SƏHİYYƏ KOMİTƏSİNİN İCLASINDA

Komitə iclasları
30 mart 2017 | 07:03   
Paylaşın:        

Martın 30-da Milli Məclisin Səhiyyə komitəsinin iclası keçirildi. Komitə sədri Əhliman Əmiraslanov iclas iştirakçılarına gündəlikdəki məsələlər barədə məlumat verdi. Qeyd edildi ki, “Dərman vasitələri haqqında”, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” qanunlara edilən dəyişikliklər müzakirəyə təqdim olunub.
Əhliman Əmiraslanov bildirdi ki, dərman vasitələri ilə bağlı qanuna vaxtaşırı dəyişikliklər edilir və bu ictimai sifarişlə bağlı bir məsələdir.  Prezidentin göstərişi ilə dərman vasitələrinin keyfiyyətinin yaxşılaşdırılması, qiymətinin tənzimlənməsi sahəsində mühüm işlər görülüb. Nəzərdə tutulan dəyişiklik “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” qanuna uyğunlaşdırma məqsədi daşıyır.
Parlament Aparatının Sosial qanunvericilik şöbəsinin müdir müavini Mehdi Qurbanov “Dərman vasitələri haqqında” qanuna edilən  dəyişikliklərin mahiyyəti barədə danışdı. Diqqətə çatdırıldı ki, qanunun dərman vasitələrinin sertifikatlaşdırılması ilə bağlı 7.1-ci maddəsində olan “müvafiq icra hakimiyyəti orqanı” ifadəsi yeni variantda təqdim edilir. Dəyişikliyə görə, Azərbaycan Respublikasında istehsal olunan və ölkəyə idxal edilən dərman vasitələri qanunvericiliklə müəyyənləşdirilmiş qaydada müvafiq icra hakimiyyəti orqanının akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumu və ya akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən sertifikatlaşdırılır. Eyni zamanda, qanuna 7.1-1-ci maddə əlavə olunur. Əlavədə bildirilir ki, burada nəzərdə tutulan uyğunluğu qiymətləndirən qurumların akkreditasiyası “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” qanun ilə müəyyən olunmuş qaydada həyata keçirilir. Qanuna edilən digər dəyişiklikdə “dərman vasitələrinin keyfiyyət sertifikatı” anlayışında “keyfiyyət” sözünün çıxarılması nəzərdə tutulub.
Sonra komitə sədri digər iki qanuna təklif olunan dəyişikliklər barədə söhbət açdı. Bildirildi ki, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” qanuna edilən dəyişikliyə əsasən, burada göstərilən siyahının “İnsan orqanı və toxumaları” adlı 12-ci bəndinə “gözün buynuz qişası istisna olmaqla” sözləri əlavə edilir.  Müvafiq olaraq, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” qanuna yeni – “gözün buynuz qişası” maddəsi əlavə olunur.
Diqqətə çatdırıldı bu dəyişikliklərdən sonra gözün buynuz qişasının Azərbaycana gətirilməsi ilə bağlı yaranan çətinliklər aradan qaldırılacaq. Əhliman Əmiraslanov ölkəmizdə gözün buynuz qişası bankının yaradılmasının vacibliyi barədə danışdı.
İclasda çıxış edən komitənin sədr müavini Musa Quliyev, üzvləri Qənirə Paşayeva, Rafiq Məmmədhəsənov, İlham Məmmədov, Rəşad Mahmudov, Kəmaləddin Qafarov, Kamilə Əliyeva təklif edilən dəyişikliklərin zəruri olduğunu söylədilər.  Burada əks olunan məsələlərin insanların sağlamlığının qorunmasında mühüm əhəmiyyət kəsb etdiyini dedilər. Eyni zamanda, ölkədə transplantologiya sahəsinin inkişafında müsbət rol oynayacağını qeyd etdilər.
Tədbirdə iştirak edən Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru Elmar Qasımov və Dövlət Gömrük Komitəsinin şöbə müdiri Sənan Muxtarov müzakirə olunan məsələlər barədə öz fikirlərini açıqladılar.
Müzakirələrdən sonra hər üç qanun layihəsi Milli Məclisin plenar iclasında baxılmaq üçün tövsiyə edildi.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU