BƏLƏDİYYƏLƏRLƏ BAĞLI QANUNVERİCİLİK TƏKMİLLƏŞDİRİLİR
Martın 2-də Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirildi.
Komitənin sədri Arif Rəhimzadə bildirdi ki, gündəliyə yeni hazırlanmış “Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında” qanun layihəsi, həmçinin “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyə maliyyəsinin əsasları haqqında” qanunlara dəyişikliklər edilməsi barədə məsələlər daxil edilib.
Komitə sədri məlumat verdi ki, 3 fəsildən ibarət olan “Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında” qanun layihəsində peşəkarlıq və fərdi məsuliyyətin artırılması, şəxslərin qanuni maraqlarına, şərəf və ləyaqətinə hörmət, mədəni davranış, qərəzsizlik və digər məsələlər öz əksini tapıb.
Müzakirələrdə çıxış edən deputatlar Kamran Bayramov, Azər Badamov, Fəzail İbrahimli, Cavid Osmanov, Fəttah Heydərov, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəis müavini Fazil Məmmədov, rayon və şəhər bələdiyyələrinin sədrləri qanun layihəsini yüksək qiymətləndirdilər, qeyd və təkliflərini verdilər. Müzakirələrin yekununda qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olundu.
“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” məlumat verən deputat Rüstəm Xəlilov diqqətə çatdırdı ki, təklif olunan dəyişikliyə əsasən, bələdiyyələr hüquqi və fiziki şəxslərin yerli vergilər və ödənişlərlə bağlı borcları barədə onların yazılı müraciətləri əsasında 1 iş günü müddətində arayış verəcəklər. Hazırda isə bu müddət 5 gündür.
“Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” isə deputat Malik Həsənov məlumat verdi. Bildirdi ki, layihəyə əsasən, qanunun 13-cü maddəsinə belə bir cümlə əlavə olunur: “Yerli əhalini tanış etmək məqsədi ilə auditin nəticələri onların bələdiyyəyə təqdim edildiyi gündən bir ay müddətinə bələdiyyə binasının qarşısında xüsusi lövhələrdə yerləşdirilir”.
Çıxışlarda bildirildi ki, bu dəyişikliklər bələdiyyələrin daha şəffaf və operativ fəaliyyət göstərməsinə kömək edəcəkdir.
Sonda hər iki qanuna təklif olunan dəyişikliklər Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edildi.
Milli Məclisin
Mətbuat xidməti