KOMİTƏLƏRİN BİRGƏ İCLASINDA
Martın 10-da Milli Məclisin Əmək və sosial siyasət və İnsan hüquqları komitələrinin birgə iclası keçirildi.
İclası açan Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirdi ki, iclasın gündəliyinə “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsi daxil edilib. Qanun layihəsi hazırlanarkən bir sıra ölkələrin, əsasən isə Rusiya və Türkiyənin bu sahədəki qanunvericilik təcrübəsindən istifadə olunub. Bu qanun Azərbaycan əhalisinin sağlamlığının qorunması, sağlam həyat tərzinin təbliği baxımından mühüm əhəmiyyətə malikdir.
Qanun layihəsi barədə məlumat verən Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin Əmək qanunvericiliyi sektorunun müdiri Adil Vəliyev bildirdi ki, bu qanun uşaqların və gənclərin sağlam böyüməsi, pis vərdişlərə aludəçiliyin qarşısının alınması, tütün məmulatlarının istifadəsinin və tütün tüstüsünün ətraf mühitə zərərli təsirlərinin azaldılmasının hüquqi əsaslarını müəyyən edəcəkdir. Qanun layihəsi 3 fəsil 18 maddədən ibarətdir.
Müzakirələr zamanı çıxış edən deputatlar Musa Quliyev, Fazil Mustafa, Sona Əliyeva, Rüfət Quliyev, Tahir Kərimli, Hikmət Məmmədov, Rauf Əliyev, Rafiq Məmmədhəsənov, Yaqub Mahmudov və müvafiq qurumların nümayəndələri qanun layihəsini Azərbaycan cəmiyyətinin gələcəyi üçün mühüm addım kimi dəyərləndirdilər, bununla bağlı qeyd və təkliflərini bildirdilər.
Müzakirələrdən sonra qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olundu.
Milli Məclisin
Mətbuat xidməti