İQTİSADİ SİYASƏT, SƏNAYE VƏ SAHİBKARLIQ KOMİTƏSİNDƏ
Martın 30-da İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 7 məsələyə baxıldı.
Bank sektorunun real sektora təsirindən söz açan komitə sədri Ziyad Səmədzadə gündəlikdəki qanun layihələrinin bu sahəni tənzimləyəcəyini, Azərbaycanda bank sisteminin səmərəli formalaşmasına təsir göstərəcəyini qeyd etdi.
Sonra iclasda Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlı “Banklar haqqında” qanunda dəyişikliklər edilməsi barədə məlumat verdi, deputatları maraqlandıran məsələlərə aydınlıq gətirdi. Palata sədri xüsusilə qanunun 57-ci maddəsinə təklif olunan dəyişiklikləri geniş şərh etdi. Bildirdi ki, son illər ölkəmizdə fəaliyyət göstərən bankların qarşılaşdıqları problemlərin aradan qaldırılması, bankların sağlamlaşdırılması üçün qanunvericiliyin dəyişdirilməsi zərurəti meydana gəlib. Parlamentə zərf halında daxil olmuş qanun layihələrinə görə, İnzibati Prosessual, Mülki Prosessual və Mülki Məcəllələrdə də müvafiq dəyişikliklər ediləcək.
Müzakirələrdə deputatlar Mahir Abbaszadə, Vahid Əhmədov, İlham Əliyev, Xanhüseyn Kazımlı, Şəmsəddin Hacıyev aktual məsələləri ehtiva edən qanun layihələrinin qəbulunu məqsədəuyğun saydılar, təkliflərini diqqətə çatdırdılar.
Komitədə “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”, “Müflisləşmə və iflas haqqında” qanunlarda, həmçinin Mülki Məcəllədə dəyişikliklər edilməsi barədə qanun layihələri də müzakirə olundu.
Geniş fikir mübadiləsinin yekununda baxılan bütün məsələlər Milli Məclisin plenar iclasına tövsiyə edildi.
Milli Məclisin
Mətbuat xidməti