ÇİNİN XARİCİ ÖLKƏLƏRLƏ DOSTLUQ CƏMİYYƏTİNİN NÜMAYƏNDƏLƏRİ MİLLİ MƏCLİSDƏ
Martın 14-də Milli Məclisin Çinlə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlərinin Çin Xalq Respublikasi Xarici ölkələrlə Dostluq Cəmiyyətinin nümayəndələri ilə görüşü oldu.
Qonaqları salamlayan işçi qrupun rəhbəri, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov əvvəlcə Çinlə beynəlxalq təşkilatlardakı səmərəli əməkdaşlığımızdan söz açdı. Bildirildi ki, Azərbaycan dövlət müstəqilliyini qazandıqdan sonra Çinlə münasibətlər yüksək səviyyədə inkişaf etmişdir. Təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu münasibətlər ölkə başçısı İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir. O, parlamentlərarası əlaqələrin inkişafinda dostluq qruplarının rolunu vurğuladı, qeyd etdi ki, Azərbaycan parlamentində Çinlə dostluq qrupunda 25 nəfər təmsil olunur. Sonra Çin Kommunist Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında əlaqələrdən, təhsil sahəsindəki əməkdaşlıqdan söhbət açıldı.
Qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hazırkı durumu barədə məlumat verən işçi qrupun rəhbəri bildirdi ki, işğalçı dövlət mütəmadi olaraq atəşkəsi pozur. Torpaqlarımızın 20 faizi hələ də düşmən tapdağı altındadır. Bir milyondan artıq soydaşımız oz doğma dədə-baba torpaqlarından qovulub. Ermənistan beynəlxalq təşkilatların Azərbaycan torpaqlarını qeyd-şərtsiz azad etməsi ilə bağlı qəbul etdiyi heç bir qətnaməyə məhəl qoymur. Bu münaqişə bütün regionun təhlükəsizliyini təhdid altında saxlayır.
Çinin Xarici ölkələrlə Dostluq Cəmiyyətinin sədr müavini, nümayəndə heyətinin başçısı Song Jingüu səmimi görüş və ətraflı məlumat üçün təşəkkürünü bildirdi. Qonaq ölkəmizə Heydər Əliyev Fondunun dəvəti ilə gəldiklərini bildirdi, keçirdikləri görüşlərdən, səfərdən aldıqları təəssüratdan olduqca məmnun olduqlarını qeyd etdi. O, Çinin BMT Təhlükəsizlik Şurasının tam hüquqlu üzvü, bütün dünyada iqtisadi qüdrətinə görə seçilən bir dövlət kimi hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirdi. Ölkələrimiz arasında siyasi münasibətlərdə hər zaman qarşılıqlı inam və etimadın olduğunu deyən Song Jingüu Tayvan məsələsində verdiyi dəstəyə görə Azərbaycan dövlətinə təşəkkürünü ifadə etdi.
Söhbətdə hər iki ölkənin təşəbbüskarı olduğu yeni iqtisadi layihələr, ölkələrimizarası humanitar təmaslar, münasibətlərin gələcək inkişaf perspektivləri barədə fikir mübadiləsi aparıldı.
Görüşdə Milli Məclisin komitə sədri Hadi Rəcəbli, deputatlardan Əliağa Hüseynov, Hüseynbala Mirələmov, Malik Həsənov, Rauf Əliyev, Xanlar Fətiyev və digər rəsmi şəxslər iştirak edirdilər.
Milli Məclisin
Mətbuat xidməti