MİLLİ MƏCLİSİN İCLASINDA

Tədbirlər
13 mart 2017 | 02:03   
Paylaşın:        

Martın 10-da Spiker Oqtay Əsədovun sədrliyi ilə Milli Məclisin növbəti plenar iclası keçirildi.
Öncə “Məktəbəqədər təhsil haqqında” qanun layihəsinin ikinci oxunuşda yarımçıq qalmış müzakirəsi davam etdirildi. Deputatlar Musa Qasımlı, Jalə Əliyeva, Sona Əliyeva, Bəxtiyar Əliyev, Xanhüseyn Kazımlı, Qənirə Paşayeva 5 fəsil 25 maddədən ibarət olan qanun layihəsinə dair  fikirlərini bildirdilər. Sənədin mükəmməl hazırlandığı qeyd edildi.
Müzakirələrin yekununda qanun layihəsi öncə fəsil-fəsil, sonra bütövlükdə səsə qoyuldu və ikinci oxunuşda qəbul edildi.
İclasda Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov parlamentə bir zərfdə daxil olmuş “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” və “Sərhəd qoşunları haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə məsələləri ətraflı şərh etdi. Bildirdi ki, bu zərurət “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Əsasnaməsinin, strukturunun və hərbi qulluqçularının və işçilərinin ümumi say tərkibinin təsdiq edilməsi haqqında” Fərmana 2016-cı ildə (21 may və 9 iyun tarixlərində) edilmiş  dəyişikliklərdən qaynaqlanıb. Prezident Fərmanındakı həmin dəyişikliklər Dövlət Sərhəd Xidmətinin üzərinə müəyyən vəzifələr qoymaqla yanaşı öz təyinatını və vəzifələrini həyata keçirmək üçün bu quruma bir sıra hüquqlar da verib.
Qanunvericiliyin uyğunlaşdırılması baxımından dövlət sərhədi haqqında qanunun 12-ci maddəsi, sərhəd qoşunları haqqında qanunun isə 4-cü, 5-ci və 21-ci maddələri yeni redaksiyada verilir. Məqsəd şəxslərin Azərbaycanın dövlət sərhədini qanunsuz keçməsinin, habelə  narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının  ölkəmizə gətirilməsinin qarşısını almaqdır. Yeni qanun həmçinin hərbi texnikanın, odlu silah və döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların, eləcə də güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, mülki dövriyyəsi qadağan olunmuş və ya məhdudlaşdırılmış digər əşyaların da dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısını almağa yardımçı olacaqdır.
Qanun layihələri müsbət dəyərləndirildi. Hər iki sənəd səsə qoyularaq yekdilliklə qəbul edildi.
Gündəlikdəki növbəti iki məsələni təqdim edən Milli Məclis Sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova  vurğuladı ki, Azərbaycan Prezidentinin qanunvericilik təşəbbüsü qaydasında parlamentə daxil olmuş “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunda və “Telekommunikasiya haqqında” qanunda dəyişikliklər edilməsinə dair  layihələr virtual məkanda təhlükəsizliyi qorumaq üçün qanunvericiliyi təkmilləşdirmək məqsədi daşıyır. Bu sənədlər komitədə ciddi müzakirə olunub, deputatların təklifləri nəzərə alınıb. Hər iki qanuna təklif olunan dəyişikliklər internetin və telekommunikasiya resurslarının kibertəhlükəsizliyini təmin etməyə yönəldilib. Hazırkı dövrdə elektron təhlükələrin və kiberhücumların qarşısını almaq, eyni zamanda bu hücumların mənbələrini müəyyənləşdirmək vacibdir. Yeni qanun internet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotunu aparmağa, onların vəzifələrini və məsuliyyətini müəyyənləşdirməyə, fəaliyyətini tənzimləməyə kömək edəcək. Həmçinin internet informasiya ehtiyatının yaradılmasını və uçotunu aparmağa, virtual məkanda informasiyanın yayılması qaydalarını müəyyən etməyə, eləcə də yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinin qarşısını almağa xidmət edəcək. Təklif olunan dəyişikliklər bu qaydaların pozulmasına görə məsuliyyətin müəyyənləşdirilməsini də tənzimləyəcək.
 Vitse-spikerin geniş şərhindən sonra deputatlar Məlahət İbrahimqızı, Siyavuş Novruzov, Əflatun Amaşov, Qənirə Paşayeva, Sədaqət Vəliyeva, Sevinc Fətəliyeva, Vüsal Hüseynov çıxış edərək müzakirə olunan məsələnin vacibliyindən danışdılar. “Vikipediya”da Azərbaycana dair bir sıra yanlış və təhrif olunmuş məlumatların yer almasından narahatlıqlarını bildirdilər.
 Səsvermə zamanı Milli Məclis hər iki qanunu  dəstəklədi. 
İclasda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadənin məlumatı dinlənildikdən sonra “Lisenziyalar və icazələr haqqında”, həmçinin “Reklam haqqında” qanunlarda dəyişikliklər edilməsinə dair qanun layihələri qəbul edildi.
Plenar iclasda “Əmək pensiyaları haqqında” qanunda dəyişikliklər edilməsi barədə məsələyə baxıldı. Layihəni şərh edən Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirdi ki, bu dəyişikliklər Azərbaycan Prezidentinin sərəncamına əsasən 2014-2020-ci illərdə ölkəmizdə pensiya təminatı sisteminin islahatına dair konsepsiya ilə əlaqədardır. Hazırda deputatların sərəncamına verilmiş bu sənəd Milli Məclis Sədrinin təşəbbüsü ilə üç ay müddətində işçi qaydada dəfələrlə müzakirə olunub. Komitənin üzvləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları ilə  birgə bir çox məqamlara aydınlıq gətiriblər. Sənədin müzakirəsində parlamentin digər komitələrinin üzvləri də yaxından iştirak ediblər. Bütövlükdə 47 maddədən ibarət olan “Əmək pensiyaları haqqında” qanunun 22 maddəsinə 98 dəyişiklik təklif olunur. Dəyişikliklər əsasən mövcud qanunun sığorta sisteminə uyğunlaşdırılmasından ibarətdir. Belə ki, layihədə sığorta prinsiplərinə əsaslanmayan xərcləri minimum səviyyəyə endirməklə maliyyələşmə mənbələrinin optimallaşdırılması, pensiya təyinatının hər bir şəxs üzrə ödənilən sosial sığorta haqqının məbləğinə uyğunlaşdırılması, əmək pensiyasının baza hissəsinin restrukturizasiyası və minimum pensiya məbləği göstəricisinin tətbiqi, kişilər və qadınlar üçün pensiya yaşının demoqrafik göstəricilərə uyğunlaşdırılması nəzərdə tutulur.
Qanun layihəsinin müzakirəsində deputatlar Fazil Mustafa, Zahid Oruc, Tahir Kərimli, Əli Məsimli, Fərəc Quliyev, İlham Məmmədov, Qənirə Paşayeva, Adil Əliyev, Xanhüseyn Kazımlı rəy və təkliflərini diqqətə çatdırdılar, sənədin mütərəqqi cəhətlərini qeyd etdilər.
Milli Məclisdə çıxış edən Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev  “Əmək pensiyaları haqqında” qanuna təklif olunan dəyişikliklərin mahiyyəti və incəlikləri barədə ətraflı məlumat verdi. İslahatların mərhələli şəkildə aparılacağını, pensiya sisteminin sadə və ədalətli olmasına çalışdıqlarını dedi. Nazir müavini deputatları narahat edən məqamlara aydınlıq gətirdi, sualları cavablandırdı.
Yekunda “Əmək pensiyaları haqqında” qanunda dəyişikliklər edilməsinə dair qanun layihəsi səsə qoyuldu və qəbul edildi.
Bununla da Milli Məclisin növbəti plenar iclası başa çatdı.

 

Milli Məclisin
Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU