MİLLİ MƏCLİSDƏ HÖKUMƏTİN HESABATI DİNLƏNİLDİ
Martın 17-də Milli Məclisin növbəti plenar iclası keçirildi. Sədr Oqtay Əsədov iclası açdı.
Gündəliyin təsdiqindən sonra Spiker bildirdi ki, bu gün qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı ildə fəaliyyəti haqqında hesabat dinləniləcək. Hökumətin hesabatı kitab şəklində çap olunaraq deputatlara paylanılmışdı. Hesabat barədə danışan Spiker Oqtay Əsədov qeyd etdi ki, təqdim olunmuş sənəddən də göründüyü kimi, ötən il dünya iqtisadiyyatında mənfi meyllər güclənsə də, iqtisadi dirçəliş az müşahidə olunsa da, Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət sayəsində dünya iqtisadiyyatında yaranmış vəziyyətin ölkə iqtisadiyyatına vəziyyətinə az təsir etməsinə səbəb oldu.
Spiker vurğuladı ki, hesabat ilində informasiya, rabitə, kənd təsərrüfatı, turizm sektorlarında əldə olunan artım yüksək qiymətləndirilməlidir. Ölkəmiz dörd göstərici üzrə dünya dövlətləri arasında ilk 40-lığa daxil olub. Bunlardan biznesə başlamaq göstəricisi üzrə beşinci, mülkiyyət qeydiyyatı göstəricisinə görə 22-ci, investorların müdafiəsi göstəricisi üzrə 32-ci, vergilərin ödənişlilik göstəricisinə görə ölkəmiz 40-cı yeri tutur. Azərbaycan investisiya qoyuluşu üzrə cəlbediciliyini qoruyub saxlayıb. Sədr dedi ki, ötən il ərzində ölkədə sosial-iqtisadi infrastruktur layihələrinin həyata keçirilməsinə 15 milyard manatdan çox sərmayə yatırılıb. 2016-cı ildə Azərbaycan dünyanın təxminən 186 ölkəsi ilə 17,1 milyard dollar məbləğində xarici ticarət əməliyyatları həyata keçirib. Oqtay Əsədov həmçinin qeyd etdi ki, hökumətin hesabatının Milli Məclisdə dinlənilməsi sosial-iqtisadi məsələlərin obyektiv araşdırılmasına imkan yaradır. Ötən il deputatların irəli sürdükləri təkliflərə hökumət diqqətlə yanaşılıb.
Sonra Baş nazir Artur Rasi-zadə Nazirlər Kabinetinin hesabatını təqdim etdi. Baş nazir bildirdi ki, ötən ilin sentyabrında Azərbaycan Respublikasının Konstitusiyasına təklif edilən dəyişikliklərin referendumda qəbul edilməsi dövlətimizin başçısının daxili və xarici siyasətinin xalqımız tərəfindən dəstəklənməsini bir daha sübut etdi.
Çıxışında xalq-iqtidar birliyinin son 13 ildə iqtisadi əsaslarını əks etdirən faktları və rəqəmləri diqqətə çatdıran Baş nazir dedi ki, müddət ərzində Ümumi Daxili Məhsulun real həcmi 3 dəfə, dövlət büdcəsinin nominal gəlirləri 20 dəfə, əsas kapitala qoyulan investisiyalar 3 dəfə, o cümlədən qeyri-neft sektoru sahəsinə yönəldilən sərmayələr 5,6 dəfə, qeyri-neft məhsullarının ixracı 3,3 dəfə, əhalinin nominal gəlirləri 8 dəfə, orta aylıq əməkhaqqı 6,4 dəfə artıb. Qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həllinə 5,2 milyard manat məbləğində vəsait xərclənib. 1 milyon 677 min yeni iş yeri yaradılıb. 10 min kilomertdən çox yeni yollar salınmış, 3 min məktəb, 600 xəstəxana, 400-dən çox turizm və mədəniyyət obyekti, 50 idman kompleksi tikilib istifadəyə verilib. Strateji əhəmiyyətli Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin layihəsi reallaşdırılmışdır.
Baş nazir çıxışında sahibkarlığın inkişafı, kənd təsərrüfatının prioritet istiqamətləri, neft-qaz sənayesində, həmçinin nəqliyyat sahəsində həyata keçirilən layihələr, ordumuzun müdafiə qabiliyyətinin artması, hərbi-sənaye kompleksimizin nailiyyətləri və digər mühüm sahələr barədə də məlumat verdi.
Baş nazir qeyd etdi ki, hesabat ilində dövlət büdcəsinin gəlirlərinin icrası təmin edilmiş və bunun müqabilində bütün sosial öhdəliklər, əsas dövlət proqramları yerinə yetirilmişdir. Büdcənin bir qayda olaraq sosialyönümlü olması orta aylıq əməkhaqlarının və pensiyaların artırılmasına zəmin yaratmışdır. Dövlət büdcəsindən maliyyələşdirilən elm, təhsil, səhiyyə, mədəniyyət, müdafiə və sair sahələrdə çalışanların aylıq əməkhaqları, pensiya, məcburi köçkünlərə verilən aylıq müavinətlər, təqaüdlər və digər sosial öhdəliklər orta hesabla 10 faiz artırılmış və ümumilikdə 3 milyon 600 min insanı əhatə etmişdir. 130 minə yaxın aztəminatlı ailənin ünvanlı sosial yardımla təmin edilməsinə təqribən 240 milyon manatadək maliyyə vəsaiti xərclənmişdir. 7 min məcburi köçkün yeni mənzillərlə təmin olunmuşdur.
Qeyd olundu ki, sosial-iqtisadi inkişafı sürətləndirən əsas amillərdən biri də ölkədə sahibkarlığın geniş təşəkkül tapmasıdır. Buna nail olmaqdan ötrü həyata keçirilən ardıcıl tədbirlər nəticəsində sahibkarlıq subyektləri ilə dövlət orqanları arasındakı münasibətlər xeyli sadələşdirilmiş, lisenziyaların alınmasına sərf olunan vaxt həm qısaldılmış, həm də asanlaşdırılmışdır. Ödənilən dövlət rüsumlarının məbləğləri 2 dəfədən 4 dəfəyədək azaldılmışdır. Baş nazir hesabat dövründə Sahibkarlığın İnkişafına Kömək Milli Fondu tərəfindən sahibkarlara 190 milyon manat məbləğində güzəştli kredit ayrıldığını da dilə gətirdi. Qeyd olundu ki, ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində və ixracyönlü məhsulların istehsalında mühüm rolu olan aqrar-sənaye kompleksində işlər geniş vüsət almışdır. Keçən illə müqayisədə əksər kənd təsərrüfatı məhsulları istehsalının həcmi artaraq, yüksək göstəricilərə nail olunmuşdur. Dövlət başçısının təşəbbüsü ilə kənd təsərrüfatının ənənəvi pambıqçılıq, tütünçülük, baramaçılıq, çayçılıq və fındıqçılıq kimi yüksək gəlirli sahələrinin inkişafı istiqamətində həyata keçirilən kompleks dövlət dəstəyi tədbirləri artıq ilkin nəticələrini verməyə başlayıb.
Artur Rasi-zadə bildirdi ki, 2016-cı ildə ölkənin maliyyə-bank sektorunda müşahidə olunan çətinliklərlə bağlı bu ili mürəkkəb il kimi xarakterizə etmək olar. Vəziyyəti nəzərə alan Prezident İlham Əliyev maliyyə sektorunda idarəçiliyin təkmilləşdirilməsi və iqtisadi dayanıqlılığın təmin edilməsi məqsədilə Maliyyə Bazarlarına Nəzarət Palatasını və Maliyyə Sabitliyi Şurasını yaratdı. Ölkə iqtisadiyyatındakı mövcud problemlər Maliyyə Sabitliyi Şurasında araşdırılaraq onların həllinə yönəldilmiş tədbirlər planı hazırlanıb və aidiyyəti dövlət orqanları tərəfindən icrasına başlanılıb.
Həyata keçirilmiş məqsədyönlü tədbirlər və əvvəlki illərdə yaradılmış güclü iqtisadi potensialdan düzgün istifadə edilməsi iqtisadi durumun sabitləşməsinə gətirib çıxardı və 2016-cı ili müsbət nəticələrlə yekunlaşdırmağa imkan verdi. Hesabat ilinin sonunda həyata keçirilən iqtisadi siyasətin və islahatların davamlılığını təmin etmək üçün dövlət başçısı tərəfindən “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi barədə” Fərman imzalanmışdır. Bu fərmana əsasən neft və qaz sənayesinin inkişafına, kənd təsərrüfatının irəliləməsinə, kiçik və orta sahibkarlığın, sənayenin, maşınqayırmanın, turizmin, telekommunikasiya və informasiya texnologiyalarının, kommunal xidmətlərin inkişafına dair strateji yol xəritələri təsdiq edildi.
Baş nazir 2016-cı ildə iqtisadiyyatın qeyri-neft sektorunda istehsalın 5 faiz artdığını bildirərək dedi: “Qeyri-neft sənayesinin inkişafında texnologiya və sənaye parklarının yaradılması konsepsiyası əsas götürülüb. Artıq Sumqayıt Texnologiyalar Parkı ilə yanaşı, Sumqayıt Kimya Sənaye Parkı, Qaradağ Sənaye Parkı, Balaxanı Sənaye Parkı da fəaliyyət göstərir. Ötən il 400-dən çox sənaye müəssisəsi fəaliyyətə başlayıb”.
Kənd təsərrüfatı sahəsində həyata keçirilən genişmiqyaslı tədbirlərə toxunan Baş nazir vurğuladı ki, bu işlər nəticəsində mövcud istehsal 2,6 faiz artıb. Əsas kapitala yönəldilən 15 milyard manatdan çox vəsaitin 45 faizi qeyri-neft sektorunun payına düşüb.
Hesabat ilində təhsil, səhiyyə və mədəniyyət sahələrində maddi texniki bazanın möhkəmləndirilməsindən söz açan Baş nazir dövlət büdcəsinin vəsaiti hesabına ölkənin bütün ümumtəhsil məktəblərində hazırlıq qrupları yaradıldığını dilə gətirdi. Bildirildi ki, müsabiqə yolu ilə işə qəbul olunmuş 2400-dən çox müəllimin 70 faizdən çoxu kənd məktəblərinə göndərilib. İlk peşə ixtisas təhsili sahəsində peşə hazırlığının səmərəliliyinin artırılması və yüksək ixtisaslı kadrların hazırlanması məqsədilə 32 peşə təhsili müəssisəsinin bazasında 13 peşə təhsili mərkəzi yaradılıb. İl ərzində 29 yeni məktəb tikilib, 485 təhsil müəssisəsində cari və əsaslı təmir işləri aparılıb.
Baş nazir qeyd etdi ki, səhiyyə sisteminin müasir avadanlıqlarla təmin edilməsi yaxın keçmişdə aparılması mümkün olmayan bir sıra cərrahiyyə əməliyyatlarının bu gün uğurla həyata keçirilməsini mümkün edib. Ötən il icbari tibbi sığortanın tətbiq edilməsi məqsədilə müvafiq dövət agentliyi yaradılıb və cari ilin əvvəlindən Mingəçevir şəhərində və Yevlax rayonunda pilot layihələrin icrasına başlanılıb.
Ötən il Yay Olimpiya Oyunlarında qazanılan yüksək nəticələr, Bakı şəhərində keçirilən “Formula-1“ yarışları və Ümumdünya Şahmat Olimpiadası Azərbaycanın dünyadakı idman ölkəsi imicini daha da möhkəmləndirdi.
Daha sonra deputatlar hökumətin hesabatına münasibət bildirdilər. Millət vəkilləri Musa Qasımlı, Əli Məsimli, Əflatun Amaşov, Hadi Rəcəbli, Fəzail Ağamalı, Elmira Axundova, Arif Rəhimzadə, Fərəc Quliyev, Jalə Əliyeva, Siyavuş Novruzov, Aydın Mirzəzadə, Naqif Həmzəyev, Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov çıxışlarında qeyd etdilər ki, hesabatda və Baş nazirin bununla bağlı çıxışında hökumətin fəaliyyəti hər tərəfli və əhatəli təqdim olunub. Mövcud iqtisadi çətinliklərə baxmayaraq hökumət ötən il ərzində səlahiyyətləri çərçivəsində öhdəsinə düşən vəzifəni layiqincə yerinə yetirib. Azərbaycanın sosial, iqtisadi inkişafına öz dəyərli töhfəsini verib. Bu ilki hesabatda 2015-ci ildəki sənədin Milli Məclisdə müzakirəsi zamanı deputatlar tərəfindən irəli sürülən təkliflərə həssaslıqla yanaşılıb. Nazirlər Kabinetinin illik hesabatında ölkə həyatının bütün sahələri əhatə edilib, bütün əsas göstəricilər əksini tapıb.
Fasilədən sonra parlamentdə hesabat ətrafında geniş müzakirələr davam etdirildi. Deputatlardan Sahib Alıyev, Astan Şahverdiyev, Tahir Kərimli, Tahir Mirkişili, Əli Hüseynli, Musa Quliyev, Zahid Oruc, Elman Nəsirov, Çingiz Qənizadə, Qənirə Paşayeva, Fuad Muradov, Nəsib Məhəməliyev, Kamilə Əliyeva çıxış edərək hökumətin fəaliyyətində insan amilinə xüsusi diqqət yetirildiyini vurğuladılar. Bildirildi ki, dünya birjalarında neftin qiymətinin kəskin aşağı düşməsi və dövlətlər arasında müşahidə olunan geosiyasi qarşıdurmalar beynəlxalq aləmdə durumun qeyri-stabil olmasına şərait yaradıb. Belə bir vaxtda ölkə iqtisadiyyatının inkişafının təmin edilməsi və əsas makroiqtisadi göstəricilər üzrə uğurlara nail olunması o qədər də asan deyildir. Şübhəsiz, əldə olunmuş nailiyyətlər təməli əvvəlki illərdə qoyulmuş maliyyə-iqtisadi potensialın və düşünülmüş iqtisadi siyasətin sayəsində baş tutub. Bu gün əsas məqsəd ölkədə mövcud olan ictimai-siyasi sabitliyin qorunması, iqtisadi inkişafın davam etdirilməsi, xalqın rifahının yüksəldilməsi və ölkənin ərazi bütövlüyünün bərpasıdır. Deputatlar Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə tezliklə bu məqsədə çatacağımızı dilə gətirdilər. Millət vəkilləri görülmüş işləri yüksək dəyərləndirdilər, eləcə də qeyd və təkliflərini hökumət üzvlərinin diqqətinə çatdırdılar.
Ətraflı müzakirələrdən sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı ildə fəaliyyətinə dair illik hesabatı səsə qoyuldu və nəzərə alındı.
Milli Məclisin
Mətbuat xidməti