AQRAR SİYASƏT KOMİTƏSİNİN İCLASINDA
Martın 7-də Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirildi. Komitə sədri Eldar İbrahimov diqqətə çatdırdı ki, iclasda “Meliorasiya və irriqasiya haqqında” qanuna dəyişiklik edilməsi barədə məsələyə baxılacaq.
Parlament Aparatının İqtisadi qanunvericilik şöbəsi müdirinin müavini - aqrar qanunvericilik sektorunun müdiri Vilayət Əlizadə bildirdi ki, sənəd qanunvericilik təşəbbüsü qaydasında ölkə Prezidenti tərəfindən Milli Məclisə təqdim olunub.
Məlumat verildi ki, düzəliş qanunun “Meliorasiya və irriqasiya sahəsinin dövlət tərəfindən idarə olunması” adlanan 12-ci maddəsinin 4-cü hissəsində nəzərdə tutulub. Təklif olunur ki, “Meliorasiya və irriqasiya üzrə müvafiq” sözləri “müvafiq” sözü ilə əvəz edilsin. Bu dəyişiklik “meliorasiya və irriqasiya üzrə müvafiq icra hakimiyyəti orqanı” ifadəsinin dəqiqləşdirilməsi ilə bağlıdır.
Dəyişikliyə əsasən, qeyd olunan hissə yeni redaksiyada aşağıdakı qaydada verilir: “Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun balansında olan meliorasiya və su təsərrüfatı obyektlərinin layihələndirilməsi, tikintisi, idarə olunması, saxlanılması, qorunması işlərinin görülməsi üçün lisenziya və icazə alınması tələb olunduqda, həmin lisenziya və icazə alınmış hesab edilir və yenidən alınması tələb olunmur.”
İclasda çıxış edən komitənin sədr müavini Eldar Quliyev, üzvləri Novruzəli Aslanov, Aydın Hüseynov qanuna edilən dəyişikliyin məqsədəuyğun olduğunu bildirdilər, meliorasiya və irriqasiya sahəsində idarəçiliyin təkmilləşdirilməsi baxımından əhəmiyyətli hesab etdilər. Millət vəkilləri ölkədə son vaxtlar meliorasiya və irriqasiya sahəsində aparılan işlərin həcminin artdığını, torpaqların və su mənbələrinin qorunması istiqamətində səmərəli fəaliyyətin həyata keçirildiyini qeyd etdilər.
Müzakirələrin sonunda qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olundu.
Milli Məclisin
Mətbuat xidməti