HÜQUQ SİYASƏTİ VƏ DÖVLƏT QURUCULUĞU KOMİTƏSİNDƏ

Komitə iclasları
29 mart 2017 | 05:03   
Paylaşın:        
Martın 29-da Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirildi. Komitənin sədri Əli Hüseynli bildirdi ki, iclasın gündəliyinə 7 qanun layihəsi daxil edilib. Birinci 3 qanun layihəsi İnzibati Prosessual, Mülki Prosessual və Mülki məcəllələrə dəyişikliklər edilməsi barədədir və eyni zərfdə daxil olub. Ölkəmizdə Maliyyə Bazarlarına Nəzarət Palatasının fəaliyyətə başlaması bu dəyişikliklərin edilməsi zərurətini yaradıb.
Çıxış edən Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlı bildirdi ki, bütövlükdə bu dəyişikliklər ödəmə qabiliyyətini itirmiş və ya itirmək astanasında olan bankların problemlərinin həll edilməsi üçün hüquqi və administrativ çərçivəni müəyyən edəcəkdir. Dəyişikliklərdə bankların öhdəliklərinin könüllü restrukturizasiyası, resolyusiyası, sağlamlaşdırılması, ləğv edilməsi və digər məsələlər öz əksini tapmışdır. 
Çıxış edən deputatlar Tahir Kərimli, Qüdrət Həsənquliyev, Azay Quliyev, Rövşən Rzayev, Milli Məclis Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin müdir müavini Səyyad Kərimov və müvafiq qurumların nümayəndələri təklif olunan dəyişikliklər barədə  fikirlərini bildirdilər, qeyd və təkliflərini verdilər.
Müzakirələrdən sonra hər üç məcəlləyə təklif olunan dəyişikliklər Milli Məclisin plenar iclasına tövsiyə olundu.
Gündəlikdəki növbəti məsələ - Miqrasiya Məcəlləsinə təklif olunan dəyişiklik barədə Milli Məclis Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin sektor müdiri Eldar Əsgərov məlumat verdi. Bildirdi ki, məcəlləyə “Miqrasiya kartı” adlı 19-1-ci maddə əlavə olunur. Maddəyə əsasən ölkəmizə viza tələb olunmayan qaydada gələn əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər (bu Məcəllənin 19-1.2-ci maddəsində göstərilən şəxslər istisna olmaqla) miqrasiya kartını doldurmalı və ölkəmizin dövlət sərhədinin buraxılış məntəqəsindən keçərkən pasport və ya digər sərhədkeçmə sənədi ilə birgə təqdim etməlidirlər.
Qanun layihəsinin müzakirəsi zamanı bildirildi ki, bu dəyişiklik ölkəmizin təhlükəsizliyinə xidmət edir və sənəd Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olundu.
İclasda Cinayət Məcəlləsinə, Mülki Prosessual Məcəlləyə və Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında Qanuna təklif olunan dəyişikliklər də müzakirə olundu.
Bildirildi ki, Cinayət Məcəlləsində həyat və sağlamlıq əleyhinə, ədalət mühakiməsi əleyhinə və insan hüquq və azadlıqları əleyhinə olan bir sıra cinayətlərə görə müəyyən olunmuş cərimələr artırılır.         
   Mülki Prosessual Məcəlləyə isə “İnternet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması haqqında işlər üzrə icraat” adlı 40-5-ci fəsil əlavə olunur.
 Bundan başqa, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanuna “Publik hüquqi şəxsin dövlət qeydiyyatına alınması qaydası” adlı 8-1-ci maddə əlavə edilir.
Müzakirələrin sonunda hər üç qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olundu.
Bununla da Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası başa çatdı.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU