ƏMƏK VƏ SOSİAL SİYASƏT KOMİTƏSİNDƏ

Komitə iclasları
05 aprel 2017 | 01:04   
Paylaşın:        
Aprelin 4-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirildi. 
Komitənin sədri Hadi Rəcəbli bildirdi ki, gündəliyə “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” və “Turizm haqqında”  qanun layihələri daxil edilib. Hadi Rəcəbli diqqətə çatdırdı ki, Əmək Məcəlləsinin 65-ci maddəsinə əlavə edilən 5-1-ci hissədə korrupsiya ilə əlaqədar məlumat verən işçinin hüquqlarının qorunması nəzərdə tutulur. 
Təklif edilən əlavədə göstərilir ki, korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat vermiş işçi attestasiyadan keçirildikdə, idarə, müəssisə və ya təşkilatın korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatların verilməsi üçün müəyyən edilən müvafiq vəzifəli şəxsi və ya struktur bölməsinin nümayəndəsi attestasiya komissiyasının iclasında iştirak etməlidir. 
Bununla bağlı 187-ci maddəyə əlavə olunan 4-cü hissədə isə deyilir ki, idarə, müəssisə və ya təşkilatın korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat vermiş işçisi barəsində intizam tənbehi tətbiq edən idarə, müəssisə və ya təşkilat intizam tənbehinin qanunla müəyyən edilmiş hallardan irəli gəlməsini və korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumata aidiyyəti olmadığını əsaslandırmalıdır.
 Əmək Məcəlləsinə təklif olunan dəyişikliklər Milli Məclisin plenar iclasına tövsiyə olunduqdan sonra iclasda “Turizm haqqında”  qanun layihəsi birinci oxunuşda müzakirə olundu.
Komitənin sədri Hadi Rəcəbli bildirdi ki, indiyədək bu qanun layihəsi komitədə 4 dəfə müzakirə olunmuş, ötən dövrdə layihə üzərində xeyli iş aparılmış, sənəd əhəmiyyətli surətdə təkmilləşdirilmişdir.
Layihə barədə məlumat verən Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin Əmək qanunvericiliyi sektorunun müdiri Adil Vəliyev diqqətə çatdırdı ki, ilkin variantdan fərqli olaraq layihədən 88 maddə çıxarılaraq 70 maddə saxlanılmış və sənədin həcminin bir az da azaldılması nəzərdə tutulur. Adil Vəliyev layihə haqqında fəsil-fəsil məlumat verdikdən sonra müzakirələrə başlandı.
Çıxış edən deputatlar Rauf Əliyev, Jalə Əliyeva, Elmira Axundova, İlham Məmmədov, Araz Əlizadə, Yaqub Mahmudov, Rafiq Məmmədhəsənov və turizm şirkətlərinin nümayəndələri qanun layihəsinin vacibliyini və aktuallığını xüsusi qeyd etdilər. Bildirildi ki, ölkəmizə turist səfərlərinin artımının müşahidə edildiyi bir vaxtda bu qanun layihəsinin tezliklə qəbulu çox əhəmiyyətli olardı.
 İclasda iştirak edən mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov turizm sahəsinin inkişafı ilə bağlı Prezident İlham Əliyev tərəfindən həyata keçirilən islahatların və verilən tapşırıqların müsbət nəticələrinin olduğunu diqqətə çatdırdı. Qeyd etdi ki, bu tədbirlər nəticəsində keçən ildən etibarən turistlər intensiv şəkildə Azərbaycana gəlməyə başlayıb. 
Nazir müavini məlumat verdi ki, hazırda ölkəmizdə 554 hotel qeydiyyata alınıb, onlardan 130-u ulduz sertifikatı alıb. Qanun layihəsi bir fürsətdir ki, hansısa hotel standartlara cavab vermirsə, ulduzların sayını artıq göstərirsə, ona cərimə tətbiq olunsun.
N.Səmədov onu da bildirdi ki, Dövlət Turizm Reyestrinin yaradılması çox vacibdir. Çünki turizm sahəsində keyfiyyət və təhlükəsizlik reyestrlə bağlı olan məsələdir. 
Müzakirələrdən sonra layihənin daha da təkmilləşdirilməsi üçün Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adilə Abbasovanın rəhbərliyi ilə işçi qrup yaradıldı və sənəd birinci oxunuşda  Milli Məclisin plenar iclasına tövsiyə olundu.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU