MİLLİ MƏCLİSİN NÖVBƏTİ İCLASI KEÇİRİLDİ

Tədbirlər
07 mart 2017 | 06:03   
Paylaşın:        
Martın 7-də Milli Məclisin növbəti plenar iclası keçirildi. İclasda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva iştirak edirdi.
Birinci vitse-prezidenti salamlayan və bu vəzifəyə təyin edilməsi münasibətilə təbrik edən  Milli Məclisin Sədri Oqtay Əsədov bildirdi ki, Mehriban Əliyeva özünün çoxşaxəli fəaliyyəti ilə Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynayır. Bu fəaliyyətlər içərisində Mehriban xanım 12 ilə yaxın müddət ərzində bizim həmkarımız olub, deputat kimi xalqımıza və dövlətimizə xidmət edib. Ölkəmizdə parlament mədəniyyətinin inkişafında onun böyük rolu olub. Dövlətimizin qanunvericilik bazasının təkmilləşdirilməsində yaxından iştirak edib. 
Mehriban xanım bir sıra qanunların təşəbbüskarıdır, o cümlədən 4 amnistiya aktının müəllifidir. Hər amnistiya aktı təqribən 10 min məhbusa şamil edilib. Həm bu insanların, həm də onların yaxınlarının sayını nəzərə alsaq, Mehriban xanımın nə qədər ailəyə sevinc bəxş elədiyini təsəvvür edə bilərik.  
Milli Məclisdə fəaliyyəti dövründə Mehriban xanım Amerika Birləşmiş Ştatları, Fransa parlamentləri ilə dostluq qruplarının rəhbəri,  Türkiyə, Rusiya parlamentləri ilə dostluq qruplarının üzvü olub. Beləliklə o, Milli Məclisin beynəlxalq əlaqələrinin möhkəmlənməsi üçün çox böyük işlər görmüş, Azərbaycan parlamentini xaricdə layiqincə təmsil etmişdir. Xalqımızı düşündürən problemləri beynəlxalq ictimaiyyətə çatdırmaq üçün mümkün olan hər şeyi etmişdir. 
Bir sıra ictimai-siyasi vəzifələrlə yanaşı, Mehriban xanım həm də Yeni Azərbaycan Partiyası sədrinin müavinidir, partiya sıralarının möhkəmlənməsi üçün böyük əmək sərf edir. 
Onun geniş ictimai və xeyriyyəçilik fəaliyyəti hər kəsə məlumdur. Mehriban xanım həm də Heydər Əliyev Fondunun prezidentidir. Dara düşən, yardıma ehtiyacı olan insanlar bir çox hallarda ona üz tutur, ondan kömək istəyir. O da həmişə insanların harayına çatır, onlara həyan durur. Bu mənada Mehriban Əliyeva sözün həqiqi mənasında millət vəkilidir və mən inanıram ki, yeni vəzifədə də millətin vəkili olaraq qalacaqdır. 
Milli Məclisin Sədri əminliklə bildirdi ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə Mehriban Əliyevanın təyin edilməsi ölkəmizin ictimai-siyasi həyatına yeni nəfəs gətirəcəkdir.  Bizim üçün ikiqat fərəhlidir ki, bu cür yüksək vəzifə həmkarımıza həvalə edilmişdir. Sədr bu qərarına görə möhtərəm Prezidentimiz İlham Əliyevə bütün Milli Məclis adından minnətdarlığını bildirdi. 
Sonra çıxış edən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva dedi: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2017-ci il 21 fevral tarixli Sərəncamına əsasən yeni vəzifəyə təyin edilməyimlə əlaqədar olaraq Azərbaycan Respublikası Milli Məclisində fəaliyyətimi dayandırmalı oluram. Mən on ildən artıq parlament üzvü olmuşam. Bu illər ərzində Azərbaycan Milli Məclisinin deputatı adını daşımaq mənim üçün böyük şərəf idi.
Müstəqillik illərində ölkəmizin nüfuzlu dövlət kimi formalaşmasında Milli Məclisin deputat korpusunun da böyük rolu olmuşdur. Azərbaycanda həyata keçirilən islahatların hüquqi bünövrəsini millət vəkillərinin birgə əməyi nəticəsində hazırlanan, müasir reallıqlara və çağırışlara cavab verən qanun layihələri təşkil edir.
Əziz həmkarlar, millət vəkili kimi çalışdığım müddət ərzində burada daim xoş ab-havanın şahidi olmuşam. Təbii ki, belə mühitin yaradılmasında Milli Məclisin sədri Oqtay müəllimin böyük əməyi vardır. O, on ildən artıqdır ki, Milli Məclisin sədri vəzifəsini layiqincə icra edir. Hörmətli Oqtay müəllim, sizə gələcək fəaliyyətinizdə uğurlar arzulayıram.
Hörmətli millət vəkilləri, namizədliyimin irəli sürüldüyü Xəzər rayonunun ərazisində 2005-ci ildən bu günədək aparılmış işlər barədə qısa məlumat vermək istərdim. Bu müddət ərzində rayonda 42 məktəb, 44 uşaq bağçası, 16 uşaq evi və internat məktəbi, o cümlədən 3 uşaq evi üçün yay düşərgəsi inşa olunub və ya əsaslı təmir edilib. 17 səhiyyə müəssisəsi, 10 idman obyekti, o cümlədən 6 stadion, mədəniyyət evləri, kitabxanalar, muzeylər daxil olmaqla 28 mədəniyyət obyekti, 7 məscid və ziyarətgah istifadəyə verilib. Bundan əlavə, rayonun Şüvəlan, Binə, Türkan və Zirə qəsəbələrində əhalinin qaz və elektrik enerjisi ilə təminatı yaxşılaşdırılıb, Şüvəlan, Binə və Qala qəsəbələrində su xətləri çəkilib, rayon ərazisində ümumi uzunluğu 93 kilometr olan yollar salınıb. Bu illər ərzində irimiqyaslı, uzunmüddətli layihələrlə yanaşı, gündəlik həyatda insanları narahat edən problemlərin araşdırmasını daim ön plana çıxarmışam. Mənə müraciət edən insanlara dəstək olmağa çalışmışam. Fəaliyyətimin bütün mərhələlərində mən rayon sakinlərinin dəstəyini hiss etmişəm. Bizim ünsiyyətimiz formal yox, hər zaman çox səmimi olub. Mən tam əminliklə deyə bilərəm ki, əldə etdiyimiz bütün nailiyyətlər bizim birgə fəaliyyətimiz nəticəsində həyata keçirilib. Bu illər ərzində məni dəstəkləyən hər kəsə dərin minnətdarlığımı bildirirəm. Əminəm ki, gələcəkdə də Xəzər rayonunun inkişafı üçün tam gücümlə çalışacağam.
Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunduğum müddət ərzində bir sıra təkliflər irəli sürmüşəm. Humanizm və ədalət ideallarına əsaslanaraq 2007-ci, 2009-cu, 2013-cü və 2016-cı illərdə irəli sürdüyüm amnistiya aktlarının qəbul edilməsi təşəbbüsü həmkarlarım tərəfindən daim dəstəklənib. Nəticə etibarilə amnistiya elan edilməsi haqqında qərarlar əsasında ümumilikdə 39 min 887 məhkum cəzadan azad edilib. Mən amnistiya təşəbbüslərini dəstəkləmiş və bununla da on minlərlə insana azadlıq bəxş etmiş deputatların hər birinə dərin minnətdarlığımı çatdırıram. Ümidvaram ki, belə təşəbbüslər deputatlarımız tərəfindən bundan sonra da irəli sürüləcək və bu xoş ənənə davam edəcək.
Səhiyyə ilə bağlı bəzi məsələləri xüsusi vurğulamaq istərdim. Bildiyiniz kimi, səhiyyə sahəsi rəhbərlik etdiyim Heydər Əliyev Fondunun fəaliyyətində prioritet istiqamətlərdən biridir. Fondun 2005-ci ildən həyata keçirməyə başladığı “Talassemiyasız həyat naminə” proqramı tez bir zamanda geniş vüsət aldı. Bizim təşəbbüsümüzlə məsələ parlamentdə müzakirəyə çıxarıldı və qısa müddət ərzində “Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikasının Qanunu Milli Məclis tərəfindən qəbul edildi. Fondun təşəbbüsü ilə Bakıda inşa edilmiş Talassemiya Mərkəzi regionda sümük iliyinin köçürülməsini mümkün edən ən müasir avadanlıqla təchiz edilmiş yeganə tibbi müəssisədir. Mərkəz fəaliyyətə başladığı gündən burada 40-dan çox uşaq üzərində sümük iliyi transplantasiyası əməliyyatı aparılıb.
Ümumiyyətlə, ölkəmizdə irsi qan xəstəliklərinin yayılması məni bir həkim kimi narahat edir. Azərbaycanda sağlam ailənin formalaşması və bu istiqamətdə risklərin azaldılması məqsədilə mən 2014-cü ildə nikaha daxil olmaq istəyən şəxslərin məcburi tibbi müayinədən keçməsi təşəbbüsü ilə çıxış etdim. Həmkarlarımla ətraflı müzakirədən sonra Ailə Məcəlləsinə müvafiq dəyişikliklərin edilməsi haqqında qanun qəbul olundu.
Mənim təşəbbüsümlə dünyada Azərbaycanı çoxmillətli, tolerant, çoxkonfessiyalı ölkə kimi tanıtmaq üçün bir çox tədbirlər keçirilib. Bütün çıxışlarımda Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağ və onun ətrafında yerləşən yeddi rayonun - ərazimizin 20 faizinin işğal olunması, bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün şəraitində yaşaması haqqında həqiqəti dünya ictimaiyyətinə çatdırmışam. Heydər Əliyev Fondu tərəfindən Xocalı faciəsi haqqında hazırlanan nəşrlər bütün dünyaya yayılıb.
Əziz həmkarlar, mən Milli Məclisdə 12 illik fəaliyyətimi böyük bir ömür məktəbi kimi qiymətləndirirəm. Millət vəkili kimi əldə etdiyim təcrübə əvəzsizdir. Vəzifəmdən, fəaliyyətimin istiqamətindən asılı olmayaraq mən həyatda sadə prinsiplərə arxalanmışam. Çalışmışam heç zaman unutmayım ki, vicdan və ləyaqət, mərhəmət və xoş niyyət, ədalət və qarşılıqlı hörmət Tanrının insana verdiyi ən ali, ən gözəl xüsusiyyətlərdir. Mənə inanan hər bir insanı bu yüksək tribunadan əmin etmək istərdim ki, gələcək fəaliyyətimdə də mənəvi dəyərləri üstün tutacağam. Azərbaycanın müstəqilliyinin qorunması, ölkəmizin hərtərəfli inkişafı üçün tam gücümlə çalışacağam. Bu son günlər mənim ünvanıma soydaşlarımızdan çoxsaylı təbrik məktubları gəlir. Sadə insanlardan aldığım hər bir məktub, hər bir təbrik mənim üçün çox dəyərlidir. Fürsətdən istifadə edərək, səmimi ürək sözlərinə və dəstəklərə görə mən onların hər birinə dərin minnətdarlığımı bildirirəm.
Bu gün parlamentdə təmsil olunan qadın həmkarlarımı və bütün Azərbaycan qadınlarını qarşıdan gələn 8 Mart - Ümumdünya Qadınlar Günü münasibətilə təbrik edirəm. Mən sizin hər birinizə möhkəm cansağlığı, şəxsi həyatınızda xoşbəxtlik və işlərinizdə uğurlar arzulayıram. Bu illərdə birgə fəaliyyətə görə sizə dərin minnətdarlığımı bildirirəm və ümidvaram ki, gələcəkdə bizim əməkdaşlığımız davam edəcək. Qoy Tanrı Azərbaycanı hər zaman qorusun! Diqqətinizə görə çox sağ olun”.
 Sonra çıxış edən Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov ölkəmizdə vitse-prezident institutunun yaradılmasını zəruri edən amillər, bununla bağlı həyata keçirilmiş Konstitusiya islahatları barədə ətraflı məlumat verdi, Mehriban xanıma yeni vəzifəsində uğurlar arzuladı. Çıxış edən Milli Məclis Sədrinin müavini Bahar Muradova da Mehriban xanımın sivilizasiyalar arasında harmoniya yaratmaq istiqamətində həyata keçirdiyi geniş fəaliyyətindən söhbət açdı. Xalqa, millətə, dövlətə xidmət missiyasının həyata keçirilməsində ona uğurlar arzuladı.
Çıxış edən deputatlar Siyavuş Novruzov, Fəzail İbrahimli, Sahibə Qafarova, Azay Quliyev, Məlahət İbrahimqızı və Rauf Əliyev Mehriban xanım Əliyevanın Azərbaycan dövləti və xalqı qarşısındakı xidmətlərindən danışdılar, ona yeni vəzifəsində uğurlar arzuladılar.
Çıxışlarda deyilən xoş sözlərə münasibət bildirən Birinci vitse-prezident Mehriban Əliyeva onu dəstəkləyən deputatlara, soydaşlarına və Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.  Mehriban xanım alqış sədaları altında Milli Məclisin plenar iclas zalını tərk etdikdən sonra iclas işini davam etdirdi. 
Əvvəlcə millət vəkilləri Azərbaycan Respublikası Milli Məclisi komitəsinin üzvünün seçilməsi haqqında məsələni müzakirə etdilər. Deputat İqbal Məmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü seçildi.
Sonra deputatlar Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Alim Səlim oğlu Quliyevi, Vadim Ələddin oğlu Xubanovu və Afdandil Qasım oğlu Babayevi Mərkəzi Bankın İdarə Heyətinin üzvləri təyin etdilər.
Daha sonra iclasda Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsi dinlənildi.  Məruzəni təqdim edən ombudsman Elmira Süleymanova insan hüquqlarının və azadlıqlarının müdafiəsi sahəsində fəaliyyəti, o cümlədən vətəndaşların mülki, siyasi, iqtisadi, sosial və mədəni hüquqlarının müdafiəsi, bu sahədə müvafiq qurumlarla  əməkdaşlıq, əhalinin müxtəlif qruplarının hüquqlarının qorunması, maarifləndirmə işinin aparılması, beynəlxalq əlaqələr,  ictimaiyyətlə və kütləvi informasiya vasitələri ilə əməkdaşlıq məsələləri barədə məlumat verdi. 
Bildirdi ki, ötən il müvəkkilin ünvanına 18.740 müraciət daxil olub. İl ərzində Müvəkkil tərəfindən 3.636 şəxs qəbul olunub. Şikayətlərin 57,4%-nə baxılmaqdan obyektiv səbəblərdən imtina edilib, 42,6%-i baxılmaq üçün icraata qəbul edilib, bunların 63,6%-i təmin olunub. Müvəkkilə müraciətlərin asanlaşdırılması üçün Gəncə, Quba, Şəki və Cəlilabad rayonlarında 4 regional mərkəz yaradılıb, eyni zamanda, “Uşaq qaynar xətti” və işgəncələrə qarşı qaynar xətt fəaliyyət göstərir. Qeyd edildi ki, 2016-cı il sentyabrın 26-da Azərbaycan Konstitusiyasına dəyişikliklərlə bağlı keçirilən referendumda Müvəkkil və Aparatın əməkdaşları müxtəlif seçki məntəqələrində müşahidəçi qismində fəal iştirak ediblər. 
Diqqətə çatdırıldı ki, Ombudsman institutu qanunvericiliyin təkmilləşdirilməsi sahəsində də səmərəli fəaliyyət göstərir, insan hüquq və azadlıqlarının təmin edilməsi ilə bağlı qanunvericilik aktlarına təkliflərlə çıxış edir. 
Müzakirələr zamanı çıxış edən deputatlar məruzə barədə fikirlərini açıqladılar, bir sıra təklif və tövsiyələrini verdilər. Çıxışlardan sonra Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsi səsə qoyularaq nəzərə alındı.
Bununla da Milli Məclisin iclası başa çatdı.

Milli Məclisin
Mətbuat xidməti




Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU