun 2.3-cü maddəsindən “milli təhlükəsizlik” sözləri çıxarılmış, “dövlət təhlükəsizliyi xidməti və xarici kəşfiyyat xidməti” sözləri əlavə edilmişdir. Təqdim olunan hər iki sənədə müvafiq düzəlişlərin edilməsi nəzərdə tutulub.  Təklif olunan dəyişikliklər müsbət dəyərləndirildi və qanun layihələri  Milli Məclisin plenar sessiyasına tövsiyə olundu. 
Tədbirin sonunda vitse-spiker Bahar Muradova bir necə gün əvvəl Cocuq Mərcanlı kəndinə səfər etdiyini söylədi. O, burada yaşayan insanlarla keçirdiyi görüşlər barədə xoş təəssüratlarını bölüşdü. Kənddə aparılan quruculuq işlərini yüksək dəyərləndirdi

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU