ELM VƏ TƏHSİL KOMİTƏSİNDƏ
Aprelin 6-da Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirildi. İclasda “Məktəbəqədər təhsil haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirə olundu.
Komitə sədri İsa Həbibbəyli bildirdi ki, layihə hazırlanarkən bir sıra ölkələrin təcrübəsi öyrənilib, eyni zamanda milli və dövlət maraqları nəzərə alınıb. Qanun layihəsi ilə bağlı Təhsil, Maliyyə, Ədliyyə nazirlikləri, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən müsbət rəy verilib. Bu sahənin ekspertləri öz fikirlərini bildiriblər.
Diqqətə çatdırıldı ki, birinci və ikinci oxunuşlarda deputatlar və mütəxəssislərin səsləndirdikləri bir sıra təkliflər sənədin son variantında öz əksini tapıb.
Qeyd edildi ki, ölkə ərazisində məktəbəqədər təhsil müəssisələrinin yaradılması ilə bağlı dövlət proqramları həyata keçirilir. Həmin müəssisələrdə məktəbəqədər təhsil ixtisasi alan şəxslərlə yanaşı, ali pedaqoji təhsilli kadrların təyin olunması da məqsədəuyğundur. Bu müəssisələrin beş ildən bir akkreditasiyası, işçilərinin attestasiyadan keçirilməsi məsələləri qanunda ehtiva olunub. Layihəyə əsasən 5 yaş məhdudiyyəti aradan qaldırılıb. Ölkədə fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində tədris dili dövlət dili – Azərbaycan dilidir. Uşaqlara ana dilini öyrətmək və bu dildə ünsiyyət bacarıqlarını inkişaf etdirmək şərti ilə təhsil digər dillərdə də aparıla bilər.
Digər vacib məsələlərdən biri də məktəbəqədər təhsil müəssisənin təsis edilməsi ilə bağlıdır. Qanuna görə, bu təhsil müəssisələrinin təsisçisi dövlət, bələdiyyələr, Azərbaycanın hüquqi və fiziki şəxsləri ola bilərlər. Bu, uşaqların milli ruhda təlim-tərbiyə alması üçün xüsusi əhəmiyyət kəsb edir. Həmin müəssisələrə rəhbər təyin olunan şəxslər ali pedaqoji təhsilli olmalıdırlar.
Qanunda bildirilir ki, məktəbəqədər təhsil müəssisəsi əlavə gəlir əldə etmək məqsədi ilə öz profilinə uyğun sahibkarlıq fəaliyyəti növləri ilə məşğul ola bilər. Bu fəaliyyətin həyata keçirilməsi üçün yerli və xarici investisiyaların cəlb edilməsinə dövlət tərəfindən əlverişli şərait yaradılır.
İclasda məktəbəqədər təhsil müəssisələrində psixoloq, loqoped və defektoloqların fəaliyyəti ilə bağlı qaydalar, beynəlxalq əməkdaşlıq və digər məsələlərə aydınlıq gətirildi.
Müzakirələrdə çıxış edən parlamentin Ailə qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı, deputatlar Bəxtiyar Əliyev, Asim Mollazadə, Şəmsəddin Hacıyev, Sona Əliyeva, Kamilə Əliyeva məktəbəqədər təhsilə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan, uşaqların vətənpərvər ruhda böyüməsi üçün ölkədə həyata keçirilən proqramlardan danışdılar. Millət vəkilləri məktəbəqədər təhsilin inkişafı istiqamətdə dövlət siyasətinin prinsiplərinin əks olunduğu yeni qanun layihəsinin mükəmməl hazırlandığını bildirdilər və sənədi Milli Məclisin plenar iclasına tövsiyə etdilər.
Milli Məclisin
Mətbuat xidməti