MİLLİ MƏCLİSDƏ DƏYİRMİ MASA
Mayın 14-də Milli Məclisdə “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi ilə birgə keçirilən dəyirmi masada korrupsiyaya qarşı mübarizənin hüquqi bazasına dair fikir mübadiləsi aparıldı. ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstəyi ilə ölkəmizdə reallaşdırılan layihə çərçivəsində təşkil edilən tədbirdə bir sıra hökumət qurumlarının təmsilçiləri, beynəlxalq təşkilatların və yerli QHT-lərin nümayəndələri iştirak edirdilər.
Dəyirmi masanın açılışında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli diskussiyaların açıq, konstruktiv şəkildə keçəcəyinə əminlik ifadə etdi. Qanunverici orqanın təmsilçiləri olaraq deputatların müzakirə zamanı veriləcək təkliflərdə maraqlı olduğunu bildirdi. “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin icraçı direktoru Rəna Səfərəliyeva dəyirmi masa ideyasını dəstəklədiyinə və təşkilinə göstərilən köməyə görə Milli Məclisin rəhbərliyinə təşəkkür etdi.
Sonra Azərbaycan parlamentinin qanun yaradıcılığı praktikasındakı mövcud vəziyyət və perspektivlər, hüquqi təşəbbüslər barədə Milli Məclis Aparatının əməkdaşı Eldar Əsgərovun məruzəsi dinlənildi. Ölkəmizdə korrupsiyaya və rüşvətxorluğa qarşı ciddi mübarizə aparıldığını deyən məruzəçi Azərbaycan Prezidentinin Sərəncamına əsasən 2007-ci ildə təsdiqlənmiş “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya”dan bəhs etdi. Həmin sənədin korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramının (2004-2006-cı illər) davamı olduğunu vurğuladı. Bu sahədə həyata keçirilən tədbirlərdən bəhs etdi. Bildirdi ki, antikorrupsiya strategiyası ölkəmizin qanunvericilik bazasında da öz əksini tapıb. Cinayət Məcəlləmizdə korrupsiya cinayətlərinə böyük bir fəsil ayrılıb. Məcəllənin bir sıra maddələrində vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma və vermə, dövlətin müstəsna mülkiyyətində olan torpaq sahələrinə dair qanunsuz qərar qəbul etmə, vəzifə saxtakarlığı, nüfuz alveri, səhlənkarlıq və digər əməllərə görə cinayət məsuliyyəti nəzərdə tutulub.
Dəyirmi masa iştirakçılarının diqqətinə çatdırıldı ki, korrupsiyaya qarşı mübarizənin normativ-hüquqi bazasını zənginləşdirmək məqsədilə Milli Məclis son illərdə “Korrupsiyaya qarşı mübarizə haqqında”, “Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi Qaydaları”, “Dövlət qulluqçularının etik davranış Qaydaları”, “Məlumat azadlığı haqqında”, “İnformasiya əldə etmək haqqında”, “Dövlət satınalmaları haqqında”, “İnzibati icraat haqqında” qanunları və İnzibati Prosessual Məcəlləni qəbul edib. Həmçinin Cinayət Məcəlləsinə edilən dəyişikliklər korrupsiya hüquqpozmalarına görə cinayət məsuliyyəti daşınması prosedurlarını müəyyənləşdirib. Parlament qanun yaradıcılığını davam etdirir və sözü gedən sahə ilə bağlı yeni qanun layihələrinin qəbulu da gündəmdədir. Milli Məclisdə ikinci oxunuşa hazırlanan Şəhərsalma və Tikinti Məcəlləsində şəffaflıq məsələsi daha qabarıq əksini tapıb.
Məruzə dinlənildikdən sonra “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev çıxış edərək Azərbaycanda korrupsiyaya qarşı mübarizə üzrə normativ-hüquqi bazanın inkişafından danışdı. Bir sıra təkliflər verdi. “Dövlət qulluğu haqqında” qanunda dəyişikliklər edilməsinə ehtiyac olduğunu dedi.
Dəyirmi masada “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin icraçı direktoru müxtəlif dövlət qurumları ilə keçirilən on bir dəyirmi masada müzakirə edilən qanunvericiliklə bağlı ümumi tövsiyələri deputatların diqqətinə çatdırdı.
Sonra dəyirmi masa ətrafında geniş diskussiya aparıldı. QHT təmsilçiləri müxtəlif qanunlara dair rəylərini və konkret təkliflərini bildirdilər. Tədbirdə iştirak edən dövlət qurumlarından Konstitusiya Məhkəməsinin, Dövlət Sosial Müdafiə Fondunun, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri debatlarda səslənən fikirlərə münasibətlərini açıqladılar. Müzakirələrdə səmərəli təkliflərin irəli sürüldüyünü vurğuladılar.
Yekunda Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev vətəndaş cəmiyyətinin üzvləri ilə belə görüşlərin əhəmiyyətini yüksək dəyərləndirdi. Dəyirmi masada səslənən fikirlərin komitə üzvlərində böyük maraq doğurduğunu, qanun yaradıcılığına dair çox məntiqli fikirlərin səsləndiyini bildirdi. Korrupsiya və rüşvətxorluq hallarının azalması üçün ictimai qınağın vacibliyini qeyd etdi. Dedi ki, ölkəmizdə korrupsiyaya qarşı aparılan mübarizədə bütün təşkilatlar, dövlətlə vətəndaş cəmiyyəti birgə fəaliyyət göstərsə, daha səmərəli nəticələr əldə olunar.
Milli Məclisin
Mətbuat xidməti