MÜDAFİƏ, TƏHLÜKƏSİZLİK VƏ KORRUPSİYA İLƏ MÜBARİZƏ KOMİTƏSİNİN İCLASINDA

Komitə iclasları
05 aprel 2017 | 02:04   
Paylaşın:        

Aprelin 5-də Milli Məclisin Təhlükəsizlik, müdafiə və korrupsiya  ilə mübarizə komitəsinin iclası keçirildi. İclası açan parlament Sədrinin birinci  müavini, komitənin sədri Ziyafət Əsgərov gündəliyə daxil edilən  məsələlər  barəsində  məlumat verdi. 
Əvvəlcə komitə üzvləri “Vətəndaşların müraciətləri haqqında” qanuna dəyişiklik  edilməsi  barədə  qanun  layihəsini müzakirə etdilər.  Bildirildi ki,  aparılan  dəyişiklik  “Korrupsiyaya  qarşı mübarizə  haqqında” qanuna  dəyişikliklər  edilməsi  barədə 2016-cı il  14 oktyabr  tarixli 334-VQD nömrəli sənədə uyğunlaşdırmaq məqsədi daşıyır. Qeyd olundu ki,  layihənin əsas  mahiyyəti  korrupsiya  ilə əlaqədar  hüquqpozmalarla  bağlı məlumatların verilmə qaydaları və məlumat verən şəxsin dövlət  müdafiəsi  ilə bağlı normaların müəyyən  edilməsidir.
İclasda  “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə  Komissiyası haqqında” Əsasnamənin təsdiq edilməsi barədə qanuna  dəyişiklik  edilməsi  haqqında”  qanun layihəsinə baxıldı.  Sənədi  şərh  edən  Ziyafət  Əsgərov  bildirdi ki, qanun  layihəsinə bəzi texniki  düzəlişlərlə  yanaşı  yeni  7.11-ci  maddə əlavə  edilib. Qeyd  olundu ki, yeni  maddəyə  əsasən cinayət  yolu ilə əldə  edilmiş  pul  vəsaitlərinin və  digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə  qarşı mübarizə sahəsində qanunvericiliyin icra vəziyyəti  müəyyənləşdiriləcək. 
Sonra  “Cinayət  yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanuna dəyişiklik edilməsi barədə” qanun  layihəsi müzakirə  edildi. Birinci  vitse-spiker  bildirdi ki,  müzakirə  edilən  sənədlər  mahiyyət  baxımından  bir-birləri ilə bənzərlik  daşıyırlar.  Bu  sənədə  edilən  dəyişikliklər  də  korrupsiya  ilə  mübarizənin  gücləndirilməsi  və  bu  sahədə effektivliyinin  artırılması  məqsədi  daşıyır. Belə ki, cinayət  yolu ilə  əldə  edilmiş sərvətin, qeyri-leqal  qazanılmış  var-dövlətin sahiblərinə xəbərdarlıq edilmədən  aktivləri  dondurulacaq. 
Müzakirələrdən sonra təqdim olunan sənədlərin Milli Məclisin plenar  iclasının  tövsiyə  edilməsinə qərar  verildi.

 

Milli Məclisin
Mətbuat  xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU