AİLƏ, QADIN VƏ UŞAQ MƏSƏLƏLƏRİ KOMİTƏSİNDƏ
Martın 6-da Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin növbəti iclası keçirildi. Komitə sədri Aqiyə Naxçıvanlı iclası açaraq “Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyalardan qorunması haqqında” yeni qanun layihəsinin müzakirəyə təqdim edildiyini diqqətə çatdırdı.
Bildirildi ki, bu qanun layihəsi Azərbaycan Konstitusiyasına, “Uşaq hüquqları”, “İctimai televiziya və radio yayımı”, “Kütləvi informasiya vasitələri”, “Telekominikasiya haqında” qanunlara, Uşaq Hüquqları Bəyannaməsinə, uşaq hüquqlarına dair Konvensiyaya və digər beynəlxalq hüquq normalarına uyğun olaraq komitə tərəfindən hazırlanmışdır.
Sənəddə ölkəmizdə uşaqların hüquq və azadlıqları, sağlamlığının və inkişafının qorunması, onların mənəviyyatına, psixi, fiziki, sosial inkişafına ziyan vuran informasiya məhsullarından müdafiə olunması sahəsində dövlət orqanlarının, hüquqi və fiziki şəxslərin vəzifələri müəyyən edilir.
Qeyd edildi ki, qanun layihəsi 5 fəsil 23 maddədən ibarətdir. Qanunda əsas anlayışların izahı verilir, onun təsir dairəsi göstərilir, informasiya məhsulları və onları qəbul edən uşaqların yaş qrupları təsnifatlaşdırılır.
Layihədə informasiya məhsullarının dövriyyəsinə aid ümumi tələblər, informasiya məhsulunun nişanı, onun televiziya və radio vasitəsilə yayım qaydaları və xüsusiyyətləri, uşaqlar üçün qadağan olunmuş, onların sağlamlığına və inkişafına ziyan vuran informasiya məhsullarının ekspertizası və dövriyyəsinə aid tələblər öz əksini tapıb.
Müzakirələr zamanı komitə üzvləri Sədaqət Vəliyeva, Dilarə Cəbrayılova, Ağacan Abıyev layihə barədə fikirlərini açıqladılar, təkliflərini səsləndirdilər. Parlament Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adilə Abasova öz çıxışında sənəddə göstərilən məsələlərin gələcək nəslin sağlam formalaşması baxımından önəmli olduğunu vurğuladı.
İclasın sonunda diqqətə çatdırıldı ki, layihə ekspert rəyinin alınması üçün aidiyyəti qurumlara təqdim olunacaq.
Milli Məclisin
Mətbuat xidməti