MƏDƏNİYYƏT KOMİTƏSİNİN İCLASINDA
Aprelin 5-də Milli Məclisin Mədəniyyət komitəsinin iclası keçirildi. Komitə sədri Rafael Hüseynov iclası açaraq ilk növbədə AŞPA-nın bu günlərdə keçirilmiş komitə iclasında iştirak etdiyini diqqətə çatdırdı və burada aparılan müzakirələr barədə söhbət açdı. Bildirildi ki, tədbirdə mədəni irsin qorunması, məhv edilməsinin qarşısının alınması ilə bağlı məruzə təqdim edildi. Məruzədə bununla əlaqədar müxtəlif ölkələrdə mövcud durum barədə danışıldı. Rafael Hüseynov təəssüf hissi ilə qeyd etdi ki, sənəddə Azərbaycanla bağlı məlumat verilmədi. Komitə sədri diqqətə çatdırdı ki, müzakirələr zamanı çıxış edərək toplantı iştirakçılarına ölkəmizin mədəni irsi, işğal altında olan milli-mədəni sərvətlərimizin acınacaqlı vəziyyəti barədə məlumat verib.
İclasda İctimai televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizədlikləri irəli sürülmüş şəxslərin təyin edilməsi məsələsinə baxıldı. Komitə sədri bildirdi ki, Yayım Şurasının üzvlüyünə Mətbuat Şurası, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən Azər Həsrət, Yadigar Məmmədli, Muxtar İmanov, Həsən Cəfərov və Əli Cəfərovun adları təqdim edilib. O, namizədlərin iş təcrübəsi, ictimai-siyasi fəaliyyəti barədə məlumat verdi.
Deputatlar Fəzail İbrahimli, Gövhər Baxşəliyeva, Əflatun Amaşov namizədlər barədə fikirlərini söylədilər, onların fəaliyyətini müsbət dəyərləndirdilər. Komitə üzvləri təqdim olunan şəxslərin namizədliklərini dəstəklədilər.
Sonra “Kabel şəbəkəsi yayımı haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarıldı. Diqqətə çatdırıldı ki, qanun 4 fəsil 17 maddədən ibarətdir. Sənəd kabel televiziyası şəbəkəsi yayımının hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir. Qanunun məqsədi ölkə ərazisində kabel şəbəkəsi yayımının həyata keçirilməsinə şərait yaratmaq, bu xidmətdən istifadə edən abonentlərin və bu fəaliyyətlə məşğul olan şəxslərin maraqlarını müdafiə etmək, bu sahənin inkişafı üçün əlverişli mühit formalaşdırmaqdan ibarətdir. Layihədə kabel şəbəkəsi yayımı sahəsində dövlətin vəzifələri, yayımın lisenziyalaşdırılması, yayımçının fəaliyyəti, xidmətləri, hüquq və vəzifələri və digər məsələlər öz əksini tapıb.
İclasda iştirak edən Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli çıxışında bildirdi ki, bu gün tamaşaçı istənilən xarici kanalları izləyə bilir. Hazırda Azərbaycanda kabel şəbəkəsi xeyli inkişaf edib. Ölkəmizdə 17 kabel və 15 İP şəbəkəsi fəaliyyət göstərir. Kabel şəbəkəsi yayımı ilə məşğul olan hər bir şəxs dövlət və milli maraqları nəzərə almalıdır.
Komitə üzvləri Elmira Axundova, Jalə Əliyeva qanun layihəsinin əhəmiyyəti barədə danışdılar, bir sıra təkliflər irəli sürdülər.
Müzakirələrdən sonra “Kabel şəbəkəsi yayımı haqqında” qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olundu.
Milli Məclisin
Mətbuat xidməti